Modern.az

145 millətin nümayəndəsi eyni təyyarədə - Azərbaycanlı marketoloqun ideyası Ginnesin Rekordlar Kitabına düşdü

145 millətin nümayəndəsi eyni təyyarədə - Azərbaycanlı marketoloqun ideyası Ginnesin Rekordlar Kitabına düşdü

Mədəni̇yyət

3 Dekabr 2019, 08:33

Hazırda Dubayda tanınmış şirkətlərdən birinin Marketinq direktoru vəzifəsində çalışan azərbaycanlı Vüqar Adıgözəlov çox maraqlı bir ideyanı reallaşdıraraq, Ginnesin Rekordlar Kitabına adını yazdırıb.

 
Bu barədə Modern.az saytına danışan Vüqar Adıgözəlov indiyədək 65 ölkəyə səyahət etdiyini deyir.

 

“İş elə gətirdi ki, illər öncə Birləşmiş Ərəb Əmirliklərindən iş təklifi aldım və Dubaya köçməyə qərar verdim. Çoxmillətli meqapolisdə yaşamaq mənə müxtəlif millətlərin ənənələrini daha yaxından öyrənməyə kömək oldu. Dubayda demək olar ki, dünyanın bütün millətlərindən insanlar yaşayır.

 

2019-cu il isə Əmirliklərdə tolerantlığın və çoxmillətliyin bayram edildiyi bir il oldu və il ərzində tolerantlıqla bağlı bir sıra tədbirlər həyata keçirildi. Hazırda Oxford Universitetində magistr təhsili aldığım üçün çox tez-tez səyahət edirəm. Bir neçə ay öncə növbəti dəfə səfərdən qayıdanda təyyardə qeyri-adi bir elanla rastlaşdım, kapitan bildirdi ki, təyyarə heyəti 14 müxtəlif dildə danışa bilir, düzü, bir təyyarə heyətində bu qədər müxtəlif millətin çalışdığını öyrənmək mənə çox maraqlı gəldi. Bələdçi onu da söylədi ki, təyyarədə 50-dən çox millətdən sərnişin var. 

 

Evə çatar-çatmaz dünyada ən çox millətin uçduğu uçuşla maraqlanmağa başladım, belə məlumata rast gəlməsəm də, qarşıma çox millətin nümayəndəsinin bir araya gəlib müxtəlif rekordlar qırdığını öyrəndim. 

 

Mənim ideyam çılğın olduğu qədər də bahalı idi. Ümidimi itirmədən fikrimi dostlarla paylaşıb dəstək axtarışına çıxdım. Tezliklə ideyanı çox yüksək səviyyədə həyata keçirə bilməyimizə şərait yarandı.

 

29 noyabr tarixində BƏƏ-nin 48-ci Milli Günü və ölkədə “Tolerantlıq ili” münasibətilə 145 millətin nümayəndəsi tarixi uçuş üçün hava limanına toplaşdı. Püşkatma yolu ilə milliyyətinə görə seçilmiş sərnişinlərlə yanaşı, tarixi uçuşda 500-dən çox sərnişin, Ginnes Dünya Rekordları Komitəsi nümayəndələri, kral ailəsi üzvləri, media mənsubları da iştirak edirdi.

 

Uçuş üçün bütün sərnişinlər qeydiyyat, gömrük və təhlükəsizlik prosedurlarını keçərək terminal binası vasitəsi ilə təyyarəyə daxil olublar, uçuş zamanı sərnişinlərə qəlyanaltı və sərinləşdirici içki təklif olunub ki, bununla da standart bir uçuşda olan bütün presedurlara riayət edilib.

 

Rəsmi rekord cəhdi üçün “Emirates” hava yollarına məxsus A380 təyyarəsi seçilib. Təyyarə bu hadisəyə özəl olaraq rənglənib: üzərində müxtəlif millətlərdən əl-ələ tutmuş insanlar təsvir edilib. Təyyarə Dubay Beynəlxalq Hava Limanından (DXB) qalxaraq, BƏƏ-nin bütün əmirlikləri üzərində uçuş edəndən 1 saat sonra yenidən Dubaya qayıdıb. 

 

Uçuşdan öncə Ginnes rəsmisinin bildirdiyinə görə, ən az 75 müxtəlif millətin nümayəndəsinin iştirakı kifayət edirdi ki, uçuş dünya rekordu kimi qeydə alınsın. Təyyarənin göyərtəsində olarkən Ginnes Dünya Rekordlarının rəsmi nümayəndəsi uçuşda 145 fərqli millətin nümayəndəsinin iştirak etdiyini rəsmən açıqlayaraq, rekordun qeydə alındığını bildirdi. Beləliklə, bu hadisə və hava yolları Ginnes Dünya Rekordu olaraq qeydə alındı". 

 

Təyyarə yerə endikdən sonra Dubay polisinin musiqi ansamblının iştirakı ilə rəsmi mükaftlandırma  mərasimi keçirilib, uçuş heyəti və iştirakçılar rəsmi rekord sertifikatı ilə təltif olunublar.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Moskva və vilayətlərə hücum oldu: Dəhşətli partlayışlar var