Modern.az

Oduvaa taksi, min get!

Oduvaa taksi, min get!

Ölkə

12 Oktyabr 2010, 17:57

Əvvəllər, sovet dövründə Bakı şəhərində taksiləri barmaqla saymaq olardı. Bir yerə getmək üçün lazım gələndə taksini ya telefonla sifariş verirdin, yada ki, yarım saat tez çıxıb küçədə gözləyirdin. Özü də hər deyilən yerə o dəqiqə aparmırdılar. Müəyyən yerlərə, xeyli yalvar-yapışdan sonra  iki qat qiymətinə getmək olurdu.

İndi, Allaha şükür, daha belə problemlər yoxdur! Lakin, əvəzində başqa  problemlər ortaya çıxıb. Bu gün, hara baxırıq, hara çönürük taksi görürük. Yol kənarlarında, avtobus dayanacaqlarında, piyada səkilərində, metroların, ticarət obyektlərinin, yaşayış binalarının qarşısında, bir sözlə hər addım başında taksilər dayanıb. Artıq bu gün kiməsə uzaqda bir taksi göstərib, məşhur kinodakı kimi “Oduva taksi, min get!” ifadəsini deməyə ehtiyac qalmayıb. Onun yerinə adamın qulağının dibində “buduva taksi, min aparım!” deyirlər.

Taksi sürücülərinə deyəndə ki, maşını bir az kənarda saxlayın, deyirlər ki, – bəs klienti nə cür tutaq?
İndi heç kimin iki-üç addım atıb kənarda maşın axtarmağa həvəsi yoxdur. Müştərilər ərindiklərindən, elə qabağına çıxan ilk taksiyə əyləşib getməyə üstünlük verirlər. Son vaxtlar isə bəzi “uzaqgörən” taksi sürücüləri daha “orjinal” ideyalar fikirləşib tapırlar.
Belə ki, Bakıda tikilən hər yeni gedişli-gəlişli obyektin açılışına az qalmış görürsən ki, sürücülər artıq həmin yerin ətrafına öz maşınları üçün əlverişli mövqe müəyyənləşdirirlər. Necə deyərlər, məscid açılmamış kor əsasın dirədi. Obyekt istifadəyə veriləndən sonra isə təbii ki, onun yanında maşın əlindən nə rahat tərpənmək olur, nədəki nəfəs almaq. Özü də  bir taksi müştəri tapıb öz mövqeyindən çıxan kimi dərhal digəri onun yerinə keçir və beləliklə “əlverişli pozisiya” bir an belə boş qalmır.
Hələ ictimai yerlərdə darısqallıq yaratmaqlarına baxmayaraq, bəzi taksi sürücüləri üstəlik maşınlarının qapılarını da taybatay açıq qoyurlar. Bu da piyadalar üçün əlavə mane yaradır. Çox vaxt isə yaxınlıqdan kişi, qadın keçməsinə məhəl qoymayan sürücülər ayaqqabılarını, köynəyini çıxardıb maşının içində uzanıb dincəlir, kimisi ucadan musiqi qoyub feyzyab olur, başqası da  qolunu-qıçını çırmalayıb camaatın içində maşınını yuyur. Bütün bunlar isə hər səhər işə gedən, axşam işdən qayıdan, ümumiyyətlə yola çıxan piyadaların ovqatına çox pis təsir edir və vətəndaşların çoxu bu cür halları hörmətsizlik kimi qiymətləndirirlər. Camaat deyir ki, adam bilmir taksi əlindən öz yolunu necə getsin?  Ya gərək onların arasından sürülə-sürtülə keçəsən, ya çıxıb nəqliyyat yolunun ortası ilə addımlayasan, ya da pulunu verib elə taksi ilə gedəsən. Axırıncı variant taksiçilərin lap ürəyindəndir.

İndi Bakıya xeyli yeni taksi də gətirilib. Köhnələrin taleyi necə olacaq, hələ tam aydın deyil. Əgər ciddi tədbir görülməsə, təbii ki, şəhərimizdə taksi sıxlığı daha da artacaq. Ona görə də paytaxtda taksi fəaliyyətini nizamlayan bir optimal yol mütləq tapılmalıdır. Ən əsası taksilər üçün xüsusi dayanacaqların yaradılması işi daha da sürətləndirilməlidir. Zənnimcə, qurulacaq taksi parklarının yaxın olduğu gedişli-gəlişli yerlərdə taksi çağırmaq üçün xüsusi kompüter-avtomat qurğuları quraşdırmaq çox məqsədəuyğun olar. Belə ki, metrodan və ya  yarmarkadan çıxan adama taksi lazımdırsa, yaxınlaşıb həmin avtomatın “sifariş” düyməsini basır və operatordan taksi xahiş edir. Operator tez həmin yerə yaxın boş taksi varsa, ona xəbər edir, ya da elə parkdan ora maşın göndərir. İki-üç dəqiqəyə məsələ həll olunur və sifariş verən şəxs gələn taksiyə minib rahatca öz yolunu gedir.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı