Modern.az

Bələdiyyələri borca salanlar: kimdir günahkar?

27 Sentyabr 2021, 17:08

Vüqar Tofiqli


Bu günlərdə Dövlət Vergi Xidməti (DVX ) DSMF-yə  borcu olan bələdiyyə sədrlərinə məktub göndərib. Və tələb edib ki, əgər borc on gün müddətinə ödənməsə, onların ölkədən çıxışına qadağa qoyulacaq. Başqa yolu qalmayan DVX  bu yolla sədrləri “küncə dirəyib” borcu almaq istəyir. Olsun. Razıyam. Əslində buna qanunun tələbi kimi baxılmalıdıır. Və belə də olmalıdır. 


Əlavə edim ki, bir neçə ildir ki, bələdiyyələrin DSMF-yə və digər orqanlara külli miqdarda borcları olması barədə ciddi müzakirələr aparılır. Bununla bağlı Adminstrasiyanın müvafiq sektoru da bir sıra addımlar atmışdı. Məhz bu addımlar sayəsində borcun həcmi 12 milyon manatdan 7 milyon manatadək azalıb. Bələdiyyələrlə iş Mərkəzinin də bu istiqamətdə son illərdə atdığı addımları danmaq olmaz. Biz də dəfələrlə bu mövzuya həm münasibət bildirmiş, həm də ictimailəşdirmişik.
Bu günlərdə Biləcəri, Xocasən və Əhmədli bələdiyyəsinin üst-üstə 1 milyon manatdan artıq borcunun olması və bu vəziyyətdən çıxış yolları barədə fikirlərimi bidirmişəm. Bu məqamda bələdiyyələrə yuxarıda qeyd etdiyim məzmunda məktubun daxil olmasına təəcüblənmədim. Çünki gözlənilən müraciət idi. Lakin biz bu məsələyə başqa tərəfdən yanaşmaq istərdik.


Birincisi, Dövlət Vergi Xidmətinin rəsmilərinə sual edirəm, bu qədər borcun yaranmasında kimdir günahkar?  Xidmət bu barədə araşdırma aparıbmı? Müəyyən edilibmi ki, borc hansı səbəbdən yaranıb.


Maraqlıdır, niyə məqamında DSMF bələdiyyənin bank hesabına “inkassa” qoymaqla  öz işini bitmiş hesab edib... Niyə o borcu yaradan səbəblə tanış olmayıb, səbəbkarlarla bağlı ölçü götürməyib. Və bu qədərdə borcun üstünə faiz gəlib. Kimsə deyə bilərmi ki, DSMF rəsmiləri bələdiyyə sədrlərinə bu mövzu ilə bağlı vaxtında görüş keçirib, izahat verilib və ya qanunların bir çox məqamlarına aydınlıq gətirilib. Proseslərdən xəbərdar olan bir şəxs kimi bizim məlumatımız yoxdur. Deməli, qəti əminliklə demək olar ki, bəlkə də heç olmayıb da. Sadəcə göz yumublar və  “əvvəl-axır faiz qarışıq alacağıq” fikri ilə yaşayıblar.


Demək belə qənaətə gələ bilərik ki, borcun bu qədər şişməsində əsas günah sahiblərindən biri  DSMF-dir, yəni elə həm də DVX-nin özüdür. Çünki bu  orqanlarda vaxtilə çalışan şəxslər öz işlərinə məsuliyyətlə yanaşmış olsaydılar, yəqin ki, belə olmazdı.


İkinicisi, burda digər günah sahibi borclu bələdiyyələrin aid olduğu rayonların icra hakimiyyətlərinin başçılarını hesab etmək lazımdır. Vətəninə, dövlətinə və  ən nəhayət özünə hörmət edən icra başçısı bələdiyyələrdə borcun bu qədər şişməsinə əslində imkan verməməliydi. Açıq etriaf edək ki, özləri məzuniyyətə getdikləri vaxtı, habelə rayonda hansısa bir irili-xırdalı layihələrin icrasına bələdiyyə sədrlərini məcbur edib hansısa formada “layihənin” icrasına “cəlb edəndə” düşünməliydilər ki,  sədrlər də onu dövlətin vergi və rusumlarından “kəsib” gətirirlər. Ona görə, ikinci əsas günah sahibi borclu bələdiyyənin aid olduğu rayonların  icra başçılarıdır. Bununla yanaşı, indi yüzlərlə bələdiyyənin bank hesabı bağlı olsa da, onlara  aid dotasiyaya göz dikilməsi, deyərdim, ən utancverici hadisədir. Hələ  dotasiyanın ayrılmasında və öz ünvanına çatmasında məqsədli şəkildə yaradılan maneələri demirəm.  

Bir daha təkrar edirəm ki, burada söhbət o icra başçılarından və RİH-lərdə çalışan məmurlardan  gedir ki, vəzifədə olduğu müddətdə  bələdiyyələrdə yaranan borcun artmasının qarşısını almayıb, ya da almağa maraqlı olmayıb.  


Üçüncüsü, ən böyük günah sabibi bələdiyyəyə borc yaratmış məsuliyyətsiz sədrlərdir. Sonradan borclu bələdiyyəyə sədr seçilən şəxs ilk növbədə borcun silinməsiylə bağlı strateji proqram hazırlamalı, bələdiyyə iclasında müzakirəyə çıxarıb təsdiq etməli və icrasına başlamalı idi. Lakin bu addımı atmaq əvəzinə, bələdiyyəyə aid olmayan işin qulpundan yapışması ilk növbədə elə bələdiyyə sistemini aşağılamaq kimi başa düşülməlidir.


Necə olur ki, ötən iki ilə yaxın bir müddətdə Bibiheybət bələdiyyəsinin sədri 10 min manat, Gədəbəy bələdiyyəsinin sədri 25 min manat, Sahil bələdiyyəsinin sədri 38 min manat, Binəqədi  bələdiyyəsinin sədri 145 min manat, Sabunçu bələdiyyəsinin sədri 100 min manat, Qala bələdiyyəsinin sədri 24 min manat, Vəndam bələdiyyəsinin sədri 12 min manat borcunu “bağlaya” bilir, lakin Biləcəri, Xocasən və Əhmədli bələdiyyəsinin borcları isə əksinə, artır. Mən hələ Tərtər, Gədəbəy, Şamaxı və digər bələdiyyələrin borclarına toxunmuram.


Faciə ondadır, Əhmədli bələdiyyəsindəki kimi bəzi  sədrlər borcu özü min bir bəhanə ilə yaradır, artırır  və elə bir vəziyyətə gətirir ki, bələdiyyə üzvlərindən heç biri bu məsuliyyət yükünü altına girmək istəmir.  Və belə bir məqamda fikir yaranır ki, “borcu özü yaradıbsa elə, qoy özü də yola verib bağlasın”. Amma əksinə, vəziyyət daha da pisləşir. Nə isə...


Yekun olaraq bəzi məqamlara da fikir bildirmək istərdim. Bu gün borclu bələdiyyənin sədrləri o borcu təkbaşına qaytara biləməyəcək. Yəni bələdiyyələrə mənəvi və proqram xarakterli  dəstək mütləq lazımdır. İndiki vaxtda məsələyə qanunvericilik baxımından hansısa formada dəstəyin verilməsi zərurəti yaranır. Borclu bələdiyyənin fəaliyyəti isə daim müvafiq inzibati nəzarət orqanının, yəni Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin və DVX-nin nəzarətində olmalı və mütəmadi olaraq göstərilən metodoloji dəstək istensiv şəkildə davam etdirməlidirlər. Hətta bu rayonlardakı məmurlara da izahat verilməlidir ki, bələdiyyələrə dəstək olsunlar, onları “sıxmasınlar”.   


Bir də ki, 8 min manat borcu olana və 784 min manata borcu olana da eyni məzmunda məktubun göndərilməsi tamam ədalətsizlikdir. Bu məqamda da fərq qoyulmalı idi. Yəni 50 min manatadək borcu olanlara ölkədən çıxmağa “stop” qoyulursa, 50 min manatdan yuxarı məbləğdə borcu olana cinayət işinın açılması məsələsinə baxılmalıdır. Özü də cinayət işi o borcu yaradana açılmalıdır.


Son olaraq belə qənaətə gələ bilərik ki, bələdiyyələrin  borc məsələsiylə bağlı müvafiq orqanlar da öz sözlərini deməli və vəziyyətdən çıxmaq üçün təkliflər paketini hazırlamaqla icrasını təmin etməlidirlər.


Hər halda düşünməyə dəyər.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı