Modern.az

Formula 1 yarışları Azərbaycana nə vəd edir?

1 İyun 2021, 19:54

Elman Babayev

Beynəlxalq yarışlar Azərbaycanın təbliğatı, turuzm potensialının bərpasında əvəzedilməz rola malikdir

COVİD-19 pandemiyasının yaratdığı məhdudiyyətlərin yumşaldılmasının ardınca Azərbaycan yenidən nüfuzlu beynəlxalq idman yarışlarına ev sahibliyi etməyə başlayıb. İndiki vəziyyətdə ölkəmizdə belə idman yarışlarının təşkili turizmin dirçəldilməsi baxımından olduqca vacibdir. Nəzərə almaq lazımdır ki, pandemiya ilə mübarizə çərçivəsində həyata keçirilən tədbirlər nəticəsində əksər ölkələrdə yumşalmalara gedilir. Azərbaycanda da bu istiqamətdə əldə olunan müsbət nailiyyətlər imkan verir ki, tədricən digər qadağalar da aradan qalxsın və artıq post-COVİD dövrünə keçid tam reallaşsın.

Qarşımızdakı yeni dönəmdə turistlərin ölkəmizə çəlbi üçün gərgin iş aparılmalıdır. Son həftələr xarici mətbuatı izləmək yetər ki, İspaniya, İtaliya, Türkiyə və başqa bu kimi ölkələrdə post-pandemiya dövründə turistləri cəlb etmək üçün hansı kampaniyalar həyata keçirirlər.

Belə bir dönəmdə ölkəmizdə idman yarışlarının təşkil edilməsi ikiqat əhəmiyyətə malikdir. Amma təəssüf ki, bununla bağlı heç də birmənalı yanaşma mövcud deyil. Xüsusilə, Formula-1 yarışları ilə bağlı sosial şəbəkələrdə açılan müzakirələrdə tənqidlərə də rast gəlinir. Bu yarışların yaratdığı müəyyən keçici və qısamüddətli çətinliklərə söykənərək, həmin tədbirin faydasız olması kimi cəfəng iddialar səslənir.

Əsl həqiqət isə görməzdən gəlinir.

Birincisi, dərk etmək lazımdır ki, pandemiya dövründə iqtisadiyyatımız, sürətli inkişaf dövrünə qədəm qoymuş turizm sektorumuz ciddi zərər çəkib. Buna görə də post-pandemiya dövründə turizmin inkişaf etdirilməsi və əvvəlki göstəricilərin bərpa edilməsi qarşıda duran vacib məsələlərdəndir. Nəzərə alaq ki, pandemiyadan öncə ölkəmizə gələn turistlərin sayının artması Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi etməsi ilə sıx bağlı idi. Çünki bu tədbirlər dünya insanlarını daim inkişafda olan gənc Azərbaycan dövləti ilə tanış etməkdə bir vasitə kimi çıxış edirdi.

Məsələn, 2015-ci ildə keçirilmiş Avropa Oyunlarından sonra və 2016-cı ildə keçirilmiş birinci Formula-1 yarışından sonra Azərbaycana gələn turistlərin sayı 22 faiz artmışdı. 2017-ci ildə İslam Həmrəyliyi Oyunları keçirilmişdi və müsəlman ölkələrindən gələn turistlərin sayında kəskin artım yaranmışdı. Digər bir fakt: həmin ərəfədə təkcə Formula-1 yarışı birbaşa ölkəmizə, ölkəmizin xidmət sektoruna, təxminən 300 milyon dollara yaxın vəsaitin daxil olmasına şərait yaratmışdı.

İkincisi, Formula-1 yarışlarının təqribən yarım milyard nəfərlik auditoriyası var. Bu auditoriya Azərbaycanda turizmin inkişafı, ölkəmizin tanınması üçün heç də kiçik olmayan bir kontingentdir. Bununla yanaşı, bu yarışlar 21 şəhərdə təşkil olunur. Deməli, iddia edildiyi kimi, bu yarışlar heç də səmərəsiz deyil. Yarışlar iqtisadi itkilər yaratsaydı, inkişaf etmiş şəhərlərdə bu yarışların keçirilməsindən imtina edilərdi!

Üçüncüsü, Azərbaycan 44 günlük müharibədə Zəfər qazanaraq Qarabağı işğaldan azad edib. Bu ərazinin turizm üçün nə qədər əlverişli olduğunu hamı bilməmiş deyil. Ölkəmiz post-pandemiya dövrünün turizm mövsümünə və ilk növbədə Qarabağı böyük “turizm cənnəti”nə çevirməyə hazırlaşır. Belə bir şəraitdə yarım milyard nəfərlik auditoriyanın izlədiyi dünyaca məşhur Formula-1 yarışının əhəmiyyəti əvəzsizdir.

Üstəlik, vurğulamaq yerinə düşər ki, bu ay futbol üzrə Avropa çempionatının 4 oyununun da Azərbaycanda keçirilməsi baş tutacaq. Bunun ölkənin təbliğatında, turuzm potensialının bərpa edilməsində əhəmiyyətini anlamaq bu qədərmi çətindir?

Xüsusu vurğulanmalı məqamlardan biri də odur ki, Azərbaycan müharibədən çıxmış bir ölkədir və müharibədən cəmi 6 ay sonra dünya əhəmiyyətli yarışlara ev sahibliyi edə bilməsi kənardan sadə görünməməlidir. Bu, ölkəmizin gücünün, çevik toparlanma qabiliyyətinin əyani göstəricisidir!

Bütün bunları göz önünə gətirib Formula-1 yarışlarının və futbol oyunlarının keçirildiyi günlərdə yolların bağlanması və s. bu kimi müvəqqəti çətinlikləri anlayışla qarşılamalıyıq. Bu mötəbər idman tədbirlərinin gətirdiyi dividentlər bir neçə günlük çətinliklərin fövqündə dayanır.

Azərbaycanın beynəlxalq yarışları yüksək səviyyədə təşkil edəcəyi isə şübhəsizdir. Pandemiyadan əvvəl ölkəmiz çoxsaylı beynəlxalq tədbirlərə ev sahibliyi edib, o cümlədən dünya səviyyəli idman yarışları uğurla keçirilib. Ölkəmiz müasirlik, sabitlik, təhlükəsizlik, infrastuktur və s. göstəricilər baxımından ən öndə gedən dövlətlər sırasındadır. Bu baxımdan yüzlərlə ölkədə canlı yayımlanacaq Formula-1 və Avropa Çempionatının 4 oyunu Azərbaycanın imkanlarının dünyaya tanıdılması üçün daha bir fürsətdir.

Azərbaycan hökuməti, xalqı bu çətin məsuliyyətin, sınağın öhdəsindən bu dəfə də layiqincə gəlməyi bacaracaq. Çünki gənc dövlət olmasına baxmayaraq, Azərbaycan bu sahədə böyük təcrübəyə malikdir. I Avropa, IV İslam Həmrəyliyi Oyunlarına, Formula 1 yarışına, 42-ci Ümumdünya Şahmat Olimpiadasına və başqa bu kimi yarışlara yüksək səviyyədə ev sahibliyi edən Azərbaycan həm də idman dövləti olduğunu bütün dünyaya nümayiş etdirib. Bu gün ən mötəbər idman qurumlarının nüfuzlu beynəlxalq yarışlara ev sahibliyi hüququnu tərəddüd etmədən ölkəmizə verməsi bir uğur olmaqla yanaşı, inam və etibar göstəricisidir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı