Modern.az

Xındırıstan məscidində Ağdam xatirəsi

4 Noyabr 2019, 10:26

Vüqar Tofiqli


Hər dəfə yolum doğma kəndimə düşəndə  rayonda həyata keçirilən yeni layihələrlə tanış olur, kənd camaatı ilə görüşməklə görülən işlərə onların da subyektiv fikirlərini öyrənirəm. Hər halda yüksək intellekt sahibi olan bir çox sadə kənd sakini həqiqətən birdən elə siyasi və iqtisadi, hətta qlobal əhəmiyyətli  məsələlərə proqnoz verirlər ki, necə deyirlər, “əlim-ayağım yerdən üzülür”.


Bu dəfə də belə edəsi oldum. Vaxt baxımından “dar-macal” olsa da, şəhərə qayıtdığım vaxt  görülən işlərlə bilavasitə yaxından tanış olmaq üçün hazırda tikinti meydanına çevrilən Xındırıstan kəndinə yollandım.


Sözsüz ki, yeddi kilometrlik məsafəni aramla gedərək yolun sağ-solunda inşa edilən müasir tipli evlər, Muğam Mərkəzi, yeni üslubda istifadəyə hazırlanan ticarət obyektləri diqqətimdən yayınmadı.  Bütün bunlar ölkə başçısının da söylədiyi kimi, ölkəmizin davamlı inkişafından xəbər verir.

Sözün açığı, ilk dəfə idi ki, qəlbimdə bir rahatlıq tapmışdım. Maşından düşüb məscid tərəfə baxanda isə ilk olaraq Ağdam göz önümdə canlandı.

***

Məni təəcübləndirən o oldu ki, məcsidin fasadı və ətrafı sanki Ağdamdakı kimi idi. Yadımdadı ki, 1988- ci ilin noyabr ayında Ağdam rayon partiya komitəsinin plenumunda birinci katib seçilən Aydın Quliyev bir sıra ciddi layihələrə start verdi. Qeyd edək ki, o bundan əvvəl Gədəbəy RPK-nın birinci katibi, ondan əvvəl isə Ağdam “rayispolkomunun” sədri  vəzifəsində çalışmışdı. Ağdamlılar  üçün maraqlı məqam onda idi ki,  1952-ci ildən sonra ilk dəfə olaraq  rayonun birinci şəxsi yerli kadrlardan seçilirdi. Aydın Quliyevin həm də zəngin idarəçilik təcrübəsi var idi. Mənfur qonşularımızın təxribata başladığı gərgin vaxtlarda onun üçün ikiqat məsuliyyətli bir dövr başlamışdı. Odur ki, rayonda ideoloji işlə yanaşı, ciddi layihələrə də start verildi. Həyata keçirilən bu layihələrdən biri də məscidin təmiri ilə bağlı idi. Az müddət ərzində məscid mərmər üzlüklərlə üzləndi, damı ağ sink dəmirlə örtüldü. Üstəlik məscidin ətrafındakı köhnə yararsız binalar söküldü. Qonaq evi, mədrəsə üçün otaqlar, təsərrüfat otaqları inşa edildi. Ətraf ərazidə abadlıq işləri aparıldı, gül-çiçəklik əkildi.  Məscidin yanında inşa edilən əlavə korpus elə bil kiril əlifbasının “q” hərfinə uyğun gəlirdi.


Ağdam məscidinin tarixinə qısa bir nəzər yetirsək görərik ki, istər Şuşada, istərsə də Ağdamdakı məscid eyni bir şəxsin təşəbbüsü ilə və eyni bir memar tərəfindən inşa edilmişdir. Deməliyəm ki, Şuşada olan Gövhər Ağa məscidində olmuşam. Sovet dövründə məsciddə tarix-diyarşünaslıq muzeyi fəaliyyət göstərirdi. Odur ki, deyə bilərəm ki, forma və məzmununa görə Ağdam və Şuşa məscidlərində oxşarlıq olsa da, Ağdam məscidi daha əzəmətli görünürdü. Həm hündürlüyü, həm də digər ölçüləri baxımından.


Bu arada əlavə edim ki, sonuncu Qarabağ  xanı Mehdiqulu xanın qızı Xurşudbanu Natəvanın  Qarabağ üçün gördüyü saysız-hesabsız işlərdən biri də Ağdamda məscidin tikintisiylə bağlı idi. Məhz onun təşəbbüsü ilə 1868-ci ildə Ağdamda məscid  binasının tikintisinə başlanıldı. Ancaq təəssüf ki, bu gün bizə məlum olmayan səbəblərdən  binada hörgü işləri başa çatsa da, bütövlükdə  tikintisi yarımçıq qalmış oldu.  Əldə etdiyimiz məlumatlardan bəlli olur ki, bina yerli sakinlərin həmrəyliyi sayəsində başa  çatdırlıb.


Belə ki, Seyidli kənd sakini Teymur Ocaqquluoğlunun təşəbübüsü ilə binanın dam örtüyü və minarənin biri istifadəyə verilmişdir. İkinci minarə isə deyilənə görə, Axund Hacı İbrahim, Molla Zülfüqar, Molla Mövsüm və başqalarının dəstəyi və ətraf kənd sakinlərinin  ianələri hesabına ucaldılıb.  Bir məqamı da qeyd edim ki, məscidin  ərazisi elə Seyidli kəndinin torpaqlarına aid idi. 


Beləliklə,Təbrizli memar Kərbəlayi Səfixanın müəllifi olduğu məscid binası 1870-ci ildə istifadəyə verilmiş oldu.  Yuxarıda qeyd etidyim kimi, daxili quruluşu və görkəminə görə məscid Şuşada inşa edilən məsciddən ciddi şəkildə fərqlənirdi. Belə ki, məscidin şimal tərəfindəki giriş qapısı dərin eyvan-bastağ içərisində verilmiş, açıq eyvanın yanlarında isə ikimərtəbəli otaqlar yerləşdirilmişdir. Şimal fasadın künclərində qurulan minarələr məscidin simmetrik plan quruluşunu tamamlamaqla ona bütövlükdə binaya kvadrat forma vermişdir.


Qeyd edim ki, 1930-cu ilə kimi şəhərin və qonşu kəndlərin-Seyidli, Sarhacılı,  Xıdırlı və Muradbəyli kəndinin  sakinləri dini mərasimləri məhz bu məsciddə keçirirdilər.

Ancaq 1937-ci ilin represiya illərində məscid bağlandı və burada gəlib gedən mollalar isə ya sürügünə göndərlidi, ya da gülləyə tuş gəldilər. Həmin vaxtdan isə məscid taxıl anbarı kimi istifadə edilməyə başlandı. Lakin 1945-ci ildə  Ağdamın simalarından olan Mir Məhəmməd ağa Müşteidzadənin təşəbbüsü ilə məscid fəaliyyətini bərpa etdi. M.M. Müşteidzadə isə məscidin axundu təyin edildi.  M.M.Müşteidzadənin Ağdam üçün ən böyük xidməti isə 1918-20-ci llərdə  erməni qırğınlarının qarşısnın alınması üçün İstanbula gedərək türk qoşunlarının komandanlğına müraciət etməsi olub.


***


Qayıdaq Xındırıstan məscidinə. Bu gün Xındırıstan məscidinə baxanda eyniylə həmin mənzərənin şahidi oldum. Məsciddə ciddi bərkitmə işləri aparılmış və qarşı tərəfi isə Ağdam məscidinin giriş hissəsindəki kimi hörülmüş, iki minarənin tikintisi başa çatdırılmışdı. Yanında isə kiril əlifbasının “q” hərfi kimi  otaqlar inşa edilmişdir. Bugün minarələrdə mozaika işləri başa çatdırılmışdır. Sözsüz ki, layihə-smeta işlərinin ardıcıllıqla davam etməsində peşəkar şəkildə öz işini bilən Ağdam RİH təsərrüfat şöbəsinin müdiri, rayonun baş memarı Əbdüləli Mehdiyevin də rolu böyükdür.


Həmin gün ərazidə qızğın iş gedirdi. Məscidin ətrafında mərasim xidmətləri göstərən qadın və kişi ziyarətçiləri üçün nəzərdə tutulan iki ayrı-ayrı zalın, dəfn xidmətlərinin göstərilməsi üçün tələb olunan otaqların inşası  ən müasir forma və məzmunda yekunlaşmışdır. Binaların hər birinə istilik xətləri çəkilmiş,  isti və soyuq su çəkilişi başa çatdırılmışdır. Ərazidə deyərdim monumental bir kompleks yaradılmışdır.


İkinici bir məqam ondadır ki, üzbəüz ərazidə keçmiş Məişət evinin binası və ərazidə boş sahədə bu komplekslə bərabər əsaslı şəkildə təmir bərpa işləri aparılmış və gözəl bir parkın salınmasına hazırlıq işləri aparılmaqdadır. Məişət evi isə tanınmaz bir görkəm alıb. Artıq binanın girişində hündür sutunların inşası binanın görkəmini tamam dəyişib. Üstəlik yan tərəfində fəvvarə kompleksinin olması əraziyə ayrı bir gözəllik verir.


Həqiqətən məscidin mövcud vəziyyəti çox pis, acınacaqlı gündə idi. Hər an üçmaq təhlükəsi ilə üz-üzə qala bilərdi. Baxmayaraq ki, məscidin Axundu Hacı Baratın təşəbbüsü və bir sıra həmyerlilərizimin yaxından dəstəyi ilə binanın daxilində təmir işləri bir neçə il əvvəl aparılmışdır. Əlavə edim ki, dəyərli insan Nizami Sadıqovun rayona rəhbərliyi dövründə məscidin ərazisində dəfn xidmətlərinin göstərilməsi üçün otaqda inşa edilmşdir.

Bütün görülən işlərlə yanaşı hər halda yenə də binanın əsaslı surətdə təmirə ciddi ehtiyacı var idi. Və bugün bu prosesə ürəklə start verən,  demək olar ki, hər gün  layihənin icrasını nəzarətdə saxlayan Ağdam RİH başçısı  Vaqif Həsənovun təşəbbüsü alqışa layiqdir.


***

Qeyd eidm ki, məscid 1907-ci ildə kənd sakini Hacı Cabbar bəy tərəfindən inşa olunub. Son vaxtlar nədənsə məscid binasının əvvəlcə yaşayış binası kim tikildiyi iddia edilir. Lakin bizim apardığımız sorğular və müşahidələrdən belə qənaətə gələ bilərik ki, bina elə məscid binası kimi inşa edilmişdir. Bunu məscid binanın qurluşu və forması da deyir.


Əlavə edək ki, Xındırıstan kəndi Ağdamın qədim kəndlərindəndir və xanlıq dövründə isə tanınmış şair və ziyalımız Qasım bəy Zakirin mülkiyyətinə verildiyindən bu kənddə həm də sayılan-seçilən bəylər yaşamışdır. Məhz elə bu səbəbdən də kənd daha çox inkişaf etmiş, regionda ilk orta məktəb, ilk pambıq məntəqəsi və “həftəbazarı” məhz bu kənddə açılmışdır. Bu inkişaf elə keçmiş sovet dövründə, xüsusəndə İldırım Cəfərovun kənddə formalaşdırılan kolxoza rəhbərliyi dövründə daha geniş şəkildə davam etmişdir.

Əlavə edim ki, 1937- ci ilin represiya küləyi bu məsciddən yan keçməmişdir. Fəaliyyəti dayandırıldıqdan  sonra Ağdam məscidi kimi taxıl anbarı, hörmətli Sadıq  Murtuzayevin birinci katib olduğu illərdə isə tarix-diyarşünaslıq muzeyi, 90-cı illərdən sonra isə məscid kimi fəaliyyətini bərpa edə bilmişdir.


***

Bizim hələ ötən il Ağdam rayonuna təyinat olmamış səkkizinci icra başçısına ürək sözümü yazmışdım. Və həmin yazıda üç təkliflə çıxış etmişdim. Onlardan biri də Quzanlı qəsəbəsində Ağdam Məscidinin oxşarının inşasını həyata keçirmək idi, özü də “Çay evi”nin yanında. Nəzərə alaq ki, Ağdamda da məscidlə “Çay evi” üzbəüz yerləşdi.

Hər halda bu bir arzudur. Və nəzərə alaq ki, hazırda Quzanlı və ona bitişik qəsəbələrdə 30 min nəfərə yaxın əhali yaşayır və bu ərazidə dini mərasimləri və xidmətləri göstərən hər hansı bir məscid yoxdur. Onda bu təklifin nə qədər aktual olduğunu görmək olar.

İnanıram ki, bu yazını oxuyan zaman cənab Prezident İlham Əliyev çoxsaylı Quzanlı sakinlərinin müraciətini diqqətdə saxlayacaq. Bu həm də biz ağdamlar üçün həm bir ziyarət yeri, həm də təsəlli  olardı.   


***

Çox keçməyəcək Xındırıstan məscidinə ikinci həyat veriləcəkdir. İşğal altında olmayan Ağdam rayonunda daha bir möhtəşəm layihəyə yekun vurulucaqdır.

Bəli,  bu gün  biz çalışırıq ki, doğma yurd yerlərimizi heç olmasa qəlbimizdə yaşadaq. Qayıdacağımız günü bilmədiyimizdən gənclərimizə bu gün daha çox o yerlərdən danışmalı, xatırlamalı və yazmalıyıq. Ağdamı xatırladan layihələrin icrası isə ən güclü təbliğat vasitəsi hesab edilməlidir. İnanıram ki, nə vaxtsa o torpaqlara qayıdacağıq. Onda bu gün yazılan hər xırda bir yazı və ya məlumat, həmçinin yaddaşımıza hopan  Ağdamı xatırladan layihələrin icrası  bizim hər birimizə çox gərəkli olacaqdır.   

Whatsapp
Bizə yazın!
Keçid et
Ordumuz təhvil verilmiş kəndlərə daxil olub?