Modern.az

Sahibsiz köpək və dəfn edilmiş uşaqlığım...

Sahibsiz köpək və dəfn edilmiş uşaqlığım...

Ölkə

6 Mart 2014, 10:55

1992-cü ilin yayı idi. Ağdamda vəziyyət gərgin idi. Hər gün güllə səsi, başımızın üzərindən uçuşan “qradlar”la artıq  “dost” olmuşduq, qorxmurduq. Hələ arada bir həyətə çıxıb sayırdıq da. Sonra o “qrad” oxuduğum orta məktəbə düşdü. Onsuz da oxuduğum  3 saylı Ağdam orta məktəbin ləqəbi “yetim 3 nomrəli” idi. O “qraddan” sonra lap yetim qaldı. Çünkü məktəbimiz bağlandı. Bizə dedilər ki, ya yaxın rayonlara gedin, ya da rayonun güllədən bir az kənar qalan kəndlərinə.

Bu bizim 9 il bərabər oxudugumuz sinif yoldaşlarımızdan ilk ayrılığımız idi. Doğru dürüst vidalaşa da bilmədik. Məktəbimiz dağılan günü sinif yoldaşlarımdan birin evinə də “qrad” düşdü. Sinifimizin ən gülən, oxumayan ama ara qarışdıran şagirdi Qaməddini də o gün itirdik. O gün mənim uşaqlığım, böyümək ümüdüm də öldü. Bağçaya bir yerdə getdiyim, orta məktəbdə oxuduğum, uşaqlığımın xatirəsi bir ermənin atdığı güllənin qurbanı oldu. Məktəbimlə bərabər onu da dəfn etdik o gün...

O gün Ağdamdakı uşaqlığımı, arzularımın son zəngini çalıb çıxırdıq. Daha doğrusu bizi başqa bir rayona Qubadlıya oxumağa apardılar. Əli papağını Vəlinin başına qoyduq əslində. Gedərkən məhəlləmizdə sahibsiz qalmış, anası dağılan evin altında qalıb ölmüş balaca küçüyü də özümüzlə apardıq. Onu yetimlikdən, sahibsizlikdən xilas etdik. Həyatımızın yeni dönəmi başladı. Bir müharibə şəhərindən qaçıb başqasına sığınmışdıq. Orda da güllə səsləri altında oxuyur, arada vəziyyət gərgin olanda məktəbə getmirdik. Müharibənin acısını içımizə sindirmişdik. Amma nədə olsa yurd həsrəti başlamışdı, doğulub böyüdüyüm yurdumdan gedib anamın yurduna sığınsaq da, içimizdəki tək təsəlli tətildə evimizə getmək olacaqdı. Bir də o sahibsiz köpək...

Ona baxanda məhəlləmizin güllələnmiş divarların, Qaməddinin başına uçmuş evini xatırlayırdım. İnsanın bir kiçik köpəklə təsəlli tapacağı acı hisdir əslində. Bir gün babamın ailəsindən biri o köpəyi acılamışdı. Möcüzə kimi idi. O da küsərək evi tərk etmişdi. O gün ailədə sanki böyük itki baş vermişdi. Hətta dayımın həyat yoldaşı ağlaya-ağlaya neçə gün məhəllədə onu axtardı. Nəhayət bir gün kiçik, çarəsiz köpək, qapının ağzında boynun bükmüşdü. Geri gəlişi ilə hər kəsi sevindirdi. Evdəkilərin vicdanı rahatladı. O gün evdə eşitdiyim bir söz hələdə qulaqlarımdan getmir. “Yazıq it, ordan bura pənah gətirib. Heyvan olanda nə olar,  onu incitmək olmaz”.

Cəmi bir il sonra Ağdam işgal olundu, bizə tətili Ağdama getmək qismət olmadı. Ardınca isə pənah gətirdiyimiz Qubadlı işgal edildi... Bakıda həm Qubadlıdan, həm də Ağdamdan olan məcburi köçkünlər boynumuzu büküb xəbərlərə baxırdıq. Ümid edirdik ki, rayonlar əsgərlərimiz tərəfindən geri alındı xəbərini eşidəcəyik. Bu ümüd olaraq qaldı. Xəbərlərə baxan babam ağlayırdı. Dedi, “evimə, eşiyimə, torpağıma yanıram... Amma özümü bir şeyə görə bağışlamıram. Ağdamdan Qubadlıya gətirdiyiniz o köpəyi özümüzlə Bakıya götürə bilmədim. Geri dönəcəyimizi sanıb qapını da bağladım, yazıq köpək damında qaldı. İndi ermənilər o Azərbaycan köpəyidir deyə, onu güllələyəcək”.
70 yaşlı babamın gözlərindən ağappaq saqqalına süzülən yaşı unutmuram... O gün Ağdamda öldüdrüyüm uşaqlıgım kimi, Bakıda məcburi həyat keçirəcəyim gəncliyimi də öldürdüm. Babam kimi yaşlandım... Babam ermənilərin Azərbaycan köpəyidir deyə, güllələyəcəyi o heyvanın ölümünü qəbul edə bilmirdi. Ondan sonra da çox yaşamadı. Torpaq deyə-deyə köçdü bu dünyadan... Amma biz 22 ildir ki, 7 rayonda öldürülən mənliyimizin dərdini çəkə bilmirik. Arsızlaşmışıq yaqin...

İndi mən Qarabağa çox uzaq Türkiyədə bomba düşən “yetim 3 nömrəliyə, uşaqlığımı öldürən Qaməddinə, Qubadlıda qalan köpəyimizə, torpağının dərdini çəkərək ölən 30 il rayona rəhbərlik etmiş babama aglayıram. Müharibənin məndən aldıqlarını kimdən geri istəyəcəyimi isə bilmirəm. Çünki kimdən sorusursan 22 ildir ki, günahkar axtarır.  Günahkar nə vaxt tapılsa, yaqin ki, o zaman bizim ölmüş arzularımız xortlayacaq...

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı