Modern.az

Talışlar Bakıda toplantı keçirdi

Talışlar Bakıda toplantı keçirdi

Aktual

20 May 2013, 15:18

Azəri – Talış İctimai Birliyinin təşkilatçılığı ilə Bakının şadlıq saraylarının birində “TALIŞ RUHU” adlı musiqili ədəbi məclis keçirilib. Şadlıq sarayının müdiriyyəti üzərində Talış və Azərbaycan dillərində “TOLIŞİ RUH – musiqi, ədəbi məclis” yazılmış və tədbirin ruhunu özündə əks etdirən baner-plakatı asmağa icazə verməyib.

Azəri – Talış İctimai Birliyinin rəhbərliyi çarəsizlikdən tədbiri adıçəkilən plakatsız keçirməyə məcbur olublar.

Üç saat yarım davam edən “TALIŞ RUHU” musiqili ədəbi - bədii məclisdə Talış və Azərbaycan dillərində poeziya nümunələri, müsiqilər səsləndirilib, klassik xalq mahnıları oxunub.

Məclisdə istedadlı muğam ustaları Firudin Ağayev, Kamran Fərziyev, İmran Ağayev, Azərbaycan Milli Konservatoriyasının baş müəllimi Qəzənfər Abbasov və onun tələbələri Talış və Azərbaycan dillərində muğamlar ifa edib.

“TALIŞ RUHU” musiqili ədəbi məclisində Azərbaycan Ziyalılar Birliyinin sədri Eldəniz Quliyev və tanınmış hüquqşünas Aslan İsmayılov da çıxış edib.

Məclisdə Lənkərandan gəlmiş qonaqlar Talış dili və mədəniyyətinin inkişafına mane olan problemlərdən söhbət açıblar.

Daha sonra tədbir iştirakçıları Talış xalqının qəhrəman övladları - Zərdüşt, Atropat, Babək, Mirhəsən xan, Mirzəkuçuk xan, Dədə xan, Zülfüqar Əhmədzadə, Böyükağa Mirsalayev, Həzi Aslanov və Novruzəli Məmmədov kimi görkəmli şəxsiyyətlərin xatirəsini yad ediblər.

Məclisin sonunda Azəri – Talış Birliyinin rəhbərləri, Mehdibəy Səfərov qonaqlara öz dərin təşəkkürlərini bildirib.

Dahi Üzeyir Hacıbəyovun “Koroğlu” üverturasının sədaları altında məclis başa çatıb.


Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı