Modern.az

Unudulmaz MÜƏLLİM

Unudulmaz MÜƏLLİM

Mədəni̇yyət

22 Dekabr 2022, 12:26

22 dekabr Azərbaycanın görkəmli jurnalisti Nəsir İmanquliyevin doğum günüdür.

 

Sözümə haqqında söhbət açacağım müdrik bir insanın, ləyaqətli və böyük şəxsiyyətin, ağsaqqalım və ustadım, Azərbaycan mətbuatının görkəmli simalarından və patriarxlarından biri, Azərbaycanın Əməkdar jurnalisti Nəsir İmanquliyevin öz kəlamı ilə başlamaq istəyirəm:

 

Unutma ki, unudulmayasan…

 

Desəm ki, mənim də taleh yolum  Azərbaycanın bu görkəmli ziyalısı, gözəl insan, əziz əmim, ən nəhayət ustadım Nəsir İmanquliyevlə  görüşümdən sonra müəyyən olunub, yanılmaram. Nəsir müəllim elə şəxsiyyətlərdən idi ki, nurlu əməlləri onu heç zaman unudulmağa imkan verməyəcək... O, tarixlər boyu xatırlanacaq, anılacaq və ehtiramla yad ediləcək... Hər il Nəsir müəllimin doğum günü ərəfəsində haqqında qəlbimdə bəslədiyin ən şirin xatirələri təkrar-təkrar varaqlamaqla, həmişə onun ruhunu şad etmək, nurlu şəxsiyyətinin cizgilərini yartamaq  istəyində  oluram...

 

...1875-ci ildə  nəşr etdiyi “Əkinçi” qəzeti ilə Azərbaycan Milli mətbuatının əsasını qoyan Həsən bəy Zərdabi xalqın maariflənməsi yolunda böyük bir fədakarlığa imza atdı... Həsən bəyin “Əkinçi”sinin səpdiyi toxumlar uzun müddət təbii şəraiti heç də yaxşı olmayan  zaman  zəmisində çətinliklə cücərsə də, əlverişli olmayan mühitdə məhv olmadı, yaşadı, çoxaldı, inkişaf etdi... təbii ki, bu yaşam hər dövrün öz Zərdabisini yetişdirdi və onların çiyinlərinə mətubatımızın ağır yükünü qoydu...  Söhbətimi mətbuat tariximizdən salmaqda məqsədim uzun müddət elə həmin mətbuatın ağırlığını çiyinlərində çəkən, öz dövrünün Zərdabisi olan bir şəxsiyyətin,  böyük müəllimin, Nəsir İmanquliyevin ömürlüyünə, hamıya örnək olan mənalı həyatına nəzər yetirməkdi... Hər ömür özlüyündə bir tarixdir... Elə ömür də var ki, o hamının bilməli olduğu tarixin özüdür...

Nəsir Əsədulla oğlu İmanquliyev 22 dekabr 1911-ci ildə Bakıda anadan olub. Dövrü mətbuatda ilk yazıları hələ tələbəlik illərində çap olunub. Təhsil aldığı illərdə həm də “Kommunist”, “Yeni yol” və “Gənc işçi” qəzetlərində əmək fəaliyyəti göstərib. 1932-1952- ci illərdə bu qəzetlərdə ədəbi işçi, şöbə müdiri, məsul katib, redaktor vəzifələrində çalışıb. Nəsir İmanquliyev 1942-ci ildə  siyasi işçi kimi Krım cəbhəsinə göndərilib. O, burada, həm  “Vuruşan Krım” qəzetinin məsul katibi kimi, həm də hərbi hissədə tərcüməçi kimi fəaliyyət göstərib. 1943-cü  ildə Nəsir  müəllim “Kommunist” qəzetinə məsul katib təyin olunub və  bu qəzetdə vətənpərvərlik mövzusuna həsr edilən çoxsaylı məqalələrlə tez-tez çıxışlar edib. 1947-ci ildən Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində pedaqoji fəaliyyətə başlayan Nəsir müəllim Azərbaycanda jurnalist kadrlarının yetişməsində əvəzsiz xidmətlər göstərib. O, 1956-cı ildə 41 yaşında ikən Azərbaycan KP MK-da yüksək vəzifəyə: Təbliğat –təşviqat şöbəsinin müdir müavini  təyin olunub. Bir qədər sonra isə Azərbaycan Mədəniyyət Nazirliyinin Radio Komitəsinin rəhbəri vəzifəsinə təyinat alıb... 1958-cı il yanvarın 10-da Azərbaycan mətbuat tarixində baş verən xoş bir hadisə Nəsir müəllimin adı ilə sıx bağlıdır. “Bakı” axşam qəzetinin ilk sayı  işıq üzü gördü. 1963-cü il iyulun 1-də isə rus dilində olan  “Baku”  qəzeti fəaliyyətə başladı. Bu qəzetlər çox qısa müddətdə Azərbaycan mətbuatında öz yerini tapdı və geniş oxucu kütləsinin rəğbətini qazandı...  “Bakı” və “Baku”  axşam qəzetlərinin böyük şöhrət tapmasında  onların yaradıcısı və ilk baş redaktoru olan Nəsir İmanquliyevin çox mühüm rolu olub. Nəsir müəllimin 60 il müddətində səmərəli fəaliyyət göstərdiyi Azərbaycan mətbuatının 30 ilini baş redaktor olaraq “Bakı” və “Baku”  axşam qəzetlərinə həsr edib. Buna görə idi ki,  “Bakı” və “Baku” qəzetləri ötən əsrin 70-80-ci illərində jurnalist kadrlarının püxtələşməsində əsl məktəbə çevrildi. Ustadın “Bakı”sında Azərbaycan mədəniyyətinin bütöv bir nəsli yetişib. Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Cabir Novruz, Gülhüseyn Hüseynoğlu və onlarla belə görkəmli şəxsiyyətlər bu sıradadırlar.

“Bakı” və “Baku” qəzetlərində peşəkarlığın zirvəsinədək uzanan taleh yollarını addım-addım keçib Nəsir müəllim... Bu yollarda zamanın sərt qaydaları, ictimai həyatın diktələri də olub, inadkar yolçunun dünyaya fərdi baxışları, cəsarətli addımları, qayğıkeşliyi və uğurları da. Sadiq əqidə, peşəkarlıqla ziyalılığın vəhdətindən doğan ziyalı obrazı və novator yaradıcılıq Nəsir İmanquliyevin   Azərbaycan jurnalistikasında açdığı cığırın, yolun konturlarını təşkil edir. Ustadın nəvəsi, akademik Nərgiz xanım Paşayevanın dediyi kimi, "Nəsir müəllim cəsarətli, iradəli, hünərli, həqiqəti deməyə  və yazmağa qadir olan bir şəxsiyyət  idi...”. Bu fikirlər Nəsir müəllimin fəaliyyətini, həyatını, özünəməxsusluğunu ifadə etməklə bərabər, həm də onun dönməz, mərdi-mərdanə xarakterini göstərir... Ustadımın nurlu şəxsiyyətini, haqqa söykənən fəaliyyətini Azərbaycanın görkəmli söz ustası, Xalq şairi Bəxtiyar Vahabzadənin onun haqqında dediyi fikir də təsdiq edir: “ Nəsir İmanquliyev o zamanlar çoxunda olmayan cəsarətin simvolu idi.”

 

Nəsir müəllimin ailəsi də nümunəvi, öz ənənələri, öz qayda-qanunları olan ailələrdən idi. Gövhər xanımla qurduğu ocağın sönməyən çırağı olan yeganə övladı, görkəmli şərqşünas alim Aida xanım İmanquliyeva dünya şöhrətli elm xadimi olub... Nəsir müəllimin “on oğlana dəyişmədiyi iki qız nəvəsi, məni yüksəklərə qaldıran qoşa qanadım” dediyi, Azərbaycan elminə və mədəniyyətinə sonsuz töhfələr bəxş edən,  xeyirxahlıq mələkləri, ata- baba yolunun sədaqətli məsləkdaşları olan Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyeva və akademik Nərgiz xanım Paşayeva ustadın  örnək məktəbinin davamçılarıdır...

Müasir Azərbaycan jurnalistikasının təşəkkülündə xüsusi yeri olan alim-publisist, ustad redaktor, pedaqoq və ictimai xadim Nəsir İmanquliyev ömrünü Azərbaycan mətbuatının, mədəniyyətinin inkişafına, cəmiyyətin obyektiv informasiya tələbatının ödənilməsinə, peşəkar jurnalist kadrların hazırlanmasına həsr edib. O, bütün fəaliyyəti boyu Azərbaycanda jurnalistikanın təməlini qoyan və onu inkişaf etdirən Həsən bəy Zərdabi, Məhəmməd ağa Şaxtaxtlı, Ömər Faiq Nemanzadə, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağayev, Mirzə Cəlil, Üzeyir Hacıbəyli kimi klassiklərimizin ənənələrinə sadiq qalıb, onları yaşadıb, cəmiyyət həyatının ən müxtəlif sahələrinə işıq salan yazıları ilə mətbuat tariximizə layiqli töhvələr verib. Nəsir müəllimi yaxından tanıyan bir insan kimi həmişə düşünürdüm ki, Nəsir müəllim işləməkdən yorulmur, ən çox sevdiyi sahədə olduğuna görə zəhmət çəkməkdən zövq alır... Müasir texnologiyaların olmadığı bir zamanda operativ xəbərləri “Bakı” və “Baku”axşam qəzetləri kimi çevik təqdim edən ikinci bir mətbuat orqanı yox idi...  Akademik   N. Paşayevanın təbirincə desəm:  “Gün ərzində elə bir hadisə olmurdu ki, onun redaktə etdiyi qəzetlərdə işıqlandırılmasın. Mübaliğəsiz demək olar ki, o vaxt “Bakı” və “Baku” axşam qəzetləri bugünkü informasiya agentliklərinin, internetin funksiyalarını yerinə yetirir, gün ərzində baş vermiş hadisələr barədə oxuculara operativ məlumat verirdi. Bu, heç də asan məsələ deyildi. Jurnalist öz fəaliyyətində fasilə edə bilməz və Nəsir İmanquliyev də fasiləsiz işləyən peşəkar  jurnalist  idi...”

Nəsir İmanquliyevin ömür kitabının hər bir səhifəsi xalqa xidmət nümunələri ilə açılır. Mənəvi keyfiyyətləri və şəxsi dəyərləri Nəsir müəllimi öz örnək məktəbi olan müdrik insan və zamanın nəbzini tutan publisist kimi xarakterizə edir. O, dəyərli ziyalı, jurnalist, yüksək təşkilatçılıq qabiliyyətinə malik redaktor olmaqla yanaşı, həm də peşəkar müəllim olub. Azərbaycanın ictimai-mədəni mühitində klassik ənənələrə əsaslanan maarifçilik fəaliyyəti professor Nəsir İmanquliyev şəxsiyyətini alim-publisist, mütərcim, redaktor kimi səciyyələndirir. Jurnalist adının məsuliyyətini dərk edib ləyaqətlə daşıyan, 87 illik ömrünün 70 ilini kütləvi informasiya vasitələrinin quruculuğu işinə həsr edən ustadın milli-mənəvi dəyərlərimizin inkişafına, elm və mədəniyyətin yüksəlişinə verdiyi töhfələr misilsizdir. Nəsir müəllim dönə-dönə deyirdi ki, böyük şəxsiyyət olmaq üçün həm də ləyaqətli insan olmaq lazımdır. Bir tərəfdən bu nurlu insana xalq məhəbbəti qazandıran onun peşəkarlığı, vətənpərvərliyi, milli ləyaqəti idisə, digər tərəfdən bir şəxsiyyət kimi fərqləndirən onun örnək məktəbi, xeyirxah əməlləri, fərdi xüsusiyyətləri, insani keyfiyyətləri idi. O, adamları dərindən tanımaq, onların dərdinə şərik olmaq, qəlbinə yol tapmaq, rəğbətini qazanmaq və insanları öz ardınca aparmaq kimi yüksək insani keyfiyyətləri  ilə həmişə seçilib... Nəsir müəllim universitet auditoriyalarında tələbələrə jurnalistikanın əsasları barədə nəzəri biliklər aşılayan, “Bakı” və “Baku”nun redaksiyalarında Azərbaycan jurnalistlərinin bütöv bir nəslinə qəzetçilik işinin incəlikləri ilə bərabər, jurnalistlik məharəti, redaktə bacarığı öyrədən, bu qəzetləri tələbə jurnalistlərin yaradıcılıq laboratoriyasına çevirən cəfakeş mətbuat fədaisi olub. Nəsir İmanquliyevin ali jurnalistika sahəsindəki ən dəyərli xidmətlərindən biri də  “Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi” kursunun elmi-praktik əsaslarını hazırlamaqla yanaşı redaksiya ilə auditoriya, universitetlə mətbuat, təhsillə praktika arasında etibarlı əlaqə yaratmasındadır.

Nəsir müəllim sadə, sadə olduğu qədər də təvazökar insan idi... Onun qeyri –adi qayğıkeşliyi vardı... Tələbələri həmişə ondan ata qayğısı görürdülər... Evinin qapısı ilk növbədə tələbələrinin, işçilərinin üzünə həmişə açıq olub... Həyat yoldaşı Gövhər xanm da eyniylə Nəsir müəllim kimi insanpərvər, qayğıkeş bir insan olub.  Ustad həmişə evinə dəvət etdiyi tələbələrlə ilk növbədə zarafat edərdi ki, sıxılmasınlar... “...hə Gövhər xanımın çayını içmisinizsə, onda yarı jurnalistsiniz, hazırladığı yeməklərdən də dadsanız onda tam jurnalist olacaqsınız...“ deyib  zarafat edərdi... bu doğmalığın şahidi olan nəvəsi akademik N. Paşayeva yazır ki, “Nəsir müəllim insanlara yol göstərən, xeyirxahlıq edən nəcib insan idi. Buna görə də o, bir çoxlarına mənəvi atalıq etmişdi. Onun övladı tək deyildi, onun övladları onun yetirmələri, qəzetin əməkdaşları, jurnalistlərdir”. Nəsir müəllim ehtiyacı olan, ondan kömək uman insanlara heç vaxt biganə qalmayıb. O, nəcib insan, xeyirxah bir ziyalı olmaqla yanaşı, həm də olduqca etibarlı dost idi... Onun dostluğu da sədaqətlə yoğrulan, fərqli və qeyri-adi idi... Həmişə deyərdi ki, “həyatdır, dost ölə bilər, amma gərək dostluq ölməsin...” Süfrəsində çörək kəsdiyi ocaqları öz halal evi bilib, dostları dünyasını dəyişəndən sonra onların övladları ilə haqq-salamı davam etdirərək isti münasibətlərin yox olmasına imkan verməyib... Ona görə Nəsir müəllim təkcə övladlarına, yaxınlarına deyil, onunla yaxın münasibəti olanların hamısına eyni dərəcədə əzizdir... Nəsir müəllimə mən həmişə “əmi” deyə müraciət etmişəm... O, mərhum əmilərim: el ağsaqqalı Şamil və professor Əyyub İskəndərovlarla çox yaxın dost olub... Mən bu əbədi dostluğa həsr edilən çoxsaylı məqalələr qələmə almışam...

...1987-ci il idi... Noyabr ayının 15-də Əyyub əmim qəflətən vəfat etdi... Bu itki hamımız üçün çox ağır idi... Simasında varlğımı tapdığım, böyük bir elin arxası, dayağı olan  əmimin ölümü çox sarsıtmışdı bizi...  O günlərdə də həmdəmimiz  Nəsir müəllim olurdu... məclis yığışandan sonra əmimin uşaqlarını, bizi evə yığıb xeyli söhbət edərdi, təsəlli verərdi... Söhbətlərinin birində dedi ki, “sizə nə olub ki, nə olubsa Şamilə, mənə olub, qardaşımızı itirmişik… Sizin hələ Şamil əminiz, Nəsir əminiz var...” Nəsir müəllim bir müddət  Lənkəranda əmimin evində qaldı, əzizini itirmiş ailəyə, qohum-əqrabaya dayaq durdu... Əyyub əmim dünyasını dəyişəndən  sonra da o, bu ailə ilə əlaqəni kəsmədi, problemlerinin həllində yardımçı oldu...

 

... Günlərin birində (səhv etmirəmsə 1991-ci ildə) Nəsir müəllim yenə  də əmim gilə, Lənkərana gəlmişdi. Əmimin böyük oğlu Elşad Nəsir müəllimə mənim şeir yazdığımı demişdi... Bir də dedilər ki, Nəsir müəllim səni çağırır. Getdim. Dedi şeirlərini oxu görüm... Nəsir müəllimin qarşısında şeir oxumaq böyük hünər istəyirdi... dedi: hə, nə oldu, köhnə dost, şair qardaş, zəif yazırsan məyər?!  Dedim ki, mən şeirlərimi əzbər bilmirəm... Dedi : “Yazdıqlarını gətir...” Onun sözünü yerə salmaq günah idi... Digər otağa keçib portfelimdəki şeirləri əmimin kiçik oğlu Vüqara verib Nəsir müəllimə göndərdim. Özüm isə utandığıma görə getmədim... Bir azdan dedilər ki, Nəsir müəllim dəhlizə çıxıb səni axtarır...  Tərəddüd içində dəhlizə  çıxdım...

 

-Ay kişi, sən əsl şairsən, səni təbrik edirəm... Sən bu gündən olursan hamımızın şair qardaşı. Üzünü evdəkilərə tutub: hamınız bu gündən sonra ona “şair qardaş” deyirsiniz, mən də belə deyəcəyəm -dedi. Bakıya nə vaxt gedirsən - soruşdu. Dedim, bir aydan sonra gedəcəyəm. Dedi: gecdir, sən bu günlərdə get Bakıya. Gedərsən «Kommunist» naşriyyatında «Bakı» qazetinin redaksiyasına... “Ədəbiyyat və incəsənət” şöbəsinin müdiri Ağəddin Mansurzadədir. Tanıyırsanmı onu? Dedim: bəli, tanıyıram. Ona deyərsən ki, bu şeirləri Nəsir İmanquliyev  bəyənib və xeyir-duasını da o verib. Yazıları ona ver, qayıt gəl. Mən onun məsləhətini yerinə yetirdim və bir neçə gündən sonra «Bakı» qəzetində altı şeirim xüsusi taqdimatla işıq üzü gördü... Sənətin astanasında Nəsir müəllimin xeyir-duası köməkçim, mayakım oldu...

... Lerikdə “Ziyalı günü” keçirilirdi... Hacı Şamil əmim Nəsir müəllimi də dəvət etmişdi. Elşad Nəsir müəllimi öz maşını ilə gətirmişdi Lerikə. Məni görən kimi, «şair qardaş, xoş gördük» dedi, görüşdük, nurlu üzündən öpdüm. Tədbirdə çıxış etdi və bu diyarla onu bağlayan soy-kökümüzlə qurduğu əbədi dostluqdan söz açdı... Tədbirin, eləcə də Nəsir müəllimin  gəzintilərinin, maraqlı söhbətlərinin  tərəfimdən çəkilən videoyazısı bu gün də ən əziz, ən dəyərli yadigar kimi arxivimdə qalır. Axşamüstü Şamil əmim gilə gəldik... Mən ona yeni çapdan çıxan «O gözlərin sirri»  adlı ilk kitabımı təqdim etdim. İlahi, o necə sevindi, necə sevindi?!... məni təbrik etdi və mənə inandığını bildirdi... Sənət adamı olaraq mənim üçün bundan böyük xeyir-dua, bundan böyük məsuliyyət, bundan böyük alxış indi də yoxdur. Gecə yarısınacan söhbət etdi. Əyyub əmimlə, Şamil əmimlə bağlı xatirələrini danışdı...

 

Nəsir müəllim ilə atalarımızın başladığı dostluğu yaşadan da, davam etdirən də Nəsir müəllimin özü idi. Əyyub əminin böyük oğlu Elşadla tez-tez ona baş çəkərdik. Elşad onun qulluğunda övladı kimi dayanardı. Nəsir müəllim bir gün Elşadı görməyəndə tez zəng edərdi… onlar demək olar ki, hər gün görüşərdilər….  Nəsir müəllim deyirdi ki, Elşad mənə Əyyubun yoxluğunu    unutdurub...  Biz Nəsir əminin ad günlərində  onun evinə toplanardıq… Azərbaycanın bütün ziyalı elitası orada olardı. “Dünya gör götür dünaysıdır”  deyib müdriklər. Belə məclislər şəxsən bizimçün nə qədər ibrətamiz, nə qədər  dəyərli idi… Bunları  talehimin mənə ən böyük ərməğanı hesab edirəm…

...Nəsir müəllim xəstələnmişdi. Yığışıb onların Ü.Hacıbəyov küçəsində yerləşən evinə getdik… Hər gün Elşad, onun ailəsi və mən  ona baş çəkirdik. Bir dəfə də biz Nəsir əminin yanında olanda onun “Qoşa qanadlarım” dediyi nəvələri: Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyeva və  akademik Nargiz xanım Paşayeva ora gəldilər. Biz qalxıb otaqdan çıxmaq istədik. Nəsir əmi bizə: “hara gedirsiniz, siz özgə adamsınız məyər, oturun yerinizdə!”- deyib iradını bildirdi. Təbii ki, biz geri qayıtdıq və o, bizi əziz nəvələrinə təqdim etdi: «Əyyub əminizin övladlarıdır, bir-birinizdan  muğayat  olun», - dedi… Mənə Nəsir İmanquliyev kimi ali şəxsiyyəti yaxından tanımaq, onu doğmalarım qədər sevmək və onun əzizlərindən biri olmaq səadəti, xoşbəxtliyi bəxş etdiyinə görə taleyimə çox minnətdaram...

...Bu dünyada hər şey, eləcə də insan ömrü ötəri və müvəqqətidir... insan dünyasını dəyişəndən sonra isə yalnız əməllərində yaşaya bilir. Məktəb içində məktəb yaradan və bu məktəbi örnəklərələ, həyat dərsləri ilə dolu olan görkəmli jurnalist, özünəməxsus rəhbərlik üslubu ilə seçilən peşəkar redaktor, ictimai-siyasi xadim, qayğıkeş insan, mərhum Nəsir İmanquliyevi də əbədiləşdirən, qəlblərdə yaşadan onun xeyirxah əməlləri, xidmətləri, gələcək nəsillərə örnək olan şərəfli ömür dastanıdır. Buna görədir ki, Nəsir müəllim zaman-zaman xatırlanır, yad edilir... Mənim Sizə bir övlad, bir davamçı borcum var, ustad... Hər il doğum gününüz ərəfəsində nurlu xatirənizə həsr etdiyim xatirə-yazı ilə Sizi yad edib ehtiramımı ifadə edir, ruhunuz qarşısında olan borcumu qaytarmağa çalışıram... Ruhunuz şad olsun!

 

Eldar İskəndərzadə  

Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan

Jurnalistlər Birliyinin və Azərbaycan Respublikası

Kinematoqrafçılar İttifaqının üzvü,telejurnalist,

“Qızıl qələm” və  “H.B.Zərbabi” mükafatçısı.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok