Modern.az

Paşaların yolu ilə...

Paşaların yolu ilə...

Ölkə

9 Aprel 2015, 09:46

Ənvər Paşanın nəvəsi Bakıda necə qarşılandı?

Ötən həftə Azərbaycan gündəmini müsbət mənada zənginləşdirən bir hadisə yaşandı. 1918-ci ildə qardaşı Nuru Paşanı Qafqaz İslam Ordusuna komandan təyin edərək Azərbaycana göndərən əfsanəvi Ənvər Paşanın nəvəsi Osman Mayatepek Bakıya gəldi.

 Adətən Azərbaycanda Nuru Paşa daha çox tanınır, daha çox xatırlanır. 1918-ci ilin martından erməni daşnaklarının bütün Azərbaycan ərazisində başlatdığı qırğınlar böyük insan itkisi ilə nəticələnirdi. Hədəf bu coğrafiyada müsəlman-türk əhalisini tamamilə məhv etmək və "Böyük Ermənistan" ideyasını gerçəkdirmək idi. Belə bir şəraitdə Qafqaz İslam Ordusu Tanrının Azərbaycana, Azərbaycan xalqına yetirdiyi bir qurtarıcı oldu.

Nuru Paşa komutanlığında Azərbaycana daxil olan türk ordusu yerli döyüşçülər və sonradan göndərilən qüvvə hesabına Qafqaz İslam Ordusu adı ilə zəfər yürüşünü ta Bakıyadək davam etdirdi. 1918-ci il sentyabrın 15-də Bakı və bütün Azərbaycan erməni-rus tör-töküntülərindən azad edildi. Xalq Cümhuriyyətinin paytaxtı Gəncədən Bakıya köçürülüdü.

  Məhz bu tarixi qələbəyə görə Azərbaycan xalqı müzəffər ordunun xidmətlərini hər zaman əziz tutdu. Totalitar sovet dövründə belə Azərbaycan xalqı Nuru Paşa əsgərlərinin rayonlarda olan məzarlarını min bir əziyyətlə qoruyub saxladı.

 
Nuru Paşanı bir xilaskar kimi görürdük. Amma nəzərə almaq lazımdır ki, Nuru Paşanı rütbələndirərək Azərbaycana göndərən bir insan var - Osmanlı İmperatorluğunun müdafiə naziri Ənvər Paşa (Ənvər Paşa sonradan əmisi Xəlil Paşanı da Nuru Paşaya köməyə göndərmişdi).

Bu baxımdan, Nuru Paşa ona tapşırılan missiyanı qalibiyyətlə sona çatdırsa da, əsl qurtarıcı məhz onun arxasındakı əsas güc Ənvər Paşadır.

 Ötən həftə Ənvər Paşanın nəvəsi - qızı Türkan xanımın oğlu Osman Mayatepek Bakıda 3 günlük səfərdə oldu. Bu səfərdə Osman bəyi bütün görüşlərində müşayiət etmək mənə nəsib oldu. Osman bəy Prezident Administrasiyasında, Milli Məclisdə qəbul edildi, ictimaiyyət nümayəndələri ilə görüşdü.

 Keçirdiyimiz görüşlərdə, birlikdə çıxdığımız televiziya proqramlarında Ənvər Paşanın bioloji davamçısına əsl xalq sevgisinin şahidi oldum. Osman bəy də çıxışlarında bu münasibətdən heyrətə gəldiyini, Ənvər və Nuru paşaları Azərbaycanda Türkiyədən daha çox tanıdıqlarını və sevdiklərini dilə gətirdi.

  Ən yaddaqalan və duyğulu anlar yaşadığımız məqam isə Bakıdakı Türk Şəhidliyinin ziyarəti zamanı oldu. Babalarının göndərdiyi əsgərlərin Bakı uğrunda şəhid olmuş Ənvər Paşa əsgərlərinin adlarını oxuyarkən Osman bəyin keçirdiyi hissləri sadəcə görmək lazım idi.

 Osman Mayatepek ilk dəfə idi Azərbaycana gəlirdi. Məncə, bu səfər və keçirilən görüşlər xalqımızın Ənvər və Nuru Paşaya bir vəfa borcu oldu.
Osman Mayatepeki Azərbaycandan ilk arayıb-axtaran Parlament Jurnalistləri Birliyinin sədri Elşad Eyvazlı olub. Məxsusi Osman bəy üçün Türkiyəyə gedib ondan geniş müsahibə götürdü və Ənvər Paşa yadigarını Azərbaycana tanıtdı. Həmçinin bu səfərin təşkilində də xüsusi səy göstərdi.
Bunun üçün səfərin baş tutmasında əməyi keçən Elşad bəyə, həmçinin səfərin reallaşmasına dəstək verən Milli Məclisin deputatı, Mətbuat Şurası Beynəlxalq Əlaqələr Komissiyasının sədri Cavanşır Feyziyevə buradan bir daha təşəkkürümü çatdırıram...

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı