Modern.az

Bütün Azərbaycana işıq saçan ŞUŞA TONQALI

17 Mart 2021, 17:34
Elman Babayev


Bir fərdin deyil, bütün Azərbaycan xalqının arzusunun çin olduğu günlər yaşayırıq. Şuşada Novruz tonqalı yandırılıb!

Bu, elə bir daşlaşmış dilək idi ki, nə vaxtsa gerçək olacağına inamımız hər gün daha da öləziyirdi. Qarabağ nisgilinin altındakı 30 ilə yaxın davam edən sıxıntı, illərin-illərə calanması, aparılan uzun-uzadı danışıqların nəticəsizliyi, “İnşallah gələn il Novruzu Şuşada qeyd edərik” ifadəsinə ümidi sarsıdırdı istər-istəməz...

İndi Şuşada alovlanan tonqal sanki bizlərə təkcə millət olaraq qazandığımız Qələbənin böyüklüyünü, əzəmətini anlatmırdı, həm də öz alovları ilə çəkdiyimiz nisgili, ağrı-acını yandırırdı sanki! Tapdanan qürurumuzun geri döndüyünü, buraxılan tarixi səhvlərdən dərs almağın, həmişə bir olmağın önəmini anladırdı! Göz qırpmadan Qarabağ, Şuşa uğrunda canını fəda edən Azərbaycan Əsgərinin, cəsur övladlarımızın göstərdiyi tarixi igidliyi bir an olsun belə unutmamağın vacibliyini anladırdı!

Novruz bayramında, Şuşada İlaxır çərşənbəsi tonqalının alovlandığı gün Azərbaycan Prezidentinin öz ailəsi ilə birlikdə Qarabağda olması, burada başlanılan quruculuq işlərini şəxsən izləməsi də olduqca qürurvericidir. Son 17 ildə Azərbaycanın ayrı-ayrı rayonlarında sayı-hesabı bilinməyən açılışlar edən Prezident İlham Əliyevin Qarabağa, onun tacı Şuşaya quruculuq işlərini izləmək üçün səfər edəcəyi kimin ağlına gələrdi?

Prezidentin Müzəffər Ali Baş Komandan olaraq bu torpaqlara davamlı səfərləri təkcə azadlığa qovuşan Qarabağdan ikili standartların kök saldığı bəzi beynəlxalq qurumlara vacib mesajlar çatdırmaq, böyük ürək yanğısı ilə erməni faşizminin heç bir çərçivəyə sığmayan görüntülərini şəxsən nümayiş etdirmək kimi missiyaya xidmət etmir. Prezident həm də Qarabağda quruculuq işlərinə şəxsən nəzarət edir. Çünki artıq bura ilə bağlı konkret planların icrasına başlanılıb və dövlət başçısı bu işlərin sürətlə yekunlaşması üçün bütün imkanları səfərbər edib. Ən çox diqqət çəkən məqam bu işlərin Qarabağın tarixi simasını qorumaqla aparılmasıdır.

Səfər zamanı Şuşanın bərpası ilə bağlı nümayiş olunan kadrlar da bunu təsdiqləyir. Son iki ayda Şuşaya ikinci dəfə səfər edən Prezident Vaqifin məqbərəsində bərpa işlərinə start verib və əsas şərt abidənin tarixi simasının qorunmasıdır. Eyni yanaşma digər tarixi binalar, məscidlərlə bağlı bərpa işlərində də əsas prinsipdir.

Prezident İlham Əliyev Şuşada Pənahəli xanın dövründə olan tarixi faktları deyərkən, sovet dönəminə aid, arxivdən tapdığı şəkilləri nümayiş etdirərkən bu torpaqların əsl sahiblərinin kimliyini dünyaya nümayiş etdirirdi. Bu heç də daxili auditoriyaya hesablanmış addım deyil, çünki hər bir Azərbaycan vətəndaşı bu tarixi yaxşı bilir. Dövlət başçısı erməni havadarılarına tarixi ədalətin bərpa edildiyini göstərirdi:

“Mən bu şəkilləri arxivdən tapmışdım. Vaqif poeziya günləri keçirilir, 1982-ci ilin yay ayında. Məqbərənin önündə ulu öndər Heydər Əliyev. İnsanlar da bax, burada, bu tədbirdə iştirak edirdilər. Keçən dəfə burada olarkən bu yerə fikir verdim və dedim ki, arxivdən şəkillər tapılsın burada nə olub və bu şəkil tapıldı. Görürsünüz, Vaqifin təsviri bax, bu divarda olmuşdur. Mənfur düşmən bunu da sökdü, bu mərməri də sökdü. Bu da qəbrin üstündə sinə daşı idi. Vandal erməni bunu da söküb. Bunu bərpa edəcəyik. Ulu Öndərin o vaxt Şuşaya səfəri ilə əlaqədar daha bir neçə şəkil tapmışam arxivdən, mən də buradayam. Bu da Cıdır düzündə. Bunu bir dəfə göstərmişdim, Natəvan bulağının önündə. Bir şəkil də var, onu da göstərməliyəm. Burada Vaqifin büstü də var idi. Keçən dəfə Şuşada olarkən mən göstərdim ki, ermənilər büstü söküb dükan tikiblər. Bax budur. Vaqifin büstü, Ulu Öndər də baxır. Bu büstü də bərpa edəcəyik”.

Şuşada XIX əsrə aid Karvansaray tarix-memarlıq kompleksi, “Qarabağ” otelində gedən yenidənqurma işləri, Şuşa şəhərinin rəsm qalereyası, keçmiş sanatoriya korpusu ilə tanış olan Prezident bərpa-quruculuq prosesi barədə danışıb. İlham Əliyev Şuşanı tərk edərkən “Şuşaya “hələlik” deyirik. Şuşanın girişində Azərbaycan bayrağı dalğalanır və bundan sonra əbədi dalğalanacaqdır!” bəyanatı ilə bu toqpaqlara əsl sahiblərinin həmişəlik qayıtdığını bir daha bütün dünyaya anladırdı.

Bu qayıdış əbədidir! Şuşada Novruz tonqalının yanmasını, burada bərpa işlərini qürurla izləyiriksə, bu, geri dönüşü olmayan reallıqdır! Azərbaycan dövlətinin iqtisadi qüdrətinin Qarabağı çox da uzun olmayan bir zaman içərisində bizlərə abad və gözəl YURD yerləri kimi təqdim edəcəyinə də heç bir şübhə yoxdur!
Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı