Bu gün “Roma-Katolik Kilsəsinin Apostol Prefekturası” dini qurumuna dövlət qeydiyyatına alınması barədə Şəhadətnamə təqdim edilib. Bu barədə Modern.az saytına Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) mətbuat xidməti məlumat verib. DQİDK-dən bildirilib ki, komitə sədri Hidayət Orucovun, Müqəddəs Taxt-tacın Azərbaycandakı apostolik nunsisi Kladio Qucerottinin və Roma-Katolik kilsəsinin ölkəmizdəki ordinarisi Vladimir Feketenin iştirakı ilə keçirilən təqdimatda katolik dini icmasının dövlət qeydiyyatına alınması əlamətdar hadisə kimi qiymətləndirilib.
K.Qucerotti bildirib ki, Azərbaycandan sonra Müqəddəs Taxt-tac da iyulun 6-da “Azərbaycan Respublikası və Müqəddəs Taxt-tac arasında Katolik kilsəsinin Azərbaycan Respublikasında hüquqi statusu haqqında” Sazişi ratifikasiya edib və beləliklə, həm Vatikan, həm də Azərbaycan üçün böyük əhəmiyyət daşıyan tarixi hadisə gerçəkləşib. Qeyd edilən sazişin ratifikasiyasından sonra Katolik dini qurumunun dövlət qeydiyyatına alınmasına və katoliklər üçün yaradılan şəraitə görə, Azərbaycan hökumətinə, eləcə də Dövlət Komitəsinə minnətdarlığını bildirən K.Qucerotti Azərbaycanın tolerantlıq prinsiplərinə həmişə sadiq qaldığını qeyd edib. O deyib ki, Müqəddəs Taxt-tacın Azərbaycanla imzaladığı saziş bu qəbildən olan ilk sənəddir. Çünki Vatikan indiyədək heç bir dövlətlə belə bir saziş imzalamayıb. Bu baxımdan həmin saziş və onu imzalayan Azərbaycan hökuməti başqa ölkələr üçün örnək sayıla bilər: “Azərbaycan necə tolerant ölkə olduğunu bir daha təsdiqlədi. Artıq bütün dünya bunun şahididi. Əminəm ki, beynəlxalq aləmdə müsbət əks-səda doğuran bu sənəd böyük tarixi hadisə kimi yaddaşlarda qalacaq. İlk gündən mətbuatın reaksiyası da bunu deməyə əsas verir. Mən bütün bunlara görə Prezident İlham Əliyevə və Azərbaycan hökumətinə Müqəddəs Taxt-tac adından dərin təşəkkürümü bildirirəm”.