Modern.az

Azərbaycan türklərinin son imperiyası: Qacarlar Dövləti - XI YAZI

Azərbaycan türklərinin son imperiyası: Qacarlar Dövləti - XI YAZI

Ədəbi̇yyat

20 Oktyabr 2016, 13:38

Dos., Dr. Faiq Qəzənfəroğlu

 

Nəsrəddin şah Qacarın az-çox yenilikçi-dünyəvi ruhlu ətrafının təmizlənməsi, eyni zamanda bu ruhda olan insanların edam edilməsi ya da ölkədən uzaq tutulması fonunda onun “hərəmxanası”nın genişlənməsi, əyləncələrin çoxalması və digər halların ortaya çıxmasında farsdilli şiəçi ruhanilərlə havadarları ingilislər müstəsna rol oynamışlar. Özəlliklə, İngiltərə Qacarlar üzərində elə bir “parlaq” oyun oynamışdır ki, o zamanda bu günün özündə də lənətlənən “sivil”, “demokratik”, “liberal” ingilislər deyil, öz kökümüzdən, öz dinimizdən olan Qacarlarla onun hökmdarları olmuşlar. Özəlliklə, Nəsrəddin şah dövründə baş verən bütün xoşagəlməz hadisələr ədalətsevər, bərabərliksevər, insanlıqsevər türklər arasında da birmənalı qarşılanmamışdı ki, bütün bunlar istər-istəməz Qacarların nüfuzunun aşağı düşməyinə hətta, onların ağalıqlarına lənətlər oxudulmasına qədər irəliləmişdi.


Beləliklə, Nəsrəddin şah əvvəlcə farsdilli şiəçi ruhani zümrəylə, daha sonralar isə azalan türk bürokratiyası əvəzinə artan fars bürokratiyasla üzləşməsiylə ilk dəfə 1890-cı illərin başlarında siyasi hakimiyyət açısından əsaslı bir zərbə aldı. Belə ki, 1891-ci ildə ölkə tütününü bir ingilis kompaniyasına satan Nəsrəddin şah farsdilli şiəçi dini ruhanilərin saldırısına uğradı (çox güman ki, bu ssenarini də ingilislərlə farsdilli şiəçi qrup bir yerdə planlaşdırmışlar). Hətta, şahın boykot tərəfdarlarından Mirzə Həsən Aştiyanın sürgün qərarından sonra Tehran əhalisinin bir qismi şah sarayına hücum etdi. Məhz bundan sonra Nəsrəddin şah ölkə tütününün ingilis kompaniyasına verilməsi qərarından geri çəkildi. Çünki bu olaylarla ölkə əhalisinin türklərdə daxil böyük bir hissəsinin, Nəsrəddin şahdan çox şiəçi din rəhbərlərini dəstəkləməsi ortaya çıxmış oldu. “Tənbəki hərəkatı” adlanan bu hadisə Qacarların siyasi hakimiyyətinin zəifləməsinin hətta, türklərin əksəriyyətinin belə öz soyundan olan Qacar şahının yanlnda yer almamasının, bununla da farsdilli dini və qeyri-dini zümrənın planlaşdırdığı məkrli niyyətlərinin yaxın illərdə gerçəkləşə biləcəyinin siqnalını vermişdi. Milli ideoloq Məhəmməd Əmin Rəsulzadə yazırdı: “Bu sorunda (“Tənbəki hərəkatı”) müctəhidlərin fətvasına belə bir uğur qazandıran Nəsrəddindən bezməsi olmuşdur”.


Sadəcə, bir çox səbəblərdən Qacarlara son zərbənin vurulmasının hələlik zamanı gəlmədiyini yaxşı anlayan farsdilli zümrə, bu anlamda havadarları ingilislərin təlimatı əsasında hərəkət etməkdən başqa çarə görmürdülər. Əslində bu təlimata görə, Qacarların devrilməsi üçün öncə inqilabi şərait yaranmalı idi, daha sonra isə bu inqilabi şəraitin gedişi əsasında böyük itkilər verilmədən farsdilli zümrənin hakimiyyətə gətirilməsi həyata keçirilməli idi. Şübhəsiz, ingilis ideoloqlar da yaxşı anlayırdılar ki, dünyanın əksər imperiya dövlətlərində olduğu kimi, Qacarlarda da gec-tez inqilab baş verəcək, eyni zamanda yenilkçi-dünyəviçi türklər də bu inqilabın  əsas hərəkətverici qüvvəsi olacaqlar. Yəni o zaman olduğu kimi, indi də iddia etmək ki, Qacarlardakı inqilab hərəkatı bütünlükdə ingilislərin əsəridir, tamamilə yanlışdır. Hələ, həmin dövrdə bu fikrə qarşı çıxan Əli bəy Hüseynzadə yazırdı ki, bir fərdin həddi-büluğa yetişməsi ətrafında olan insanlardan kimsənin əsəri-təşviqi olmayacağı kimi, Qacarlar dövlətindəki vətəndaşların da hürriyyət davası edərək inqilab etmələri ingilis əsəri ola bilməz: “İngilislərin aləmi-siyasətdə ən böyük hünərləri hadisələr törətmək olmayıb bəlkə binəfsə hüsulə gələn hadisələrdən istifadə etmələridir”.


Əli bəy Hüseynzadənin bu fikirlərinə əsasən qatılmaqla yanaşı hesab edirik ki, ingilis ideoloqlarının, o cümlədən rusların da əsas məqsədi Qacarlarda inqilab baş verəcəyi təqdirdə ədalətlik, bərabərlik, insanlıq kimi ideyalara sarılaraq hərəkatın aparıcı qüvvəsini təşkil edəcək yenilikçi-dünyəvi ruhlu türkləri öz soyundan olan Qacarlarla düşmən halına gətirmək, bunun fonunda isə farsdilli qüvvələri ön plana çıxartmaq olmuşdur. Başqa sözlə, Qacarlarda gözlənilən inqilabda hökumət və inqilabçılar qismində (Qacarlar və türk inqilabçılar) daha çox qurban verən Türklər, qazanan isə farsdilli zümrə olmalı idi. Belə olduğu təqdirdə də, Türk Qacarların devrilərək onun yerinə farsdilli Pəhləvilərin hakimiyyətə gətirilməsi çox da çətin olmayacaqdı. Bu anlamda hələ, inqilaba qədər farsdilli zümrə içində mövcud olan “ingilis barmağının” Qacarlar inqilabının gedişində daha da fəallaşması, eyni zamanda 100 il əvvəl olduğu kimi bu fəallaşmanın sözdə rus-ingilis rəqabəti (rusların Hindistana gedən yoluna sipər çəkmək) olaraq qələmə verilməsi başa düşüləndir. Əslində inqilabı gerçəkləşdirən Qacarlardan çar Rusiyasına ticarət və fəhləlik üçün gedən Cənubi Azərbaycan türkləridir ki, Şimal imperiyasında yaşadıqları müddətdə hürriyyət düşüncəsinə qapılmış, eyni zamanda buradakı soydaşlarının, özəllikllə də Şimali Azərbaycan türklərinin də bunda böyük rolu olmuşdur. Ə.Hüseynzadə yazır: “Hal və keyfiyyət bu mərkəzdə ikən İrandakı (Qacarlardakı-F.Q.) hürriyyət hərəkatının səbəbini ingilis hökuməti barmağının ucunda degil, Rusiya camaatının qəlbindən fövran edən hürriyyət atəşinin İrana (Qacarlara-F.Q.) düşmüş şərarələrində aramalıdır”.


Biz yenə də o fikirdəyik ki, Qacarlarda baş verən inqilabda, eyni zamanda inqilabın gedişində ingilislərin ya da rusların rolunun şişirdilməsi doğru olmadğı kimi, ancaq onların farsdilli qüvvələri etdiyi yardımlar da gözardı edilməməlidir. Özəlliklə, ingilislərlə rusların Nəsrəddin şahın qətlindən (1896) sonra hakimiyyət başına keçən Müzəffərəddin şah Qacarın (1896-1907) hakimiyyəti dönəmində Qacarlar üzərində oynadığı qorxunc siyasət unudulmamalıdır. Əslində 1896-cı ildə  Mirzə Rza Kirmani tərəfindən Nəsrəddin şahın qətlə yetirilməsi yanlız ingilislərlə rusların deyil, eyni zamanda bütün daxili və xarici qüvvələrin istəklərinə cavab vermişdi. Hər halda bütün yerli və xarici qüvvələr üçün 50 ilə yaxın hakimiyyət sürmüş Nəsrəddin şahla müqayisədə Müzəffərəddin şahla dil tapmaq daha asan olmalı idi. Bu anlamda Müzəffərəddin şahın Qacarların taxtına çıxmasında həm xarici (ingilislərin, rusların, amerikanların, fransızların vəb.), həm də yerli (farsdilli şiəçi qrupun, yenilkçi türklərin, ayrı-ayrı siyasi-iedoloji cərəyanların vəb.) qüvvələrin özünəməxsus gözləntiləri var idi.


Şübhəsiz, Müzəffərəddin şah dövründə də Qacarların süquta doğru irəliləməsində başlıca rolu ingilislər, müəyyən qədər də ruslar oynadılar. İngilislərlə ruslar zahiri düşmən oyununu oynamqla yanaşı 100 il əvvəl olduğu kimi, Qacarları özlərindən asılı vəziyyətdə saxlamaq üçün hər cür vasitəyə əl atırdılar. İlk növbədə, iqtisadi sahədə Qacarlar Rusiyayla İngiltərənin tamamilə “borc bataqlılığı” aslılığına düşdülər. Bu borcalamaları ölkənin müstəqilliyini qorxu altına alan, mənliyini əksildən, namusunu pozan hal kimi dəyərləndirən Rəsulzadə daha sonra yazırdı: “Dövləti bu ağır, mənlikqıran ortamlarda alınan borca tutdurub ağır maliyyə durumuna salan Müzəffərəddin şah para bulmaq siyasəti baxımından ortamı ağırlaşdıran bir çox üstünlüklər də vermiş, bu yöndə atası Nəsrəddin şahı da keçmişdir”.


Bütün bunlar yetməzmiş kimi, üstəlik Qacarlar hərbi gücünü də bir vaxtlar Şimali Azərbaycan uğrunda savaşda yenik düşdüyü rusların ixtiyarına buraxmışdır. Sözün açığı, Qacar hökmdarlarının ingilislərdən sonra real düşmənləri olan ruslar qarşısında bu qədər aciz duruma düşmələri çox ağırlı bir hal idi. Milli ideoloqumuz M.Ə.Rəsulzadə, təxminən 100 il bundan öncə bütün bunları çox doğru ifadə etmişdir: “Yenə Müzəffərəddin şah dönəmində “Tütün sorunu”ndan sonra russevərliyini deyən, bu sevərliyilə tanınan baş bakan Əminüs-Sultanın əməyilə rus etkisi İran (Qacar-F.Q.) sarayını sarmış, Quzey İranda (Güney Azərbaycanda – F.Q.) olan var-yatır bütünlüklə rusların yararlanmasına, daha doğrusu əlinə keçmişdir. Özülü Nəsrəddin şah çağında qoyulmuş rus subayları başçılığında yaradılmış İran (Qacar-F.Q.) kazak alayına da Müzəffərəddin şahın ağalığı dönəmində özəl üstünlüklər verilmişdir. İndi İranın (Qacarların – F.Q.) baş kəndində rus çıxarlarını qoruyan bu yaraqlı kazakxana qurumuna da verilən üstünlük anlaşmalardan irəli gəlmişdir”.


Qacarların belə bir ağır durum yaşadığı dövrdə, 20-ci əsrin başlarında  Müzəffərəddin şahın oğulları, özəlliklə Təbrizdə oturan vəlihəd Məhəmməd Əli Mirzə Güney Azərbaycanı çapıb talamaqla məşğul olurdu. Ölkənin başqa bölgələrində də şah oğullarından geri qalmayan dərəbəylər istədiklərini edir, əhaliyə olmazın divanlar tuturdular. Bununla da, 1900-cü illərin ilk illərində Qacarların dörd bir yanında uyuşmazlıq hökm sürürdü ki, kimsə canından, malından və namusundan arxayın deyildi.  Belə olduğu təqdirdə, Qacarların adına yazılan bu politkanın dözülməz olması düşüncəsi ortaya çıxmışdı ki, artıq bu siyasətə son qoyulmasını istəyənlərin sayıda günbəgün artırdı. Rəsulzadə yazırdı: “Bax bütün bu yaramazlıqlar, bu uyğunsuzluqlar Qacar soyunun ulusu sürəkli öldürmək-soymaq quldur politikasına son vermək düşüncəsini yayanlara uyğun bir ortam tasarlayırdı. Bu propoqandanı yapanlar işlərindən dolayı başqa ölkələrə gedən, uyqar ölkələrin quruluşundan xoşlanan alverçilər, tək-tük arif iş adamları, bir sıra təmiz duyğulu dindarlar idi”.


Beləliklə, Qacarlar dövlətində yeniləşmənin qaçılmaz olması gündəmə gəlmişdi. Sadəcə, bu yeniləşmənin hansı şəkildə baş verməsi, daha önəmlisi hansı yerli qüvvənin gerçəkləşdirməsi məsələsi var idi. Bir çoxlarındam fərqli olaraq hesab edirik ki, o zaman Türk Qacarlar dövlətində yeniləşmə istəyilə meydana çıxanların başında Türklərin, o cümlədən Güney Azərbaycan türklərinin olması çox təbii idi. Çünki Qacarların dini bir dövlət kimi idarəolunmasından ən çox zərərə çəkən türklər, bundan daha çox faydalanan  isə farsdillilər idilər. Belə olduğu təqdirdə Türklərin, o cümlədən Azərbaycan türklərinin Qacarlarda baş verən inqilabın aparıcı qüvvəsi olması tamamilə məntiqli idi. İnqilabın aparıcı qüvvəsi olan Türklərin, o cümlədən Azərbaycan türklərinin burada əsas məqsədi heç də Qacarların zəiflədilməsi ya da taxtdan salınması deyil, tam əksinə farsdilli şiəçi ruhani qrupu hakimiyyətdən uzaqlaşdırmaq, bu dövlətin ilk başlarda olduğu kimi dünyəvi şəkildə idarə olunmasına nail olmaq idi.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü