Modern.az

Mirmahmud Mirəlioğlu: “Rəsul bəylə görüşü müzakirə edəcəyik”

Mirmahmud Mirəlioğlu: “Rəsul bəylə görüşü müzakirə edəcəyik”

Təhsil

10 May 2012, 18:27

“Fuad bəy iki gündür Bakıda olsa da, hələ də görüşməmişik”

Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatının ABŞ-a göndərdiyi Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev Azərbaycana qayıdıb. Bu barədə Modern.az-a Hərəkatın üzvü olan KXCP sədri Mirmahmud Mirəlioğlu bildirib. Onun sözlərinə görə, mayın 8-də vətənə qayıdan F.Əliyevin ABŞ-a səfəri və eləcə də Açıq Cəmiyyət Partiyasının lideri Rəsul Quliyevlə görüşü barədə  yaxın günlərdə DCUMH-da müzakirələr aparılacaq.  M.Mirəlioğlunun sözlərinə görə, F.Əliyev iki gündür Bakıda olsa da, ABŞ səfəri ilə bağlı onunla müzakirə aparılmayıb.

“Fuad bəylə hələ görüşməmişik. Bildiyimiz kimi o ABŞ-a səfərdən qayıdıb. Lakin biz onunla bir araya gəlib səfəri müzakirə etməmişik. Mediada verilən məlumatdan başqa bildiyim heç nə yoxdur. Fuad bəy srağagün axşam gəlib. Bu gün biz onunla zəngləşmişik danışmışıq. Yaxın günlərdə görüşüb müzakirə edəcəyik”.

F.Əliyevin ABŞ-da Rəsul Quliyevlə görüşməsi məsələsinə toxunan KXCP sədri bu haqda ancaq mətbuatdan məlumat aldığını deyib.

“Rəsul bəylə görüşüb-görüşməməsi ilə bağlı onunla söhbət etməmişəm. Lakin mətbuat vasitəsiylə bilirəm ki, Fuad bəy Rəsul Quliyevlə görüşüb”-deyə M.Mirəlioğlu qeyd edib.

Qeyd edək ki, dəfələrlə Liberal Demokrat Partiyasının sədri Fuad Əliyevlə əlaqə saxlamağa çalışsaq da, cəhdimiz baş tutmayıb. F.Əliyev ABŞ-a aprelin 26-da səfər edib.

Xatırladaq ki, Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatına Açıq Cəmiyyət, Klassik Xalq Cəbhəsi, Aydınlar, Liberal Demokrat, Azadlıq partiyaları daxildir.

Anar RÜSTƏMOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyanın sözləri erməniləri ağlatdı- Sərhəd kəndin ortasından keçəcək