Modern.az

Azərbaycanlı kişiləri island qızlara nə həvəsləndirir, təkcə pulmu?

Azərbaycanlı kişiləri island qızlara nə həvəsləndirir, təkcə pulmu?

Mədəni̇yyət

17 Sentyabr 2016, 17:16

İslandiya dövləti ilə bağlı yayılan bir dezinformasiya iki gündür sosial şəbəkələrdə müzakirələr yol açıb. Guya, İslandiyanın hakimiyyət orqanları island qızlarla evlənməyə qərar verən immiqrant kişilərə 5000 ABŞ dolları dəyərində birdəfəlik müavinət ödəmək fikrindədir. İddiaya görə, İslandiyada kişilərin sayı az olduğundan, qızlar ərə getmək imkanından məhrumdurlar ona görə. 
Hərçənd, İslandiya Xarici İşlər Nazirliyi hökumətin onların qadınları ilə evlənmək istəyən xarici kişilərə maliyyə kompensasiyası təklif etməsi xəbərini təkzib edib, amma Azərbaycanın internet məkanında bu istiqamətdə müzakirələr hələ də sürür. 

Xəbər həqiqəti əks etdirməsə də, reallıq onu göstərdi ki, İslandiyaya, məhz, island qızlarla nikaha girməyə “can atanlar” azərbaycanlı kişilər az deyilmiş.  Məsələnən maddi tərəfi ilə yanaşı psixoloji tərəfləri varmış...

 
“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova Modern.az-a açıqlamasında məsələyə aydınlıq gətirib.


“Qızlarımız kişilərə obyekt kimi baxır”

Əcnəbilərə meylliliyin əsas tərəfi psixoloji problemlə bağlıdır. Eyni zamanda, bizdə kişini çox izləmək məsələsi də var. “Hara getdin, hardan gəldin” və sairə. Əcnəbi qadın kişinin qarşısında hansısa tələblər, müəyyən məsuliyyət qoymur. Sadəcə olaraq, kişinin özünü sevir. Eyni zamanda, bizlərdə evlənənə qədər kişinin üzərinə o qədər öhdəliklər qoyulur ki,kişi dərin yüklənməyə məruz qalır. Azərbaycan kişiləri yükü öz üzərlərindən atmağı xoşlayır. Əcnəbilərdə isə ailənin yükü məsələsində qadın kişi ilə bərabər olur. Məsələnin bir tərəfi də ondan ibarətdir ki, Azərbaycanda qızlar ərə getdiyi kişiyə obyekt kimi baxır. Mağaza, restoran və digər obyektləri olmalı və qazanıb məni saxlamalıdır. Vəssalam!  Daha sonra xanımların “həyat yoldaşım evdə mənə kömək etmir, uşaqlara baxmır” kimi şikayətləri də olur. Bunların hamısı  sosial psixoloji və ümumi ənənələrdən gələn məsələlərdir”.


“Məsələyə bəsit yanaşmaq olmaz”

Mehriban Zeynalova island qadınları ilə bağlı bu xəbərin məqsədli şəkildə yayıldığı qənaətindədi:

“Bir məsələyə toxunum ki, island qızlarının təbliğatını aparanların iki məqsədi ola bilər. Biri insan alveri ilə bağlıdır. Ola bilsin ki, kimlərisə aldadıb evlənmək adı ilə aparar  və istismara məruz qoya bilərlər. İkinci hal miqrasiya məsələsi ilə bağlıdır. Yəni, “səni buradan aparacam, evləndirəcəm” və sairə. Ölkədən getmək istəyən şəxslərin şəraitini yaxşılaşdırmaq , ya da həmin ölkələrdə kişi çatışmazlığını aradan qaldırmaq və sairə.

Maraqlıdır ki, nəyə görə o ölkə buna şərait yaradır?!. Bundan kimlər bəhrələnmək istəyir?! Burada, kim qazanc götürəcək?!. Ona görə də məsələyə bəsit baxmaq, lağlağı obyektinə çevirmək olmaz. Bunu dərindən düşünmək lazımdır. Azərbaycan kişilərinin İslandiyaya daşınması hansı məqsəddən qaynaqlana bilər?!”.


“Vaxt gələcək ki, özümüz kişi axtarışına çıxacağıq”

Ekspert bu cür məsələdə diqqətli olmağı tövsiyə edir.

“Azərbaycanda oğlan uşaqlarının sayının çoxalması, qız uşaqlarının sayının azalması ilə bağlı SOS siqnalı çalınır. Düzdür, bəzi ekspertlər narahatçılığa heç bir əsasın olmadığını deyirlər. Halbuki, kişilərin əksəriyyəti ya harasa gedir, ya yol qəzaları zamanı dünyasını dəyişir, ya da hərbi xidmət dövründə şəhid olur. 100 kişiyə 117 qadın düşür. Bu, elə də böyük fərq deyil. Hələ ki, arxayınçılıq var. Amma vaxt gələcək ki, özümüz kişi axtarışına çıxmalı olacağıq. O zaman başqa ölkələrdən qadınların gətirilməsi ,genefondun dəyişməsi kimi çox ciddi problemlər ortaya çıxaracaq. Bunlar ola bilsin ki, qloballaşmanın altqatındakı görünməyən tərəflərdir ki, bu siyasət bütün dünyada gedir. Əcnəbilərlə nikah məsələsinə nəzər salaq. Bu çox aktualdır. Əvvəllər Azərbaycan qadınının başqa kişiyə ərə getməsi müəyyən qınaq obyektinə çevrilirdi. 25-30 il bundan qabaq vətəndaş nikahı ilə bağlı araşdırma aparsaq, görərik ki, 500 nəfərdən bir nəfər əcnəbi kişiyə ərə gedib. Düzdü, Sovet dövründə kişilər arasında rus qadınlarla nikaha girmək dəb idi. Bu da Sovet hökumətinin siyasəti idi”.


“Bəzi kişilər əcnəbilərə can atır”


Mehriban Zeynalova azərbaycanlı kişilərin əcnəbi qızlarla nikaha girmək məsələsində xüsusi canfəşanlıq göstərməsindən də söz açıb.

“Burada digər məqam Azərbaycan qadınına hörmət hissinin olmamasıdır. Eyni zamanda, ölkə daxilində Azərbaycan qadınına münasibət pisləşib. Ona görə də burada Azərbaycan qadınının dəyərini qaldırmaq, ona hörmət hissini aşılamaq lazımdır ki, bu cür hallar da olmasın. Bəzi kişilər  deyir ki, “əcnəbi qadınları Azərbaycan qadınının dırnağına da dəyişmərəm”. Bəzi kişilər isə əcnəbilərə can atır və bu situasiyadan bəhrələnmək istəyir. Ona görə də qadınlar öz davranış modelini dəyişməlidir. Düzdü, bu prosesdə valideynlər yaxından iştirak edir ki, bu da ənənə, adət hallarının qabardılmasına gətirib çıxarır. Ona görə də normal ailə münasibətlərini tənzimləyən qaydalar meydana çıxmalıdır. Ölkədə müəyyən dövlət orqanları var ki, bu məsələyə xüsusi diqqət ayırmalıdırlar. Bir də gözümüzü açıb görəcəyik ki, millət olaraq yoxa çıxırıq”.

 

Namidə BİNGÖL

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok