2009-cu ilin dekabr ayı ərzində təkrar bazar üzrə bağlanan əqdlərin dinamikasında ötən ayla müqayisədə azalma qeydə alınıb (-0.6%). «Əmlak Bazarı İştirakçıları» İctimai Birliyindən Modern.az-a verilən məlumata görə, ay ərzində ümumi təklif portfelində köhnə mənzillərin payı ötən aya nisbətən artıb. Təklifin artımı ilə paralel mənzillərin qiymət dinamikası azalma ilə yadda qalıb. Araşdırmalar göstərir ki, təklif üzrə artım ümumi təklif portfelində yeni tikililərinin payının (59.2%) artmasına təsir göstərib. Təkrar bazardakı yeni tikililərin sayı ötən ayla müqayisədə (3.5%) artıb.
Bazarda təklifin (2.8%) artması ilə yanaşı, orta qiymət də 3.7% azalıb. İpoteka kreditləşməsinin təsiri nəticəsində əmlakın bu növü üzrə likvid dəyər sabit qalsa da, risk dərəcəsi hələ də yüksək olaraq qalıb.
Dekabr ayında aktivlik əmsalına görə ən cəlbedici rayonlar ötən ay olduğu kimi Xətai, Nərimanov və Yasamal rayonları olub. Bu rayonların ən vacib cəhəti ipoteka üçün daha səmərəli olmasıdır.
Aparılan araşdırmalara əsasən dekabrda təklif 2.8% artıb və nəticədə bazara satış üçün təklif olunan mənzillərin sayı 7000-i ötüb.
Yasamal, Nəsimi, Nərimanov və Xətai rayonlarının təklif portfelindək payı mütləq çoxluq təşkil edib və bu 4 rayonun ümumi təklif portfelindəki payı birlikdə 79,0%-ə bərabərdir.
Dekabr ayında qiymət indeksində 8.5 bənd azalma müşahidə edilib. Orta qiymət 3.7% azalaraq ötən ay qeydə alınıb 1231 $/kv.m-dən 1186 $/kv.m-ə enib və 2007-ci ilin fevral ayında qeydə alınan nəticədən aşağı enib.
Ay ərzində heç bir rayonda qiymət artımı qeydə alınmayıb. Ən çox qiymət azalması Yasamal rayonunda (4.1%) qeydə alınıb.
Bazarda mənzillərin 1 kv.m-nin orta qiymətindən (1186 ABŞ dolları) aşağı olan mənzillər ümumi portfeldə daha çox paya, yəni 58,2%-ə malikdir. Mənzillərin orta otaq göstəricisi 2,5, hər otağın orta satış qiyməti 46721 ABŞ dolları, mənzilin orta qiyməti isə 112650 ABŞ dolları təşkil edib.