Modern.az

Yeni Əlifba Komitəsinin IV plenumu: Xuluflu, Çobanzadə, Xabayev - I yazı

10 İyun 2016, 15:59

Buludxan Xəlilov,
filologiya üzrə elmlər doktoru, professor

 

Yeni Əlifba Komitəsinin IV plenumu 6-13 may 1930-cu ildə Alma-Ata şəhərində öz işini həyata keçirmişdir. IV plenumun beşinci iclası 9 may 1930-cu ildə baş tutmuşdur. Müxtəlif fikirlərin, mövqelərin toqquşduğu bu iclasda Vəli Xuluflu deyirdi: “Yoldaşlar, ilk öncə mən bir neçə izahat vermək istəyirəm. Dünən çıxış edənlər Azərbaycan haqqında verdikləri məlumatlarda bəzi məsələləri düzgün işıqlandırmamışlar. Yoldaş Dinmuxamedov qeyd etmişdir ki, biz milli azlıqlara fikir vermirik. Bu doğru deyil. Bizdə Azərbaycanda 20-yə yaxın xalq var. Bu xalqlardan keçən onillik ərzində öz savadsızlığını milliyətindən asılı olmayaraq ən çox fəhlələr ləğv etmişlər, yəni həmçinin tatarlar da. Əgər vahid əlifbanı bilməyən bir neçə tatar Tatarıstana və SSRİ-nin başqa bölgələrinə düşmüşlərsə, bu o demək deyildir ki, Azərbaycanda milli azlıqlar arasında savadsızlığı ləğv etmirlər. İkincisi, tatların özlərinin əlifba barədə heç bir sorğuları olmadığı halda, prof.Yakovlevin tatların Azərbaycanda müdafiəçisi qismində çıxışının nədən qaynaqlandığını başa düşə bilmirəm. Sonda, bizdə milli məsələlərdə prof.Yakovlevdən daha yaxşı baş çıxardan kommunist partiyası var”. (bax: Стенографический отчет IV пленума Всесоюзного Централъного Комитета Нового Алфавита. Присходивщего в гор. Алма - Ата. ВЦКНА, 1931, с.102) Göründüyü kimi, Azərbaycanda yeni əlifbanın həyata keçirilməsi ilə bağlı əldə olunmuş uğurlara qısqanclıqla yanaşmışlar. Hətta bəziləri (Dinmuxamedov) guya Azərbaycanda milli azlıqlara fikir verilmədiyini əsassız bir bəhanə kimi ortalığa atmışdır. Bununla da məqsədli şəkildə Azərbaycanda yeni əlifbanın tətbiqi ilə bağlı uğurlara kölgə salmağa çalışmışdır. Ona görə də Vəli Xuluflu bu cür qərəzli mövqe tutanlara tutarlı cavablar verir və onların yanlış mövqeyini ifşa edirdi. Bundan başqa, Vəli Xuluflu milli azlıqların, o cümlədən tatların yeni əlifba ilə bağlı heç bir problemlərinin olmadığı halda, bunun bəziləri tərəfindən (prof.Yakovlev tərəfindən) şişirdilməsinin səbəbini hər şeyi siyasiləşdirməyə çalışanların maraqlarından qaynaqlandığını da bilirdi və bu məsələyə çox ölçülü-biçili cavab da verirdi.

Yeni əlifbanın həyata keçirilməsinə müxtəlif maneələr olmuşdur. Ona görə də əsassız bəhanələrlə bu işin baş tutmasının qarşısını almış, milli azlıqların yazı məsələsini bir problem kimi böyütməyə çalışmışlar. Belələrinə Vəli Xuluflu açıq şəkildə deyirdi: “Mən dedim ki, Azərbaycanda 20-yə yaxın xalq yaşayır. Yəhudilərə, talışlara və ləzgilərə biz əlifba vermişik və onlar arasında öz milli dillərində savadsızlığı aradan qaldıracağıq, lakin tat məsələsi öz-özlüyündə Azərbaycanda olmamışdır və məncə, hələ yoxdur. (yerdən səs – imperializm!). Üzr istəyirəm, bu imperializm deyil. Bir çox yoldaş milli azlıqlar haqqında danışarkən milli azlıqların dilini özünü təsdiq kimi başa düşürlər. Siz Leninin “milli məsələ” məqaləsini oxuyun. Lenin deyir: “Hər cür təbii assimilyasiyanı biz alqışlayırıq”.

Əgər tatlar özləri assimilyasiya olmuşlarsa, indi yenidən tat dilini və yazısını yaratmağın heç bir mənası yoxdur. Hələ ki heç bir tat və onların rəhbəri bunu bizdən tələb etməmişdir. Ümumi yazışma göstərir ki, onlar 90% türk dilinə yiyələnmişlər və türkcə savadlıdırlar”. (Yenə orada. s.102)

Yeni türk əlifbasına keçmək işində Azərbaycan ilk nümunə və örnək rolunu oynayırdı. Təbii ki, Azərbaycanın bu işdə nüfuzunu aşağı salmaq, rolunu məhdudlaşdırmaq istiqamətində qüvvələr meydana çıxırdı. Həmin qüvvələr həm yeni əlifbanın, həm də Azərbaycanın əleyhinə olan fikirlərini müxtəlif yollarla təbliğ edirdilər. Odur ki, Vəli Xuluflu həmin ittihamlı fikirlərlə bağlı deyirdi: “Dünən bəzi yoldaşlar bildirmişlər ki, Yeni Türk Əlifbasının Ümumittifaq Mərkəzi Komitəsini bölgədən – Bakıdan mərkəzə – Moskvaya köçürmək lazımdır. Bakı bölgə deyildir. Mədəni həyatın nəbz döyüntüsü və təsərrüfatın gücünə görə SSRİ-nin 3-cü mərkəzidir”. (bax: Yenə orada. s.103)

Aydınca görünür ki, milli ədavəti qızışdırmaq istəyində olanlar olmuş və onlar özlərini “etnik qrupların mənafeyini müdafiə edənlər” kimi aparmışlar. Hətta tatların marağında olmayan məsələlərlə baş qatmaq, əsas hədəfdən yayınmaq məqsədini güdmüşlər. Odur ki, Vəli Xuluflu bu cür mövqe sahiblərinə elmi və siyasi baxımdan yetkin olan mövqe nümayiş etdirərək deyirdi: “Mən yoldaş Atnaqulovun çıxışını heç cür başa düşə bilmirəm. Nəyə görə inqilabın XIII ilində yoldaşlar mədəni inkişaf prosesini başa düşmürlər? Yoldaş Atnaqulov öz çıxışında az qaldı Mərkəzi Komitəni pantürkizmçilikdə ittiham etsin. Mən düşünürəm ki, o uydurmadan (mifdən) qorxaraq – marksizmin əlifbasını unudur. Biz dünyanı dəyişirik və yenidən qururuq və təkcə istehsalatı, istehsalat münasibətlərini deyil, insanları da dəyişirik. Əgər biz SSRİ-də ümumi sosialist təsərrüfatı (mülkiyyəti) yaradırıqsa, o zaman bizə ümumi sosialist dili yaratmaq da lazımdır. Mən sizə bu mövzuda prof.Marrın fikrini oxuyuram. O deyir: “İnsanlıq müəyyən ictimai şəraitdə, zəhmət prosesində öz dilini yaratmışdır və onu həyat və məişətin həqiqətən yeni sosial formalarının basqısı ilə mühitin təfəkkürünə uyğun şəkildə inkişaf etdirir”. Daha sonra akademik Marr deyir: “Aydındır ki, gələcək vahid dünya dili yeni sistemin dili olacaq, xüsusi, indiyə qədər mövcud olmamış, gələcək təsərrüfat kimi, əlbəttə öz texnikası ilə, gələcək siniflər xaric cəmiyyət və gələcək siniflər xaric mədəniyyət kimi”. (bax: Yenə orada. s.103)

Vəli Xuluflu terminologiyanın vahid orfoqrafiyasını yaratmağı məqbul sayır, bu istiqamətdə öz mövqeyini əsaslandırmağa çalışırdı. O deyirdi: “Bizim dövlət – sosialist dövlətidir. Biz siniflər xaric cəmiyyətin yaranmasına, təşkilinə gedirik. Gələcək sosialist dili indi var olan hansısa bir millətin dili olmayacaq, ümumi təbii yolla yaranmış bir dil olacaq. Odur ki, biz ümumdünya sosialist dilinin yaradılması istiqamətini götürməliyik. Buradan isə belə çıxır ki, biz yeni əlifbaya keçərkən xarici terminologiyaya qarşı ümumi orfoqrafiya sistemini qəbul etməliyik. Qazaxıstanda “Moskva” sözü “Moskov”, “Varşava” sözü “Vörsövə”, “laboratoriya” isə “ləbərqətir” kimi yazılması nəyə yarar. Tatarıstanda Lenin “Linin” kimi yazılır və bununla onlar nə qazanırlar – mən başa düşə bilmirəm. Buna görə də biz terminologiya və orfoqrafiyanın ümumi prinsipləri haqqında danışarkən qarşılıqlı anlaşma və gələcək beynəlmiləl sosialist dilinin yaradılması nöqteyi-nəzərindən çıxış etməliyik”. (bax: Yenə orada. s.103)

Deməli, Vəli Xuluflu türk xalqlarının bir-birini yaxşı anlaması və eləcə də bir-birinə daha da yaxınlaşması üçün terminologiya, eləcə də orfoqrafiya ilə bağlı ümumiləşdirici cəhətləri nəzərə almağı vacib sayırdı.

Vəli Xuluflu Yeni Əlifba Komitəsinin işinin, fəaliyyətinin sürəti və bu baxımdan Azərbaycanın təcrübəsindən istifadənin faydalı olmasını nəzərə çatdırırdı. Onun fikirlərində bu məqamlara diqqət yetirək: “İndi isə yoldaşlar, Komitənin iş sürəti barədə. Bəli, həqiqətən sürət və rəhbərlik barəsində Yeni Türk Əlifbasının Ümumittifaq Mərkəzi Komitəsi bir qədər axsayır. Burada bir neçə yoldaş – Başkiriyanın nümayəndəsi yoldaş Şafikov və yoldaş Dinmuxamedov deyirdilər ki, belə yüksək sürət götürmək lazım deyil, sonra “başımız fırlanacaq” və geri çəkilmək məcburiyyətində qalacağıq. Şəxsən mən fikirləşirəm ki, yeni əlifbanın tətbiqi sürətini artırmaq lazımdır. Ancaq necə artırmaq? Biz azərbaycanın təcrübəsindən, latınlaşmanın intelegensiya, xüsusən də müəllimlər tərəfindən necə sərt qarşılandığını bilirik. Yeni əlifbaya keçməmiş və hələ təzə keçməyə başlayan bütün respublikalarda, əvvəlcə müəllimlər arasında savadsızlığı aradan qaldırmaq və yeni müəllim kadrları hazırlamaq lazımdır. Məsələn, Azərbaycanda biz xüsusi kurslar açırdıq və bütün müəllimləri bu kurslardan keçməyə məcbur edirdik, sonra isə bu kursları keçdikləri barədə müvafiq vəsiqələr verirdik. Yeni əlifbaya keçidi sürətləndirmək üçün, çox güman ki, bizim Azərbaycanda tətbiq etdiyimiz üsullardan istifadə etmək lazım olacaq”. (bax: Yenə orada. s.103-104)

Deməli, Vəli Xuluflu onu da yaxşı bilirdi ki, yeni əlifba ilə bağlı Azərbaycanın iş sürəti başqaları ilə müqayisə olunmayacaq dərəcədə çox irəlidədir. Azərbaycandakı bu irəliləyişə qısqanclıqla yanaşanlar bəhanələr gətirir, belə bir sürəti, fəaliyyəti qəbul etmirdilər. Məsələn, Şafikov və Dinmuxamedov kimilər “... elə yüksək sürət götürmək lazım deyil, sonra “başımız fırlanacaq” və geri çəkilmək məcburiyyətində qalacağıq” deyirdi. Əslində onların bu fikirləri özlərindən daha çox bu işə qısqanclıqla yanaşanların və məsələni siyasiləşdirmək istəyində olanların fikirləriydi. Ancaq bu fikirlər onların (Şafikovun, Dinmuxamedovun) dillərində səslənirdi.

Vəli Xuluflunun diqqət yetirdiyi məsələlərdən biri də Yeni Türk Əlifbası ilə bağlı maliyyə məsələlərinin düzgün həyata keçirilməsi idi. Onun bu məsələdə mövqeyi maraq doğururdu. O qeyd edirdi ki, bəzi respublikalara qıraqdan maliyyə subsidiyalarından imtina etmək lazımdır. Belə respublikalar sırasında Özbəkistanı, Tacikistanı, Türkmənistanı nəzərdə tuturdu. Onun fikrincə, bu respublikalar müstəqildirlər və SSRİ-yə İttifaq Respublikaları kimi daxildirlər, özlərinin şəxsi büdcələri vardır. Ona görə də onlar subsidiyalardan imtina edə bilərlər və onların pulları şəxsi büdcələri olmayan, daha geridə qalmış bölgələrə verilə bilər. Vəli Xuluflu bu cür yanaşmanı doğru hesab edir, yazıları olmayan daha geridə qalmış xalqların savadsızlığı ləğv etmək və yeni əlifbanı həyata keçirmək üçün daha çox pul almalarını təqdir edirdi. (bax: Yenə orada. s.104)

Vəli Xuluflu Xalid Səidin latın qrafikalı əlifbaya keçməklə bağlı aparılan işlərdən bəhs edən kitabı barədə də fikir söyləyir. Hiss olunur ki, Vəli Xuluflu ilə Xalid Səid arasında bir anlaşılmazlıq özünü göstərmişdir. Bunu Vəli Xuluflunun fikirləri təsdiq edir. O deyir: “İndi isə Xalid Səidin kitabı haqda. Bir çoxları bu kitabın çıxması faktına çox ilişirlər və deyirlər ki, Səid yeni əlifbanın tərəfdarı deyil. Mən onu Bakıda işlədiyi vaxtdan, 1924-cü ildən tanıyıram, onunla Krıma, Qazaxıstana, Daşkəndə getmişəm. Bizdə belə təəssürat yaranıb ki, o yeni əlifbanın qatı tərəfdarıdır. (Yerdən səs – Doğru deyil). Mən də Xalid Səidin kitabını (“Yeni Əlifba yolunda əski xatirə və duyğularım” – B.X.) bir qədər tənqid etmək istəyirəm, çünki orada bəzi yanlışlıqlar var. Məsələn orada Qazaxıstan barədə heç nə deyilmir”. (bax: Yenə orada. s.104) Hətta Vəli Xuluflu Xalid Səidin onu (yəni Vəli Xuluflunu) tənqid, ifşa etməsini də gizlətmir. Bu barədə də fikir söyləyir. O deyir: “İndi isə Xalid Səid tərəfindən ifşası haqda. Mən sizə ərz edirəm ki, (yəni Xalid Səid ərz edir – B.X.) biz Krımda olarkən Vəli özünü qeyri-səmimi aparırdı və heç bir yerdə yeni əlifbaya qarşı çıxış etmirdi. (Yerdən səs – Xahiş edirəm bu ərizəni qeyd edəsiniz. O, latınlaşmaya ayrılmış vəsaiti toxum almağa xərcləyib). Ola bilər ki, biz Krımdan getdikdən sonra, o sui istifadə etmişdir və bizim pullarımızı başqa lazım olan yerlərə xərcləmişdi, lakin biz orada Ağamalıoğlu ilə birlikdə olanda, mənim yadıma gəlmir ki, o Krım Mərkəzi İcraiyyə Komitəsinə rəhbərlik edərkən, yeni əlifbaya qarşı çıxsın”. (bax: Yenə orada. s.104)

Görünür ki, Xalid Səidlə Vəli Xuluflu arasında başqaları tərəfindən məqsədli şəkildə müəyyən anlaşılmazlıq yaradılmış, bununla da yeni əlifbanın həyata keçirilməsini ləngitməyə çalışmışlar. Vaxtilə Yeni Əlifba Komitəsinin tərkibində birgə Türküstün ellərinə səfər edən Xalid Səidlə Vəli Xuluflu münasibətində sonralar soyuqluq yaranmışdır. Bu soyuq münasibətin dərinləşməsinə, yəqin ki, məqsədli şəkildə “xidmət edənlər” olmuşdur. Bunu Xalid Səidin “Biz Krımda olarkən Vəli özünü qeyri-səmimi aparırdı və heç bir yerdə yeni əlifbaya qarşı çıxış etmirdi” fikri də təsdiq edir. Belə çıxır ki, Vəli Xuluflu yeni əlifbaya qarşı çıxmalıymış, ancaq o, bunun əksini edibdir. Görünür ki, Xalid Səidin özünə o qədər təqiblər olubdur ki, o bu cür yanlış fikir söyləyibdir. Axı onların hər ikisi yeni türk əlifbasını təqdir edirdilər. Bundan başqa, yerdən səslənən “O, (yəni Vəli Xuluflu – B.X.) latınlaşmaya ayrılmış vəsaiti toxum almağa xərcləyib” fikrini, görəsən, Xalid Səid deyibmi? Əgər deyibsə, yenə də görünür ki, Xalid Səidlə Vəli Xuluflu arasındakı bu münaqişəni məqsədli şəkildə yaradıblar. Yəni əlifbanın həyata keçməsindən narahat olanlar (o cümlədən Sovet dövləti) məqsədli şəkildə bu ziyalıları bir-biri ilə üz-üzə qoymuş, münaqişəli münasibətlər yaratmışlar.

Vəli Xuluflu əlifbanın vahid şəklə salınması (unifikasiyası) barədə də fikir söyləyir. Qarşıya çıxan maneələrdən bəhs edir. O deyir: “Bir neçə kəlmə də əlifbanın vahid şəklə salınması (unifikasiya) barədə. Mən düşünürəm ki, bu barədə danışmaq artıqdır. Azərbaycan, əlbəttə ki, vahid əlifbaya keçəcək. Burada xüsusilə vacib sual  baş hərflərin qəbulundan gedir, hələ də baş hərfləri qəbul etməyən respublikaları, onları qəbul etməyə məcbur etmək lazımdır, çünki mövcud vəziyyət yazıda qarışıqlıq yaradır”. (bax: Yenə orada. s.104)

Vəli Xuluflunun mövqeyi və fikri Bəkir Çobanzadəni söz almağa məcbur edir. O söz alaraq məhz Vəli Xuluflunun söylədikləri ilə bağlı deyir: “Bəzi natiqlərin tribunaya çıxarkən dinləyicilərin simalarını psixoloji oxumaq və öz fikirlərini, bəd düşüncələrini vəziyyətə görə dəyişmək kimi zəiflikləri var. Bu hər auditoriyada, hər konferensiyada nəzərə çarpır, lakin bununla həmin natiqlər xüsusi seçilirlər. Bu cür adamlar Rəyasət heyətinin birinin üzünə və ya komitənin baş üzvünün üzünə baxaraq öz simalarını, ideologiyalarını, sözlərini dəyişirlər və əgər bir saat əvvəl – “yox” demişdisə, burada, indi – “hə” deyə bilirlər və bu insanlar çox qəribə və qəmgin təəssürat bağışlayırlar. Bəzi yoldaşların çıxışlarında biz buna şahid olmuşuq. Mən bütün yoldaşlar barəsində demirəm, lakin ikisi, üçü məhz bu cür çıxış etmişdir. Bəzi konkret məqamlara keçim. İlk öncə Xalid Səidin kitabından (“Yeni əlifba yolunda əski xatirə və duyğularım” – B.X.) başlayım, çünki bu Elmi Şuranın tənqidinə bağlanır, elə təəssürat yaranır ki, guya Elmi Şura bu kitabı məsləhət görüb və ya nəzərdən keçirib. Bu tamamən doğru deyil. Mən Elmi Şuranın sədri olaraq rəsmən deyirəm ki, biz bu kitabı yoldaş Ağamalıoğlunun təkidi ilə almışıq. Yoldaş Ağamalıoğlunun yeni əlifba ilə necə maraqlandığını bilirik və o bu kitabın heç bir dəyişikliyə məruz qalmadan çap olunmasını istəmişdir. “Qoy başqaları tənqid etsinlər”, – o dedi. Mən ona bildirdim ki, Kislovodskun təsvirini verməyə gərək yoxdur. Lakin o mənə dedi: “Qoy qalsın”.

Kitab professor Qubaydullinə verilmişdir, o isə heç Elmi Şuranın işçi qrupunun üzvü də deyil. Biz Elmi Şuranın işçilərinin bu kitabla heç bir əlaqəsi yoxdur”. (bax: Yenə orada. s.105)

Aydınca hiss olunur ki, Bəkir Çobanzadə ilə Vəli Xuluflu arasında mövqelərin düz gəlmədiyi məqamlar olubdur. Mövqelərin müxtəlif olması, görünür ki, o dövrün ideologiyasının da marağında olmuşdur. Sayılan, seçilən və qəbul olunan ziyalılar arasında kəskin ziddiyyət yaratmağı qarşısına məqsəd qoyanların əməlləri bu qəbildən olan ziyalıları üz-üzə qoymuşdur. Onu da aydınca görmək olur ki, müzakirəyə ehtiyacı olamayan belə bir kitabın “Yeni əlifba yolunda əski xatirə və duyğularım” kitabının xüsusi müzakirə obyekti olması yersiz görünür. Ən azı ona görə ki, adı çəkilən kitabda Türküstan ellərində Yeni Əlifba Komitəsinin fəaliyyətindən bəhs olunur. Axı bu kitab yeni əlifbanın elmi-nəzəri əsaslarını ehtiva etmir. Belə olduğu təqdirdə, bu kitabın müzakirə obyekti olmasını başa düşmək olmur. Yaxud kitabda Kislovodskunun təsvirinə yer ayrılmasını müzakirə obyektinə çevirməyə heç bir əsasın olmadığını görürük. Ona görə ki, Kislovodskun təsvirinin verilməsi əlifbanın həyata keçib - keçməməsində heç bir rol oynamır və oynamamışdır. Bəlkə çoxları o vaxt Xalid Səidin “Yeni əlifba yollarında əski xatirə və duyğularım” kitabını heç oxumamışdır. Ancaq kitabın içində olanlar barədə eşitdiklərini demişlər. Axı kitabda Kislovodskudan yox, Krasnovodskdan bəhs olunmuşdur. Görünür ki, bunu da dəqiq bilmədiklərindən Krasnovodsk əvəzinə Kislovodsk demişlər. Həm də bu, irad tutulursa, onda gərək kitabda Sevastopoldan, Daşkənddən, Aşqabaddan, Səmərqənddən və s. yerlərdən də bəhs olunduğundan bu şəhərlər barədə kitabda məlumat verilməsi də irad tutulaydı. Halbuki kitabın məzmununu tam təfərrüatı ilə bilməyənlər nəzərə almalıydılar ki, adları qeyd olunan şəhərlərdən yeni türk əlifbası ilə bağlı olaraq bəhs olunmuş, həm də həmin şəhərlər barədə (coğrafiyası, təbiəti, görünüşü və s.) müəyyən qədər oxuculara məlumat verilmişdir. Bunun da qüsurlu olması inandırıcı görünmür. Sadəcə olaraq nəyinsə xatirinə belə məqamlardan birini qüsur kimi təqdim etmişlər. Yenə də bu yersiz müzakirələrin məqsədli bir işə çevrildiyini görürük və siyasi maraq dairəsinin təsiri altında olduğunu hiss edirik.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı