Modern.az

Hesablama Palatasının vəzifələri müəyyənləşib - Bu sahələri YOXLAYACAQ

Hesablama Palatasının vəzifələri müəyyənləşib - Bu sahələri YOXLAYACAQ

Parlament

20 Dekabr 2017, 14:01

Hesablama Palatasının vəzifələri müəyyənləşib.


Modern.az-ın
 məlumatına görə, bu barədə “Hesablama Palatası haqqında” yeni qanun layihəsində qeyd edilib.

Qanun layihəsinin 7-ci maddəsində (Hesablama Palatasının vəzifələri) göstərilib ki,Hesablama Palatası aşağıdakı vəzifələri yerinə yetirir:

-  icmal büdcənin, o cümlədən dövlət büdcəsinin  və büdcədənkənar dövlət fondlarının (təsisatlarının) büdcələrinin layihələrinə və müvafiq qanun layihələrinə rəy verir;

-  icmal büdcənin, o cümlədən dövlət büdcəsinin  və büdcədənkənar dövlət fondlarının (təsisatlarının) icrası barədə illik hesabata və müvafiq qanun layihələrinə rəy verir;

dövlət maliyyə nəzarətinin obyektlərində aşağıdakı sahələrdə kənar dövlət maliyyə nəzarəti tədbirlərini həyata keçirir:

- icmal büdcənin, o cümlədən dövlət büdcəsinin və büdcədənkənar dövlət fondlarının (təsisatlarının) gəlirlərinin və kənar dövlət maliyyə nəzarəti obyektləri tərəfindən dövlət və bələdiyyə gəlirlərinin proqnozlaşdırılması, hesablanması, ödənilməsi və digər öhdəliklərin yerinə yetirilməsi;

-  icmal büdcənin, o cümlədən dövlət büdcəsinin və büdcədənkənar dövlət fondlarının (təsisatlarının) xərclərinin və kənar dövlət maliyyə nəzarəti obyektləri tərəfindən dövlət və bələdiyyə xərclərinin proqnozlaşdırılması, hesablanması, icrası və digər öhdəliklərin yerinə yetirilməsi;

-  icmal büdcədən, o cümlədən dövlət büdcəsindən və büdcədənkənar dövlət fondlarının (təsisatlarının) büdcələrindən hüquqi şəxslərə  ayrılan vəsaitlərin qanunauyğun, məqsədyönlü, effektiv və təyinatı üzrə istifadəsi;

-  dövlət əmlakının idarə edilməsi;

-  dövlət satınalmaları;

-  dövlət investisiyaları;

-  dövlət proqramlarına ayrılmış vəsaitlərin istifadəsi;

-  qrantların və maliyyə (texniki) yardımlarının təyinatı üzrə və səmərəli istifadəsi;

-  ətraf mühitin mühafizəsi, təbii ehtiyatların istifadəsi və idarəedilməsi;

- daxili və xarici dövlət borcunun idarə olunması, dövlət zəmanəti ilə cəlb edilmiş borc öhdəliklərinin yerinə yetirilməsi, bağlanmış müqavilələrin şərtlərinə əməl olunması, xarici ölkələrə və şəxslərə verilən vəsaitlər üzrə öhdəliklərin icrası;

-  dövlət sifarişləri;

-  büdcədənkənar əməliyyatlar üzrə vəsaitlərin əldə edilməsi və istifadəsi;

-  büdcə ili ərzində vahid xəzinə hesabında olan vəsaitin qalığının (sərbəst qalığın) idarə olunması və ya idarəetməyə verilməsi;

-  dövlət vəsaiti ilə bağlı digər sahələrdə;

- kənar dövlət maliyyə nəzarəti tədbirlərinin nəticələri barədə Azərbaycan Respublikasının Milli Məclisinə və bu Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanına  məlumat verir;

- kənar dövlət maliyyə nəzarəti tədbirlərinin nəticələri üzrə Hesablama Palatasının kollegiyası tərəfindən qəbul edilmiş qərarlar əsasında qanunla müəyyən edilmiş müvafiq tədbirləri həyata keçirir;

- müvafiq icra hakimiyyəti orqanından və Azərbaycan Respublikasının Milli Məclisindən daxil olan maliyyə sahəsini tənzimləyən normativ hüquqi aktların və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin maliyyə ekspertizasını həyata keçirir;

- dövlət sirrinin və kommersiya sirrinin, habelə məxfilik rejiminin qorunması üçün tədbirlər görür;

- kənar dövlət maliyyə nəzarətinin obyektlərində daxili nəzarətin və daxili auditin təşkilinin vəziyyətini qiymətləndirir;

- korrupsiyaya qarşı mübarizə sahəsində qanuna müvafiq tədbirlər həyata keçirir;

- hüquq pozuntularına qarşı mübarizə sahəsində dövlət orqanları ilə qarşılıqlı fəaliyyət göstərir;

- fəaliyyəti barədə Azərbaycan Respublikasının Milli Məclisinə illik hesabat təqdim edir;

- qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirir.


Yeni qanun layihəsinin Milli Məclisin növbəti plenar iclasında II oxunuşda müzakirə ediləcəyi gözlənilir.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi