Modern.az

Sosial şəbəkələr “virtual terror” platformasına çevrilib

29 Aprel 2021, 17:56

Elman Babayev

Son hadisə sosial medianın fəaliyyətinin qanunla tənzimlənməsini ciddi şəkildə tələb edir


Son günlər baş verənlər bir daha o məsələni aktuallaşdırır ki, sosial şəbəkələrə müəyyən nəzarət tətbiq olunmalıdır. Sosial şəbəkədən istifadə edən insanlar məsuliyyət hiss etmədikcə, qanun qarşısında cavabdehlik daşıdığını anlamadıqca, bunun daha acı nəticələri ortada olacaq.


Şəhid Xudayar Yusifzadənin adı ətrafında baş verənlər bunu bir daha sübuta yetirir. Burda əsas yanlış budur - Şəhidə hörmətlə yanaşılmalıdır, amma yanaşılmayıb. Geniş tribunadan məsuliyyətsiz, Şəhid anasını incidən, üstəlik hamımıza pis təsir edən cümlələr işlədilib. İkinci bir yanlış prosesin sonrakı gedişatıdır. Statusu yazan döyülüb. Gəlib o həddə çatmışıq ki, insanlar sosial şəbəkələrdə yazılan statuslara, özünə qarşı edilən haqsızlığa görə bir-birlərini bu şəkildə cəzalandırmaq yolunu seçib.


Bir müddət öncə vəziyyətin bu şəkil alacağı, sosial şəbəkələrdə bir-birini aşağılayan, təhqiredici statuslara görə insanların belə bir yola əl atacağı proqnozlaşdırılırdı. Çünki əsəblər dözmür. Burada qanuni metodlar lazımdır. Bir sıra ekspertlər mexanizm deyəndə isə, cəmiyyətdə hay-küy başlayırdı ki, bu, nəzarətə canatmadır! Hansı ki, bu çağırışların arxasında saf niyyət dururdu.


Anlamaq lazımdır ki, sosial şəbəkələrdə yaşanan ölçüyəgəlməz özbaşına mühitin qarşısı alınmalıdır. Bunun əksi bizi daha acı mənzərə ilə baş-başa qoyacaq. Burada hansısa senzuradan söhbət getmir.


Reallıq budur ki, bu gün sosial media sanki qanundan kənar bir sahədir. Burada gizli və ya açıq adlarla hər cür təhqirə, böhtana, özbaşınalığa rast gəlinir. Və digər reallıq budur ki, sosial mediada ən çox təhqirə məruz qalan təbəqə məmurlardır. Niyyətimiz heç də məmurları müdafiə etmək deyil! Ancaq fakt budur ki, onlar haqqında sərhəd tanımayan təhqir, böhtan sosial şəbəkədə yer alır və bu təbəqədən olan şəxslər məsələyə dözümlü yanaşır, onu yazana qarşı cinayət işi açılmasına qədər irəli getmir. Son hadisə isə göstərir ki, sadə vətəndaşlar eyni səbr və dözümü nümayiş etdirə bilmir. Bəlkə də gün ərzində 10-larla belə hadisə yaşanır. Sadəcə, son hadisə hamımızın müqəddəs yanaşdığımız Şəhid adı ətrafında baş verdiyi üçün aşkara çıxıb.


Çıxış yolu nədir?


Sosial şəbəkələrdə etik qaydalara əməl edilməsinə məsuliyyət hissi yaradan prosedurlar mütləq tətbiq olunmalıdır. Media ilə bağlı qanunvericiliyə ediləcək dəyişikliklər zamanı və ya ölkədə mövcud olan digər qanunlara dəyişikliklər etməklə hüquqi tənzimləmələr tətbiq edilməlidir. Müxtəlif variantlar vasitəsilə bunu etmək olar və buna bir an öncə gedilməlidir. Sosial mediada təhqir və böhtana yol verilməsi, şəxsi həyata müdaxilə kimi məsələlərə görə məsuliyyət nəzərdə tutulmalıdır.


Əks təqdirdə mövcud durumdan sui-istifadə halları daha da artacaq, təhqir, böhtan, kimlərinsə qaranlıq məqsədlərinə xidmət edən çirkin kampaniyalar geniş vüsət alacaq. Belə bir mühitdə sadə insanların özünün tətbiq etdiyi cəza mexanizmi daha açı nəticələr doğuracaq. Sosial şəbəkələrin “virtual terror” platformasına çevrilməsinin qarşısı alınmalıdır. Bütövlükdə toplumun xeyrinə olan heç bir sərt qanunun, inzibati yasağın anti-demokratiya və çağdaş dünyanın yeniliklərinin ziddinə getməklə əlaqəsi ola bilməz.


Hamının bu terrorun qurbanına çevrilməsini gözləmək lazım deyil. Hər hansı bir paylaşıma görə böhtan və ya şərəf-ləyaqətin alçaldılması kimi mümkün ittihamlardan qoruyan mexanizm ortada olmalıdır. İnsanların mənəvi terrora məruz qoyulduğu, fiziki məhv etməyə çağırışların edildiyi sosial şəbəkələrdəki mənəvi terrorun qarşısının alınmasının zamanı çoxdan yetişib. Bunu söz azadlığının məhdudlaşdırılması kimi qələmə vermək kökündən yanlışdır. Ənənəvi mediada, televiziyada kiminsə ünvanına təhqirə adətən yol verilmir. Səbəb sadədir-yol verildikdə məsuliyyətə cəlb etmə, həmin media vasitəsinin cəzalandırılması baş verir. Amma bu söz və mətbuat azadlığının pozulması kimi qələmə verilmir. Bəs sosial şəbəkələrdə niyə buna gedilmir? Belə çıxır ki, cəmiyyət olaraq burdakı təhqirlərlə barışmışıq...


Etiraf etməliyik ki, sosial şəbəkədən heç də hamı faydalı yöndən yararlanmır. Bu şəbəkə bir çoxlarını tamam başqa bir məxluqa çevirməkdədir və günümüzün vahim tərəfi budur...


Hər gün baş verən qəddar cinayətlərin, səbəbi müəmmalı qalan intiharların, ailə dəyərlərindəki böhranın da bir ucu sosial şəbəkələrə gedib çıxır. Odur ki, sosial şəbəkələr hamımızı ciddi düşündürməlidir...

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı