Modern.az

Kərbəlanın «İntiqamı»

Kərbəlanın «İntiqamı»

Ölkə

16 Oktyabr 2010, 11:44

Sübh namazından sonra balkona çıxıb sərin hava almaq istədim. Göydə sayrışan ulduzların biri qəfildən sanki süzməyə başladı. Böyüklərdən eşitmişdim ki, ulduz süzəndə kimsə dünyasını dəyişir. Bu hadisəni deyirlər hər kəs görmür. Görən kəsin yaxını, yaxud tanıdığı bir şəxs bu dünyadan gedir. Bütün gün ərzində səksəkəli gəzdim. Kiminsə ölüm xəbərini eşidəcəyimdən ehtiyatlanırdım.

Axşama yaxın telefonuma zəngi gəldi. Ekranda «Hacı Əlizaman» yazıldı. Tez-tez zəngləşdiyim insanın yenə də də hal-əhval tutmaq üçün  zməni aradığını düşünərək telefonu açdım.

- Salamaleykum hacı. Necəsən?

- Aleykumsalam.

Hacının səsindəki hüzn bir anlıq məni səhərdən gözlədiyim xəbərin gələcəyi hissini yenidən oyatdı. “Yəqin ki, kimsə vəfat edib” deyə düşündüm.

- İntiqam şəhid oldu. Kərbəlada.

Bir anlıq dərk edə bilmədim. Beynimdə İntiqam və Kərbəla sözləri dolaşdı. Ağlıma ilk gələn fikirdən dəhşət məni bürüdü.

- Hacı bizim İntiqam?
İnanmaq istəmirdim.

Xəttin o başından “bəli” sözünü eşidəndə telefonla danışmağa taqətim qalmadı. Bir anlıq yerimdə donub qaldım. Bəlkə də həyatımda heç vaxt «yox» kəlməsini eşitməyi belə arzulamamışdım.

Gözlərimin önündə İntiqamın surəti canlandı. Arıq, bəstəboy, iri gözlər, gülərüz sima, dağınıq saçlar. Qulağımda səsi də cingildədi. Həmişə asta danışan, amma hirslənəndə çılğın olan İntiqam gəldi durdu gözlərimin önündə.

İki gün öncə qaynım zəng vurub dedi ki, “Kərbəlaya getmək istəyirəm, bax gör çıxan varmı yaxın vaxtda”.
Onda ağlıma birinci İntiqam gəldi. Həm bir müddət idi ki, görüşmürdük, həm də onun Kərbəlaya yaxın vaxtlarda zəvvar aparacağını bilirdim. Telefonun yaddaşındakı nömrəni yığdım. Zəng çatdı. Öz-özümə düşündüm ki, nə yaxşı oldu getməyib.

- Salam Kərbəlayi necəsən?

- Çox sağ olun.

- İntiqam Kərbəlaya nə vaxt çıxırsan inşallah?

- İntiqam deyil atasıdır.

Yadımdadır, bir neçə dəfə evlərinə zəng edəndə atası telefonu götürmüş, mən də çaşıb elə bilmişdim ki, İntiqamın özüdür. Səsləri bir-birinə çox oxşayır. Hətta bir dəfə dedim ki, ay İntiqam atanın yaman cavan səsi var ee. Gülə-gülə dedi ki, “elə özü də cavandır”.

- Bəs İntiqam hardadır?

- Kərbəlaya çıxıb. İnşallah gəlməlidir gələn həftə. Sonra Məşhədə gecədəklər. Adam olsa xəbər elə.

Xüdahafizləşdim. Ürəyimdə düşündüm ki, kaş bir neçə gün əvvəl zəng edərdim. Amma...

İraqda baş verən növbəti partlayışın qurbanı İntiqam Rüstəmov oldu. Bəs kimdir müqəssir? İntiqammı, yoxsa zavallı iraqlılarmı? Bəlkə silah axtarmağı bəhanə edib İraq kimi möhtəşəm dövləti viranə qoyanlar?
Bir gün sizlərdən intiqam alınacaq. Mütləq alınacaq. İntiqamın intiqamı da.       

Dost sözü:
Allah sənə rəhmət etsin İntiqam. Allah şəhadətini qəbul etsin. Hüseyn (ə) zəvvarlarına xidmətçi oldun. Qiyamət günü Hüseyn (ə) ilə məşhur olasan.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı