Modern.az
Akif Təvəkküloğlu Dəyərlərin dəyəri

Akif Təvəkküloğlu

Dəyərlərin dəyəri

6 Fevral 2017, 14:56

Akif Təvəkküloğlu,
Əməkdar jurnalist


Son vaxtlar “dəyər” sözü yaman dəbə minib. Harada gəldi işlədilir. “Bəşəri dəyərlər”, “milli dəyərlər”, “Avropa dəyərləri”, “Şərq dəyərləri”, “Qərb dəyərləri”. Bu sıraya “insani dəyərləri”də qatıb sayı bir az da artırmaq olar. Amma bu dəyərlərin “əlində” çaş-baş qaldığımız kimi bütün dəyərlərdən danışıb növbəti bir çaşqınlıq yaratmaq istəmirəm. Eləcə milli dəyərlərin ətrafında fikir və mülahizə səyahətinə çıxmaq istəyirəm. Əlbəttə bu səyahət qərbsiz və şərqsiz, şimalsız və cənubsuz mümkün deyil. Amma mənim hansı dəyərlərə səyahətimdən asılı olmayaraq son nöqtə və əsas düşərgə milli dəyərlər ünvanı olacaq.


Hər hansı bir hadisəyə, işə, hərəkətə, əmələ, məsələyə və s. qiymət verərkən, onu dəyərləndirərkən yəqin ki, hər birimiz bu qiyməti müqayisə edərək veririk. Bu bir gerçəklikdir ki, bir şeyin yaxşı və ya pis qiyməti digərinə nisbətdə ortaya çıxır. Nisbilik həyatımızın bütün sahələrində, bizi əhatə edən ətrafımızın və ümumilikdə, içərisində  olduğumuz dünyamızın hər bir nöqtəsində, məqamında, anında özünü göstərir. Bu həyati bir qanundur və hər kəs bu qanundan mütləq mənada bu və ya digər formada istifadə edir.


Bəs milli dəyərlər? Onlardamı bir-birinə nisbətdə dəyərləndirilməlidir? Bir xalqa məxsus olan milli-mənəvi və digər dəyərlər bir-birilə müqayisə olunmalıdır? Bu suallara hələlik nə “hə”, nə də “yox” cavabı vermək istəmirəm. Amma yəqin ki, növbəti misallar və mülahizələr cavabın “hə” və ya “yox” olmasını ortaya qoya biləcək.


Əvvəla demək olmaz ki, əsrlər boyu formalaşmış, bir xalqın mənəvi sərvətinə çevrilmiş adət-ənənə, qayda-qanun, vərdiş və zaman-zaman tarixin müəyyən mərhələlərindən və sınağından keçmiş, həmin xalqın “dəyəri” statusunu almış məqamların hansı yaxşı və ya hansı pisdir. Bu, məncə, yanlış yanaşma olardı. Amma bu dəyərlərin bəzilərinin zaman və məkan çərçivəsində daha da təkmilləşməsi, ona kiçik müasirlik elementlərinin əlavə olunması məsələsi ilə nisbətən razılaşmaq olar. Burada onu başa düşmək lazımdır ki, xalqın, millətin dəyərləri öz tarixiliyi, qədimiliyi, məzmunu, mahiyyəti və xalqa gətirdiyi yüksək “imici” ilə “dəyərlidir”. O ki, qaldı müxtəlif xalqların milli dəyərlərinin müqayisəsinə, zənnimcə,  burada da çox vacib bir məqam unudulmamalıdır. Hər bir xalq özünəməxsusluğu və öz dəyərləri ilə seçilir. Bu da bir gözəllikdir. Tanrı yaradan gözəllik. Bu gözəllik dünyanın müxtəlif rənglərini bizə təqdim edir. Bu rəngləri isə görmək və duymaq gərəkdir.


Rənglərin harmoniyasından yeni çalarlar yaratmaq yalnız yaradıcı xalqlara məxsusdur. Şükür ki, xalqımız bu cəhətdən nəinki korluq çəkmir, hətta həsəd aparılan dünya xalqlarından biridir. Fəxr olunası, dünyaya nümunə göstəriləsi dəyərlərimiz kifayət qədərdir. 100 illərin, 1000 illərin o tayından bu günə qədər gəlib çıxan, tarixin bütün dönəmlərində özünü təsdiq edən dəyərlərimiz Azərbaycan adlı məmləkətin və bu məmləkətdə yaşayan xalqımızın pasportuna, tanıtım ünvanına çevrilib.


Bu gün xalqımız nəinki öz dəyərlərini, mədəniyyətini, incəsənətini, siyasətini, istehsalını, məhsullarını dünyaya yüksək səviyyədə təqdim edir, hətta ümumilikdə dünya dəyərlərinə elə yiyələnib, onu elə formada “özününküləşdirib” beynəlxalq aləmə çatdırır ki, dünya bu istedada yalnız heyranlıq ifadə edir. Və “əhsən” deyir. Bunun da nəticəsidir ki, indi Azərbaycan bir çox dünyəvi, beynəlxalq tədbirlərin keçirildiyi ünvana çevrilib. İndi dünya bütün sahələrdə Azərbaycana etibar edir. Bu fəxarətli bir işdir və geniş, dünya miqyasında dəyərlərimizin gələcəyinə təminat kimi qiymətləndirilə bilər. Bir fikrimi çatdırmaq istəyirəm. Bilmirəm bu necə səslənəcək və necə qəbul olunacaq. Hər halda bu fikrimi bölüşmək istəyirəm. Hər birimiz özümüzü bu xalqın övladı hesab edirik. Azərbaycan xalqına məxsus olmağımızdan qurur duyuruq. Amma dünyanın hansısa bir nöqtəsində digər xalqların nümayəndələri tərəfindən xalqımızın ünvanına söylənilən ən kiçik xoş söz eşidəndə belə, elə zənn edirsən ki, bu sözlər sənin doğma balan haqqında söylənilir. Bilmirəm nədəndir. Amma  mən bu hissləri yaşayıram.


Bir necə il bundan qabaq məzuniyyətə çıxıb Ukraynaya istirahətə getdim. Doğrudan da əsrarəngiz bir ölkədir. İnsanlarında da, təbiətində də, havasında, suyunda da sözün həqiqi mənasında bir istilik, cəlbedicilik var. Hamı yaxşı bilir ki, biz özümüzü orada bir çox ölkələrə nisbətən daha rahat və sərbəst hiss edirik. Əhval-ruhiyyəmiz xoş olur.


Bu nədəndir? Bu nədəni çoxlarımız yaxşı bilirik. Amma mən tarixi-nadir acmaq istəmirəm. Ukraynanın qərbində, Karpat dağlarının ətəklərində istirahət edirdik. Arada bir qrup halında müxtəlif yerlərə gəzintilərə gedirdik. Qrupların tərkibində müxtəlif millətlərin nümayəndələri təmsil olunurdu. Növbəti gəzintilərdən biri mənim üçün daha yadda qalan oldu. Qrupun üzvlərinin böyük əksəriyyəti gənclər və mənim kimi orta nəslin nümayəndələri idi. Təxminən 20 nəfər turistin 3 nəfəri yaşlı nəslin nümayəndəsi idi. Bir kişi və iki qadın. Hər birinin   70-dən yuxarı yaşları var idi. Amma çox gümrah idilər. Görünür “özünəbaxmaq” mədəniyyətinin nəticəsi idi. Yaşlı kişi bizə həddən  artıq yaxınlıq etməyə çalışırdı. Bunu hiss edib biz də öz isti  münasibətimizi o yaşlı kişidən əsirgəmədik. Söhbət əsnasında məlum oldu ki, bu adam xeyli sayda Azərbaycan sözləri bilir, ölkəmizi yaxşı tanıyır. Sən demə milləti rus olan qoca vaxtilə hərbçi kimi keçmiş SSRİ-nin bir çox yerlərində o cümlədən Orta Asiyada və Azərbaycanda qulluq edib. Özünün dediyinə görə yeddi il ölkəmizdə müxtəlif hərbi hissələrdə xidməti vəzifəsini yerinə yetirərkən insanlarımızdan çox yaxın, isti münasibətlər görüb. Hörmət görüb. Deyirdi ki, bunu heç vaxt yaddan çıxartmayacaq. Həmin günlərdən ağızdolusu danışırdı. Rayonlarımızın, hətta kəndlərimizin adlarını necə də dəqiqliklə yadda saxlamışdı və necə gözəl tələffüz edirdi. Həm də qocanın yaddaşı heyranlıq doğururdu. Onun söhbətlərində diqqətimi daha çox cəlb edən milli-mənəvi dəyərlərimizə, adət-ənənələrimizə verdiyi həddən artıq yüksək qiymət idi. Dəyərlərimizdən ağızdolusu danışmaqla bərabər onda bir yanğı, nisgil və yaxşı mənada həsəd də hiss olunurdu. Bunun da öz səbəbləri var idi. Onun xalqımızın ünvanına söylədiyi xoş  sözlər ürəyimizə “yağ kimi yayılırdı”. Qəlbimizi fərəhləndirirdi. Qürurlanırdıq. Xüsusilə “böyüyə hörmət” dəyərlərindən danışarkən belə bir fikir ifadə etdi: “Böyüyə, valideynə hörmət Azərbaycan xalqının ən yüksək dəyərlərindəndir. Bu keyfiyyəti Azərbaycan xalqına məxsus olduğu qədər heç bir xalqda müşahidə etməmişəm”. O Azərbaycan dəyərlərində ata-ananın övladlara, övladların valideynə olan hörmət, ehtiram və məhəbbətinin müqayisə olunmazlığını və bənzərsizliyini dönə-dönə vurğulayırdı. Digər xalqlarda bu münasibətlərin fərqli olduğunu dilə gətirərək “kaş mənim də uşaqlarım sizin balalarınız kimi olaydı” deməsi övladlarından narazı atanın fikirləri kimi səslənirdi. Hər halda mən belə qənaətə gəldim. Amma mənim qənaətim yanlış olmadı. Söylədiyi növbəti fikir daha təsirli oldu və açığı mən də təsirləndim hətta, bir az kövrəldim də. “Əgər mənim uşaqlarım da məni azərbaycanlı övladlar öz valideynlərini sevən kimi sevsəydilər sevincimdən başıma güllə çaxardım...”


Bu fikir elə doğrudan da bizə “güllə” kimi təsir etdi. Xeyli müddət ortalığa sükut çökdü. Və bu sükutdan sonra söhbətimizin mövzusu dəyişdi.


Qocanın söylədiyi fikir daha doğrusu onun arzusu elə yüksək məqamı, hissləri ortaya qoydu ki, zənnimcə əlavə şərhə ehtiyac qalmadı.


Bəli! Özgələri tərəfindən dəyərlərimizə verilən qiymətdir bu!


Mən inanıram ki, xalqımızın milli-mənəvi dəyərlərinə yüksək qiymət verən qoca hərbiçi kimi saysız-hesabsız insanlar var. Bunu xalq özü qazanıb.


Bütün bunlar çox yaxşı. İndi bir az özümüzə sarı qayıdaq. Özümüzə deyəndə mən bütöv cəmiyyəti yox, hər bir fərdi nəzərdə tuturam. Zənnimcə, hər kəsin yəni xalqımızın hər bir nümayəndəsinin üzərinə bu sahədə çox böyük vəzifə və məsuliyyət düşür. Dəyərlərimizi qorumaq vəzifəsi. Bu məsələ məncə bu gün daha aktualdır. Bu gün dəyərlərimizin keşiyində durmaq onu yaratmaq qədər vacib sayılmalıdır. Dəyərlərin keşiyində dayanmaq üçün heç də top-tüfəng axtarmaq lazım deyil. Sadəcə olaraq hər kəs məxsus olduğu xalqın başlanğıcdan indiyədək qətrə-qətrə topladığı dəyərlərə əməl etməlidir. O zaman dəyər dəyərə minər, yaşayar və sonrakı nəsillərə ötürülər. Dəyərləri şüarla, dəbdəbəli və mərtəbəli bəzək-düzəkli sözlərlə yaşatmaq mümkünsüzdür. Dəyər illərlə seçilən, nümunəyə çevrilən, xalqın yaddaşında möhkəmlənən, daşlaşan maddi və mənəvi özəlliklərin daşıyıcısıdır. Daxilən bir xaricən başqa insanlar bu nümunələrin daşıyıcısı və ötürücüsü ola bilməzlər. Çünki, belə insanlara gec-tez inamsızlıq mühiti yaranır. Dəyərlər isə xalqın, millətin həm də inamı deməkdir. Ona görə də bütün sahələrdə yaxşı mənada nümunə sayılan insanlar xalqın yaddaş nümunələrini yaşatmaq bacarığına malik olurlar.


Milli dəyərlərimiz elə bir aləmdir ki, onun kökü yerdə başı isə göylərdədir. Yerlə göy arasında elə zəngin bir aləmə sahibik                                                                                                        ki, milliyyətindən və yaşadığı ölkədən asılı olmayaraq hər kəs bu aləmdən istənilən qədər “faydalana” bilər. Amma bu boyda “aləmi” qoruyub saflığını daim saxlamaq üçün o boyda da saf qəlbə, ürəyə malik olmalısan. Dəyərlərimizə ilk növbədə özümüz dəyər verməliyik ki, dəyərli olsun. Amma dəyərlərimizin təbliğini “dəyərsizlərə” və nadanlara tapşırmamalıyıq. Əyər onu itirmək istəmiriksə .


Beləliklə dəyər dəryamıza səyahət edib bir damladan danışdıq. Qismət olsa damlaların sayını gələcəkdə artırarıq.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi