Modern.az

Jurnalistikaya qəbul olunmuş jurnalist qızı: “Bir ara istəyirdim ki, aşpaz olum” - MÜSAHİBƏ

Jurnalistikaya qəbul olunmuş jurnalist qızı: “Bir ara istəyirdim ki, aşpaz olum” - MÜSAHİBƏ

Media

1 Oktyabr 2019, 11:43

Bu il keçirilmiş qəbul imtahanlarında tələbə adını qazananlar arasında xeyli jurnalist övladı da var. Kimisi yerli, kimisi də xarici universitetlərin tələbəsi olmaq şansını qazanıb.


Modern.az
saytı ali məktəblərə qəbul olmuş jurnalist övladları ilə müsahibələrə davam edir. Bu dəfəki həmsöhbətimiz “Kaspi” qəzetində baş redaktorun müavini Məğrur Əliyevlə CBC televiziyasının veb-redaktoru və parlament müxbiri Fərəh Sabirqızının qızı Fidan Əliyeva oldu.


Fidan Əliyeva 2002-ci il mart ayının 21-də Bakıda anadan olub. 2008-ci ildə Bakı Atatürk  Liseyində 1-ci sinfə gedərək, 2019-cu ildə bu liseyin məzunu olub. Bu il keçirilmiş qəbul imtahanında 473 bal toplayaraq,  ödənişsiz əsaslarla  Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə qəbul olub. Hazırda I kurs tələbəsidir.

- Fidan təhsil sənin üçün nə deməkdir?


- Düşünürəm ki, təhsil mənim üçün hərşey deməkdir. Mən təhsili, savadı  olmayan şəxsi işığı olmayan bir lampaya bənzədirəm. Əgər səndə o işıq varsa, o lampanın yanmaması mümkün deyil. Bir yolla yanıb, ətrafına işıq saçaraq irəliyə doğru addımlayacaq. Təhsil almaq isə seçdiyin ixtisas üzrə mütəxəssisləşmək deməkdir. Mən də jurnalistika ixtisası üzrə təhsil alıram və istəyirəm ki, bu sahədə peşəkar bir jurnalist olum. Təhsil aldığım universitetdən də gözləyirəm ki, məni bu istiqamətdə düzgün bir kadr kimi yetişdirəcəklər. Bakı Dövlət Universitetini güvənərək seçdim. Uşaqlıqdan bu universitetə qarşı bir simpatiyam vardı, düşünürdüm ki, mən də o universitetin tələbəsi olmalıyam. İxtisas seçimində də demək olar ki, ancaq Bakı Dövlət Universitetini yazmışdım.


- Nəyə görə jurnalistika ixtisasını seçməyə qərar verdin?



- Ona görə ki, uşaqlıqdan bu ixtisasa marağım olub. Bəlkə ondan irəli gəlir ki, ailədə valideynlərimin hər ikisi də jurnalistdir. Jurnalistikanı onlar mənə sevdirib. Düzdür, çətin peşədir, ancaq çətinliyi qədər də şərəflidir. Məqsədim vicdanlı jurnalist olmaqdır. Hər kəs jurnalist ola bilər, ancaq peşəkar jurnalist odur ki, həqiqətləri desin və həqiqətləri işıqlandırsın. Jurnalistikada da ən böyük kumirim Çingiz Mustafayev olub. Çünki o insan sözün əsl mənasında qəhrəman jurnalistdir. Bəlkə də ona baxaraq daha çox həvəsə gəlmişəm. Vətənpərvərliklə bağlı çoxlu inşalar yazırdım. Ümumiyyətlə, yazı yazmağı çox sevirəm. Hətta orta məktəbdən başlayaraq, maraqlı esselər yazırdım. Yazı ilə bağlı müsabiqələrdə də tez-tez iştirak edirdim. Axırıncı səfər ən böyük uğurum Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə bağlı “Fyüzat” jurnalının keçirdiyi yazı müsabiqəsində oldu. Burada 1-ci yerə layiq görüldüm.  Bu uğurlarımı da müəllimlərimə borcluyam. Hətta ibtidai sinifdə oxuyanda bir sevimli müəllimim vardı, adı Fuad idi. Bir gün sinifdə bizə bir mövzu verdi, esse yazmaq üçün. İnanın ki, o mövzu mənə o qədər xoş gəldi ki, maraqlı bir esse yazıb, Fuad müəllimə təhvil verdim. Müəllimin o qədər xoşuna gəlmişdi ki, birbaşa anama zəng vurmuşdu. Evə gələndə anam söylədi ki, essen müəllimin çox xoşuna gəlib və bunu mənə sevincli şəkildə zəng vuraraq bildirdi. Fuad müəllim hətta anama bildirib ki, əgər dərsdə o mövzunu verib təhvil almasaydım, düşünərdim ki, evdə valideynləri kömək edib. Düşünürəm ki, əsl müəllim Fuad hoca kimi olmalıdır ki, şagirdlərinin uğurlarına sevinsin.


- Xüsusi bir bacarığın varmı?


- Düzdür professional dərəcədə olmasa da, gözəl rəqs etmək bacarığım var. Hətta orta məktəbdə oxuyanda, sinif yoldaşlarımla birlikdə Türkiyəyə də getdik. Orada rəqslə bağlı festivala qatıldıq. Yemək bişirməyi də çox sevirəm. Buna bacarıq deməzdim, hər bir qadın yemək bişirməyi bacarmalıdır. Ancaq mən yeməyi çox gözəl və dadlı bişirirəm. Hətta yeməklə bağlı kurslara da qatılmağı fikirləşirəm. Bir ara istəyirdim ki, aşpazlıqla bağlı peşəni seçim. Təbii ki, bu təhsil sistemini də Türkiyə universitetlərinin birində almaq istəyirdim. Çünki Türkiyədə aşçılıq deyilən bir ixtisas var, orada oxumağı daha çox arzulayırdım. Pianino çalmağı da sevirəm, zəif də bacarıram. Bu sahəni də təkmilləşdirmək üçün müəllimə ehtiyyacım var.



- Nə vaxtsa xaricdə təhsil almaq haqqında düşünürsənmi?


- Əlbəttə, deyərdim ki, ən böyük arzularımdan biri də xaricdə təhsil almaqdır. Magistratura təhsilimi istərdim ki, Avropada, konkret olaraq İsveçrədə alım. Bu fikrimlə valideynlərim əvvəl razı deyildilər, düşünürdülər ki, həmişə yanlarında olum, ancaq indi belə fikirləşmirlər. Əsasən də atam razı deyildi. Sevinirəm ki, razı sala bildim.


- Deyirlər məqsədin nədirsə onu hədəfə çevirmək lazımdır. Bəs sənin üçün ən böyük məqsəd nədir?


- Ən böyük məqsədim beynəlxalq qurumlarda işləməkdir. Bu fikirlə razılaşıram, əvvəldən məqsədin nədirsə onu hədəfə çevirməlisən. Bu istiqamətdə də bir addım öndəyəm, çünki ingilis dilini mükəmməl bilirəm. Hətta universitetdə də bizə jurnalistika ixtisasını ancaq ingilis dilində tədris edirlər. Fikirləşirəm ki, jurnalistika ixtisasını ingilis dilində oxumağın özü xaricdə təhsil almaq kimi birşeydir. Düzdür, hələ iki həftədir təhsil alıram. Mənə görə tələbə həyatı kimi gözəl ikinci bir hiss yoxdur. Hər şey çox əladır. Orta məktəbdən fərqli olaraq, burda daha çox sərbəstlik var. Həyatıma sanki, yeni bir nəfəs vermiş oldu. Yeni mühit, yeni insanlar, bir sözlə hər şey möhtəşəmdir. Mən bilməzdim ki, tələbəlik həyatı bu qədər dəyərli və əziz olar.


Müsahibədə tələbənin anası Fərəh Sabirqızı da iştirak edib və o, sonda qızına arzularını belə ifadə edib:

Mən həmişə Fidanın özünə də demişəm ki, hansı sahəni seçirsən seç, bir valideyn kimi, səni dəstəkləyəcəm. Öz işinin peşəkarı  olmağını arzulayıram. Gələcəyi işıqlı və parlaq olsun.



Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyanın sözləri erməniləri ağlatdı- Sərhəd kəndin ortasından keçəcək