Modern.az

Türk Dünyasında “İsmayıl Qaspıralı” mükafatına layiq görülən ilk qadın azərbaycanlı oldu - FOTOLAR

Türk Dünyasında “İsmayıl Qaspıralı” mükafatına layiq görülən ilk qadın azərbaycanlı oldu - FOTOLAR

14 May 2017, 17:28

Türkdilli dövlətlər arasında inteqrasiyanı təmin etmək üçün vahid informasiya fəzası formalaşdırılması çox vacibdir. Bu prosesdə isə Ortaq Türk Televiziyasının yaradılmasının xüsusi rolu olacaq. Qazaxıstanda keçirilən “Türk dünyası və informasiya fəzası” beynəlxalq media forumunun yekun müddəalarında bu fikirlər əksini tapıb. 


Modern.az xəbər verir ki, Qazaxıstanın Türk dünyasının mədəniyyət paytaxtı elan olunan Türküstan şəhərində keçirilən “Türk dünyası və informasiya fəzası” beynəlxalq forumu öz işinə iştirakçıların Xoca Əhməd Yəsəvinin məqbərəsini ziyarəti ilə başlayıb. 


Əhməd Yəsəvi Universitetində təşkil olunan forumu açıq elan edən Cənubi Qazaxıstan vilayətinin akimi Janseyid Tüymebayev ötən il Azərbaycanın Şəki şəhərinin Türk dünyasının mədəniyyət paytaxtı kimi bu işin öhdəsindən böyük uğurla gəldiyini deyib. 


Beynəlxalq Türk Akademiyasının prezidenti, professor Darxan Kıdırali, hələ 150 il əvvəl böyük fikir adamı İsmayıl Qaspıralının "Tərcüman” qəzetini çap etməklə türk dünyasında "İşdə, əməldə və fikirdə birlik” ideyasının və ortaq informasiya platformasının yaradılmasının böyük ölçüdə əsasını qoyduğunu qeyd edib. Hazırda inteqrasiyanın elmi və ictimai əsaslarının tədqiq edilməsinin vacibliyinə cəkən Akademiya prezidenti rəhbərlik etdiyi qurumun nəzdində “Türk dünyası jurnalistlərinin dostluq klubu”nun yaradılacağını deyib. 


TÜRKSOY-un baş katibi Düsen Kaseinov forumun əhəmiyyəti və Qazaxıstanda medianın hazırkı durumu ilə bağlı fikirlərini çatdırıb. 
Panellərdə türk dünyasının informasiya məkanında mövcud olan problemlər mövzusunda müzakirələr aparılıb. Mətbuat Şurası İdarə Heyətinin üzvü, "Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı Türk dünyasının inteqrasiyasında yaradılması nəzərdə tutulan ortaq televiziyanın rolu və əhəmiyyətindən danışıb, eyni zamanda, Qazaxıstanın latın əlifbasına keçidinin buna ciddi təkan verəcəyini qeyd edib. 
Türk Şurasının layihə direktoru Ceyhun Şahverdiyev isə Şuranın dövlət başçılarının bu istiqamətdə təlimatları və görülən işlər barədə məlumat verib. 


 Qazaxıstanın dövlət informasiya agentliyi, Kazinform-un baş direktoru Askar Umarov, forumun türk dünyası jurnalistlərinin bir araya gəlməsi baxımından vacib platforma olduğunu qeyd edib. Onun fikrincə, 25 ildən artıqdır müstəqil siyasət yürüdən türk dövlətlərinin artıq vahid informasiya fəzası formalaşdırması üçün ciddi zəmin mövcuddur: “Ortada siyasi iradə var, qalır onu reallaşdırmaq. Bu işdə biz jurnalistlərin üzərinə böyük iş düşür”. 


Türkiyənin NTV teleanalının xarici xəbərlər müdiri Ahmet Yeşiltepe media və jurnalistlərin cəmiyyətin lokomotivləri kimi türk dünyasının inteqrasiyasında özəl bir rola sahib olduğunu qeyd edib. Onun fikrincə, bundan sonra atılacaq addımılar daha konkret olmalıdır. Ahmet Yeşiltepe türk dünyasını bir araya gətirən, onun bütünlüyünə xidmət edəcək televiziya layihəsini qurarkən idarəçilik, maliyyə, məzmun və hansı dildə yayımlanacağı kimi məsələlərə önəm verilməsinin vacibliyinə diqqət çəkib. 
 Türkiyənin Yeni Çağ qəzetinin köşə yazarı Kürşad Zorlunun sözlərinə görə, bu gün türk dünyası 11,3 milyon kvadrat kilometr ərazi, 250 milyon əhalisi və təxminən 2 trilyonluq ümumdaxili məhsulu ilə Avropa Birliyi kimi qurumların vaxtilə xəyal edə bilmədiyi bir potensiala sahib olduğunu, amma bu potensialdan istifadə edilmədiyini vurğulayıb. 


Qeyd edək ki, türk xalqlarının ortaq tarixi, mədəniyyəti, təhsili, incəsənəti və milli dəyərlərini tanıdaraq, qardaş ölkələrin mənəvi sərvətinin zənginləşməsinə verdiyi töhfələrə görə Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdıraliyə Cənubi Qazaxıstan valisi tərəvindən xüsusi medal təqdim edilib. Həmçinin, bu istiqamətdə səmərəli fəaliyyətlərinə görə Türkiyə, Azərbaycan və Qazaxıstandan olan dörd jurnalist - Ahmet Yeşiltəpə, Kürşad Zorlu, Aida Eyvazlı və Askar Umarov Türk Akademiyasının "İsmayıl Qaspıralı adına media mükafatı”na layiq görülüblər.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyanın sözləri erməniləri ağlatdı- Sərhəd kəndin ortasından keçəcək