Modern.az

Dil quruculuğuna qarşı Avropa diplomatiyası

Dil quruculuğuna qarşı Avropa diplomatiyası

Ədəbi̇yyat

2 Mart 2018, 12:49

Buludxan Xəlilov,
Dil Komissiyasının üzvü,
filologiya üzrə elmlər doktoru, professor


Dilin möcüzəsini, ideoloji istiqamətdə gördüyü uğurlu işləri Avropa diplomatiyası yaxşı bilir. Ona görə də hansısa bir dilin beynəlxalq  dil statusunu alması əhəmiyyətli bir iş kimi Avropa diplomatiyasının maraq dairəsindədir. Bu statusun imkanlarından həmişə istifadə olunub, gələcəkdə də belə olacaqdır. Yeri gəlmişkən türk dilinin beynəlxalq dil statusunu almasına Avropa diplomatiyası imkan vermir və yaxın gələcəkdə də bu imkanı yaratmayacaqdır. Avropa diplomatiyası çalışır ki, elm, təhsil, siyasət, maliyyə və s. dili kimi üzdə olan Avropa dövlətlərinin və onların dillərinin nüfuzunu qoruyub saxlasın. Onların marağında olmayan dillərin elm, təhsil, siyasət, maliyyə dili kimi formalaşmasına hər cür əngəllər törədirlər. Axı elm, təhsil, siyasət, maliyyə və s. dili olmaq təkcə dilin nüfuzu deyil, həm də həmin dilin gəlir, qazanc gətirdiyi bir məsələdir. Bu elə bir ciddi siyasətdir ki, onun arxasında olan maddi maraq elmə, təhsilə, siyasətə, maliyyəyə və s.-yə qoyulan xərci bir yerə toplayır, bir ünvana aparır, nəticədə həmin ünvan, həmin yer maddi cəhətdən, iqtisadi cəhətdən güclü olur. Maddi və iqtisadi güc isə bir çox problemləri həll edir. Bugünkü dünyanın mənzərəsində bunu görməmək mümkün deyildir. Kürələşən dünyada beynəlxalq dillərdən təhsil, elm, siyasət, maliyyə və s. dili kimi istifadə edən Avropa diplomatiyası nə etdiyini çox yaxşı bilir. Dünyanın gücünün hansı tərəfdə olmasını həm də bu yolla tənzimləyir. Təbii ki, belə bir proses beynəlxalq dillərin öz aralarında olan rəqabəti də gücləndirir. Daha çox əziyyəti isə beynəlxalq statusu olmayan dillər çəkir. Beynəlxalq statusu olmayan dillər konkret ərazilərdə, konkret sərhədlər çərçivəsində elm, təhsil, siyasət, səhiyyə, maliyyə və s. dili kimi fəaliyyət göstərirlər.


Azərbaycan dili də bu qəbildən olan dildir. O, elm, təhsil, siyasət, səhiyyə, maliyyə və s. dili kimi Azərbaycan Respublikasında işlənir. Ancaq beynəlxalq dillər rəqabət prosesində çalışırlar ki, dillərin bu imkanına da nüfuz etsinlər. Və bəzən bu nüfuzu da edirlər. Dünyanın müxtəlif ölkələrində beynəlxalq dillərdə olan məktəbəqədər müəssisələrin, orta məktəblərin, ali məktəblərin olması bir faktdır. Belə məktəblər vasitəsilə beynəlxalq dillər də, Avropa diplomatiyası da öz işini görür. Odur ki, kürələşən dünyanın belə bir mənzərəsində Azərbaycan dilinin də elm, təhsil, siyasət, səhiyyə, maliyyə və s. dili kimi qorunub saxlanılması və inkişaf etdirilməsi olduqca aktualdır. Bu mənada hər bir dilə xidmət etmək müqəddəs missiya kimi diqqəti cəlb edir. Burada beynəlxalq dilin də, beynəlxalq olmayan dilin də xidmətə ehtiyacı var. Ancaq beynəlxalq olmayan dillərin xidmətə ehtiyacı daha böyükdür. Onlar beynəlxalq dillər tərəfindən hədəf kimi görünür, hədəfə götürülür. Ona görə də beynəlxalq dillər də, Avropa diplomatiyası da beynəlxalq olmayan dillərin nüfuzunu aşağılamaq üçün bütün imkanlarından istifadə edir. Hətta onlardakı dil quruculuğu prosesinə də maneçilik göstərir. Beynəlxalq dillər və Avropa diplomatiyası apardıqları siyasətlə yanaşı, kütləvi informasiya vasitələrinin də imkanlarından lazımi səviyyədə istifadə edir. Çalışırlar beynəlxalq olmayan dilləri nüfuzdan salsınlar. Bunun üçün isə, bir daha qeyd edək ki, beynəlxalq olmayan dillərin dil quruculuğu prosesinə birbaşa və dolayısı yolla müdaxilə edirlər. Belə bir müdaxilənin qarşısını almaq yolunda ilkin tədbirlər sırasında dili doğma balalarımıza sevgi dolu hisslərlə öyrətmək ən böyük xidmətlərdən biri sayılmalıdır.


Azərbaycan Respublikasının hər bir uşağına (millətindən asılı olmayaraq) millətimizin yaratdığı və yaşatdığı Azərbaycan dilini, onun bütün gözəlliklərini, incəliklərini öyrətmək qiymətli bir xidmət kimi qəbul olunmalıdır. Bu qiymətli xidməti həyata keçirənlərdən birincisi dil müəllimləridir. Dil müəllimləri, yəni dili öyrədən müəllimlər dili duya-duya, anlaya-anlaya, dilin taleyini düşünə-düşünə öz müqəddəs işlərini görməlidirlər. Bu proses onlar tərəfindən nə qədər düzgün həyata keçirilərsə, bir o qədər də qarşı tərəf, yəni dili öyrənən tərəf öyrəndiyi dilə duyumlu, anlayışlı və düşündürücü yanaşa bilər. Öyrədən və öyrənən tərəfin məsuliyyəti dilin sehrini, möcüzəsini açmaq üzərində qurulmalıdır. Dilin sehrini, möcüzəsini açmaq üçün dili sevməkdən başlamaq lazımdır. Dili öyrədən də, dili öyrənən də dili sevməlidir. Dili öyrədən təkcə dil və ədəbiyyat müəllimləri olmamalıdır. Düzdür, dili öyrətmək dil və ədəbiyyat müəllimlərinin birbaşa vəzifəsidir. Ancaq dili hansı fənni tədris etməsindən asılı olmayaraq hər bir müəllim öyrətməlidir. Fizika, riyaziyyat, tarix, coğrafiya, kimya, biologiya və s. fənləri tədris edən müəllimlər öz fənlərinə aid bilgiləri dilin imkanlarından istifadə edərək öyrədirlər. Odur ki, onlar öyrətmə prosesində dilin bütün məna incəliklərinə riayət etməklə fənlərinə aid bilgiləri daha asan öyrədə bilərlər. Bu baxımdan hər bir fənn müəllimi doğma ana dilini mükəmməl bilməli, ana dilinin bütün zənginliklərini, imkanlarını ifadə etməyi bacarmalıdır. Bundan başqa, doğma ana dilini öyrətməkdə ailədəki babanın, nənənin, atanın, ananın, böyük qardaşın, bacının da görəcəyi işlər az deyil. Onlar da bu işə müqəddəs bir iş kimi yanaşmalı, sevgi və məhəbbətlə bağlanmalıdırlar. Uşaqlara layla çalmaqdan başlamış nağıl söyləməyə qədər olan bütün işlər ailədə dilin incəliklərini, gözəlliklərini mənimsətməkdə zövqlü və müqəddəs amal olmalıdır. Dili öyrətmək dil və ədəbiyyat müəllimləri ilə yanaşı, digər fənn müəllimlərinin, eləcə də ailənin müqəddəs işi olarsa, onda təməlin, bünövrənin möhkəmliyini heç nə sarsıda bilməz. Belə olan təqdirdə, beynəlxalq dillərin və Avropa diplomatiyasının dil sahəsində apardığı məqsədli siyasətin beynəlxalq statusu olmayan dillərə təsiri narahatlıq yaratmaz. Həm də beynəlxalq dillərin və Avropa diplomatiyasının beynəlxalq statusu olmayan dillərin dil quruculuğu prosesinə təsiri fayda verməz. Dil quruculuğu prosesi dil daşıyıcılarının özü bilmədən beynəlxalq dillərin və Avropa diplomatiyasının rəqabəti ilə qarşılaşır. Bu proses tarixən olmuş, indi də hər gün, hər ay, hər il davam etməkdədir. Bu, yerüzündə, kürələşən dünyada təhlükəli bir proses kimi davam etməkdədir. Dillərin təhlükəyə sürüklənmə prosesinin tarixi siyasətin tarixi ilə yaşıddır. Təsadüfi deyil ki, bu prosesi anlayanlar, təhlil edənlər həmişə olub və olacaqdır. Bu mənada 1933-cü ildə Türkiyədə “dil inqilabı” başlayan zaman bir türk diplomatı digər bir ingilis diplomatı ilə Avropada qarşılaşır. İngilis diplomatı türk diplomatına Türkiyədəki “dil inqilabı” ilə bağlı deyir: “Aman, diqqətli olun, Moskva bu işə əl atacaqdır!..” İngilis diplomatı onu da deyir ki, millətlər bir-birinin iç aləmlərində gizli işlər törədirlər. Bir-birini içəridən, daxildən vurmaq üçün müxtəlif fürsətlərdən istifadə edirlər. Və fürsətdən istifadənin yollarını da yaxşı bilirlər. Elə bununla bağlıdır ki, ingilis ədibi Corc Oruell “1984” adlı romanını yazdı. Bu romanda millətlərin dillərini yıxmaq, nəticədə millətləri kütlə halına salmaq istəyində olanların hədəflərindən bəhs olunur. Totalitar rejimin maraq və mənafeyinə uyğun olan bir çox məsələlərlə yanaşı, yeni dil yaratmaq məsələsi də bədii təhlilini tapır. İnsanın bir şəxsiyyət kimi yetişməsində keçmişin, o cümlədən dilin rolunu inkar etmək olmur. Odur ki, bu romanda keçmişi insanın əlindən almaq, onu dəyişdirməklə hərəkətə gətirmək, ona aid faktları dəyişdirmək və yeniləri ilə əvəz etmək totalitar rejimin mühüm vəzifələrindən biri kimi verilir. Bu vəzifəni yerinə yetirmək üçün totalitar rejim dilin özünü dəyişmək və yeni dil yaratmaq məsələsinə önəm vermişdir. Məhz dili dəyişmək, yeni dil yaratmaq məsələsi totalitar rejim üçün ona görə maraq kəsb etmişdir ki, dil vasitəsilə insanlar həm də keçmişlə təmasa girirlər. Keçmişlə təmasa, əlaqəyə girmənin qarşısını almaq üçün, təbii ki, dili dəyişmək, yeni dil yaratmaq totalitar rejimin marağına və mənafeyinə uyğun olmuşdur. Bu mənada C.Oruell məsələni “1984” adlı romanında elə-belə qoymamışdı. O, Sovetlər Birliyində həyata keçirilən dil siyasətinə və bunun nəticəsində yaranan dəyişikliklərə əsaslanaraq romanda totalitar rejimin iç üzünü açırdı. C.Oruell çalışmışdır ki, sovet totalitar rejimində həyata keçirilən dil siyasətini üzə çıxarsın. Bu siyasətin həyata keçirilməsində əsas məqsədlərdən birinin cəmiyyəti idarəetmək baxımından yarandığını aça bilsin. Odur ki, C.Oruell totalitarizmin dil siyasəti sahəsində yaratdığı dəyişikliklərin nə demək olduğunu anlatmağa cəhd edir. O istəyir ki, anlatsın: totalitar rejim dilin insanlar arasında ünsiyyət vasitəsi olmasını istəmir, dilin cəmiyyət üzvlərini bir-birindən təcrid etməsinə çalışır. Totalitar rejim keçmişi, bu günü təhlil etmək, gələcək barədə proqnoz vermək idrakını insanların əlindən almaq istəyir. Ona görə də bunu insanların əlindən almaq üçün dilin əsas funksiyasını dəyişdirmək istəyirlər. Axı dil olmasa, insanlar keçmişlə, bu günlə müqayisəni yarada bilməz, gələcək barədə fikir yürütmək çətin olar. Dil vasitəsilə idrak prosesi həyata keçirilir. Bu mənada totalitar rejim üçün idrakın, düşüncənin qeyri-mümkünlüyünü həyata keçirmək üçün dili dəyişmək, dili dağıtmaq ən mühüm məqsədlərdən, vəzifələrdən biri hesab edilir. Totalitar rejim yaddaşsızlıq yaratmağa nail olmaq üçün dili dağıtmağı dil siyasətinin əsas komponenti sayır.

C.Oruellinin dil siyasəti ilə bağlı fikirləri Sovetlər Birliyində həyata keçirilən dil siyasətinə əsaslanırdı. Stalinin və Hitlerin siyasətinin maraq dairəsi göstərilirdi. Stalinin siyasətini sosializmin, Hitlerin siyasətini faşizmin təntənəsi kimi qeyd edirdi. Bunların totalitar cəmiyyətlərdə dil siyasəti ilə əlaqəli olduğunu demək istəyirdi. Totalitar rejimlər yaddaşsızlığı yaratmaq üçün, insanlar arasında olan əlaqəni qırmaq üçün kütləvi şəkildə məhv etməyə, sürgün etməyə üstünlük verirdi. Bunu Stalin və Hitler rejimində görməmək mümkün deyildir.

DAVAMI VAR...

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyanın sözləri erməniləri ağlatdı- Sərhəd kəndin ortasından keçəcək