Modern.az

Yuxuda peyğəmbərin özünü görmək olar, üzünü YOX!

Yuxuda peyğəmbərin özünü görmək olar, üzünü YOX!

Mədəni̇yyət

30 Yanvar 2018, 09:51

Bəzi insanlar yuxuda peyğəmbəri gördüyünü və ona müəyyən məlumatları dediyini iddia edirlər. İndiki zamanda belə bir halla tez-tez rastlaşırıq. Həmin məlumatlar əsasında həyatı quran və ya davam etdirənlər də az deyil.

Maraqlıdır, yuxuda gördüyümüz həqiqətən peyğəmbər ola bilərmi?

 

Məsələ ilə bağlı ilahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənov Modern.az-a açıqlamasında bildirib ki, yuxuda peyğəmbəri görmək mümkündür:

 

“Hədis mənbələrində peyğəmbərimiz buyurub ki, yuxu üç cür olur: Allahdan olan yuxular, gün ərzində yaşadıqlarımıza, hadisələrə uyğun yuxular və şeytandan olan yuxular. Bu baxımdan peyğəmbərimiz  “Əgər yuxuda məni görmüsünüzsə, deməli həqiqətən məni görmüş hesab olunursunuz” deyib. Həmçinin digər hədislərdə də buyurulub ki, şeytan heç zaman peyğəmbərin cildinə girə bilməz. Lakin peyğəmbərin üzünü görmək mümkün deyil. Çox adam nurani üzlü kişilər görür və yanılır. Ümumiyyətlə yuxulara etimad etmək olmaz.

 

Yuxu həm də vəhy yolu ilə olan məsələdir. Məsələn, peyğəmbərlərə də yuxuda vəhy gəlib.  Bizim kimi sadə insanların gördükləri yuxular arasında da həqiqətə uyğun olanlar var. Ancaq  Məhəmməd peyğəmbərdən sonra qiyamət gününə qədər artıq vəhy gəlməyəcək. İnsan ölümlə və ya bu kimi mənfi şeylərlə bağlı yuxular görə, nəticədə intihar edə bilər. Bu baxımdan yuxulara etimad etmək düzgün deyil. Elə yuxular da var ki, səhih, doğrudur”.

Ə.Həsənov qeyd edib ki, yuxular ölümün kiçik qardaşıdır və  buna etinasız yanaşmaq olmaz:

“Hədislərdə qeyd olunub ki, sizin qəlbinizi rahatlaşdıran, yüngül xarakterli olan yuxular Allahdandır.  Tutaq ki, kimsə övladının olacağı ilə bağlı yuxu görür və bu, həyatda da reallaşır. Bax bu cür yuxular səhih hesab olunur. Lakin  bir insanın başqa insana çevrilməsi, yaxud insanın heyvana, əşyaya çevrilməsi kimi yuxular isə şeytandan olanlardır. Adətən psixoloji cəhətdən problemli insanlarda belə yuxulara çox təsadüf olunur.  Lakin qeyd etdiyim kimi peyğəmbəri həqiqətən yuxuda görmək mümkündür”.

 

İlahiyyatçı  Vasif Sadıqlı saytımıza deyib ki, peyğəmbəri yuxuda görmək məsələsi ilə əlaqəli dəqiq bir şey demək mümkün deyil:

 

“Çünki yuxunu kimin gördüyü  önəmlidir. Yuxunun öz bölgüsü var. Buna rəhmani, həmçinin şeytani yuxular da deyirlər. Onların bəziləri  insana düzgün informasiya verir. Orta əsrlərdə bu barədə tədqiqatlar da aparılıb. Bir insanın şəxsiyyətini, o yuxunun hansı şəraitdə görüldüyünü bilmədən  nəsə demək olmaz. Elə yuxu var ki, yatan zaman nə barədə düşünmüsənsə, onu görürsən. Bu, peyğəmdər də ola bilər, və ya başqa bir şey də. Bu səbəbdən buna mistik don vermək mümkün deyil”.

 

Müsahibimiz bildirib ki, peyğəmbəri yuxuda gördüyünü deyənlərin  hansısa ciddi mesaja sahib olduğunu ya da müəyyən dəyərlərə malik biri olduğunu demək düzgün deyil:

 

“İstənilən insan düşündüyü istənilən şəxsi yuxuda görə bilər. O cümlədən bu, peyğəmbər də, Aristotel də, dövlət başçısı da ola bilər. Sadəcə dediyim kimi bunun Allahın lütfü olması barədə  insanın qəlbini bilmədən heç kim qərar verə bilməz. Quran ayəsində də bildirilib ki, qəlblərin zatını yalnız Allah bilir”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatın çıxışı qalmaqal yaratdı: Başkənd ermənilərə veriləcək?