Modern.az

AzTV sərgüzəştləri - 3

AzTV sərgüzəştləri - 3

İqtisadiyyat

8 İyun 2013, 10:25

Modern.az saytı vaxtilə Azərbaycan Televiziyasında çalışmış jurnalist Mahir Qabiloğlunun “AzTV sərgüzəştləri” adlı silsilə yazılarının təqdimatını davam etdirir.  Bu yazılar “AzTV-nin mətbəxi”ndə baş vermiş və əksəriyyətimizin bilmədiyi gerçək, maraqlı hadisələrin təsviridir. Beləliklə,

AzTV-1-DƏ YOX, BİRİNCİ KANALDA

Günlərin bir günü qocaman operator Muxtar dayı və müxbir rayonlardan birinə çəkilişə gediblərmiş. İcra başçısının müavini onları qarşılayır. İçəri dəvət edir. Hava isti olduğundan Muxtar dayı stolun üstündəki su butulkasını götürüb açmaq istəyəndə “sortu bilinməyən podxolim” müavin tez suyu alır onun əlindən ki, bəs “icra başçısı gəlməyib. Stolun səliqəsini pozma”.

Muxtar dayı dinmir. Tər tökə-tökə çəkilişi aparır. Tədbirdən sonra İcra aparatının üzvləri, qonaqları süfrə açılmış otağa girirlər. Muxtar dayı da müxbirlə ora daxil olmaq istəyəndə müavin yenə də mane olur. “Çəkilişi qurtardız da... Gəlin Sizi yola salım”. Müavin bir-iki dənə də bu cür hörmətsiz hərəkətləriylə yadda qalır.

Nəsə gəlirlər maşının yanına. Hörmətsiz hərəkətləri və yaltaqlığı ilə Muxtar dayını boğaza yığan müavin ayrılanda hələ həyasız-həyasız soruşur:

-  Muxtar dayı, bu çəkilişə hansı kanalda baxacağıq?

- 1-ci kanalda!

-  AzTV-1-də?

Muxtar dayı da başını aşağı salıb, əlini qurşaqdan aşağı uzadaraq:

- AzTV-1-də yox... Birinci kanalda, bala. Birinci kanalda...

BU HƏLƏ İŞLƏYİR?

Həmkarım və dostum Akif Məcidoğlu bir müxbir və insan kimi çox istiqanlıdır. Çəkilişdə vəziyyəti əlinə almağı, öz tərəfinə çevirməyi məharətlə bacarır. “Xəbərlər”də çoxdan işlədiyindən onu hamı tanıyır. Bizdə üç nəfər adaş olduğundan Akifi Akif Təvəkküloğlundan, Akif Cabbarovdan fərqləndirmək üçün “Syoma” çağırırdıq. Yəni ki “Syomka”, “çəkiliş Allahı”.  Bəzi icra başçılarını “bələkdə görmüşdü”, rəisləri isə “qundaqda”.
Bir dəfə Akif Məcidoğlu gəlir bir idarə müdirinin yanına – müsahibə götürməyə. O da çoxdankı tanışı imiş. Ərki varmış. Amma müdir nədənsə razılıq vermir. Bəhanəsi də bu olur ki, “kostyum geyinməmişəm”. Akifin təkidiylə sürücünü göndərirlər evə - kostyum dalınca. Müdir bir bəhanə də gətirir: “Üzüm tüklüdür”. Akif müdiri “qıdıqlaya-qıdıqlaya” keçirir istirahət otağındakı hamama. Üzünü qırxdırır. O vaxta da sürücü kostyumu gətitrir. Məlum olur ki, kostyum gəlib, qalstuk isə yaddan çıxıb. Həmişə səliqə və yüksək zövqlə geyinən Akif müəllim öz bahalı qalstukunu çıxarıb bağışlayır müdirə. Təki işi düzəlsin.

Bütün bəhanələri tükənən rəis könülsüz müsahibə verir. Hələ Akifə deyir ki, “bəlkə efirə verməyəsən?”

-  Necə yəni verməyəcəyəm. Axşam saat 8-də özünə baxarsan.

Nə isə axşam müdirin müsahibəsi efirə gedir. Hökm sahiblərindən də bu müsahibəyə baxan olur. Və dərhal deyirlər:

-  Bıy, bu hələ işləyir? Yaxşı ki, yadımıza düşdü. Verin əmrini getsin.

VAQİF MÜƏLLİM, ÇATIRAM

Heydər Əliyev Beynəlxalq Hava Limanında təcili çəkiliş olmalıydı. Həmkarım Akif Məcidoğluya deyirlər ki, tez ora getməlisən. Operator hazır olur, RAF-a oturub yola düşürlər. Metronun “Bakı Soveti” stansiyasının (“İçərişəhər”) yanına çatanda bədii rəhbər Vaqif Ağayev aeroportdan Akifə zəng edir.

-  Akif, harda qaldın?

-   Vaqif müəllim, vot-vot çatıram. 

ALLAH “XƏBƏRLƏR”Ə  RƏHMƏT ELƏSİN?

20.00 “Xəbərlər”i efirə gedirdi. Baş redaktorumuz indi deputat olan Sahib Alıyev idi. Nəsimi Nəbizadə də aparıcı. Tanınmış adamlardan kimsə rəhmətə getmişdi. Yaxşı qələmi olan Firuzə Nadir də mərhum haqqında gözəl bir süjet hazırlamışdı. Bu da proqramın son materialıydı. Adəti üzrə hər süjetin də axırında müxbirin və operatorun  adı çəkilməliydi. Bu dəfə də belə oldu “Firuzə Nadir, Dünyamin Hüseynov. “Xəbərlər””. Sonra da Nəsimi “Sağ olun” deyib proqramı bağladı. Studiyadan çıxanda Sahib müəllim düşdü Nəsiminin üstünə ki, “neçə ilin diktorusan. Görürsən mərhum haqqında süjetdir. Heç olmasa süjetdən sonra “Allah rəhmət eləsin” deyəydin də”. Nəsimi o saat.

- Demək olmaz, Sahib müəllim.

- Niyə?

- Düz alınmır, axı? “Firuzə Nadir, Dünyamin Hüseynov. Xəbərlər” dalınca da “Allah rəhmət eləsin?!”. Belə çıxır ki, “Xəbərlər” ölüb?

AKKUMLYATOR DƏM ALIR...

Rejissorumuz Azər Babayev gəlib xahiş elədi ki, bəs bağça müdirəsi olan bir qohumu ondan çəkiliş xahiş edib. Yubileydir - 40 illk. Uşaq bağçasının ad gününü “Xəbərlər”də vermirdilər. Azər müəllimə hörmət əlaməti olaraq istisna edildi.

Mən, Muxtar dayı, Azər Babayev yollandıq Günəşlidə yerləşən bağçaya. İstirahət günü idi. Zala daxil olduq. Qəşəng süfrə açmışdılar. Azər müəllimin qışqırığı götürdü aləmi. Qohumu olan bağça müdirəsi başladı əsməyə:

-  Ağez, bu nədir? Bura bağçadır e? Mən güc-bəla icazə almışam müdiriyyətdən. Sənə deyirəm bu nədir? Bağçada da stolun üstünə araq-konyak, şampanski qoyarlar?

-  Ay Azər, yubileydir də... Qonaqlar da hamısı böyüklər. Nə olar ki?

Müdirənin sözü ağzında qaldı.

-  Nə böyüklər? Uşaqlar hanı bəs?

-   Bu gün istirahət günüdür. Özümüz məclisi bu günə saldıq ki, rahat yeyib-içsin qonaqlar. Uşaqlar olmayacaq.

-  Necə yəni olmayacaq? Bəs mən efirə nə verəcəyəm. Deməyəcəklər ki, uşaqlar şeir demir, mahnı oxumur, rəqs eləmir – bu nə bağça yubileyidir? Hamısı bığıburma kişilərdir kadrda?

Nəsə tələm-tələsik spirtli içkiləri müvəqqəti də olsa stoldan yığışdırdılar. Müdirə qonşuluqdakı evlərə müəllimələrdən göndərdi ki, bir-iki uşaq tap, yalandan da olsa, kameranın qabağında  hoppanıb düşsünlər. AzTV çəkib qurtaranacan.

Azər müəllim də fürsətdən istifadə edib Muxtar dayı ilə çıxdı həyətdən bağçanın xarici görünüşünü çəkməyə. Mən isə içəridə oturub qeydlərimi aparırdım. Hərdən blinçiklə yüz-yüz də ötürürdüm – bağçanın sağlığına. Bir də gördüm ki, Azər müəllimin qışqırığı həyəti götürdü. Tez çıxdım.

-  Azər, indi nə olub?

-  Nə olacaq? Muxtar 2 dənə akkumlyator götürüb. Onlardan biri çəkilişə başlamamış yatdı. Biriylə bu boyda tədbiri çəkə biləcəyik? Biabır oldum qohumun yanında. Günəşli də ki uzaq. Gedib təzə akkumlyator götürənəcən tədbir qurtarar.

Nəsə girdik içəri. Tədbirin başlanmağını gözləyirdik. Azərin bir gözü Muxtardaydı. Akkumlyatorun dərdi almışdı onu. Birdən:

- Muxtar,  yatan akkumlyator hanı?

- Qədeş, narahat olma. Qoymuşam aş qazanının qapağının içinə. “Zaryadka” yığır.

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyanın sözləri erməniləri ağlatdı- Sərhəd kəndin ortasından keçəcək