Modern.az

Yeni Əlifba Komitəsinin IV plenumundan bəzi məqamlar - II yazı

13 İyun 2016, 15:59

Buludxan Xəlilov,

filologiya üzrə elmlər doktoru, professor


Bəkir Çobanzadə əlifbanın unifikasiyasına və Azərbaycanın bu işdə də nümunə olmasına diqqət yetirmişdir. O deyirdi: “Burada Azərbaycanda əlifbanın vahid modelə (unifikasiya) keçilməsindən çox danışıldı. Mən bütünlüklə bunun tərəfdarıyam. Plenumda iştirak edən azərbaycanlı yoldaşlar Azərbaycanda unifikasiya uğrunda mübarizə aparan özəyin bir hissəsidir. Lakin indi Azərbaycanda mövcud olan əlifba üzərində 500.000 savadlı insan var və indi bu qırılmanı etmək olmaz. Bəzi yoldaşların əhval-ruhiyyəsinə güzəşt edərək, Azərbaycanın üzərinə bu cür hücum çəkmək olmaz. III plenum qəbul etdi ki, baş hərflər vahid əlifbanın vacib hissəsidir. Bu isə o deməkdir ki, baş hərfləri qəbul etməyən respublikalar, yeni əlifbanı da qəbul etməyiblər. Yəni Qazaxıstan və Qırğızıstan yeni əlifbanı qəbul etməyiblər. Yoldaş Antaqulovun dediyi kimi, demək olmaz. “Məni inandırın, mən tərs insanam. Əgər siz elmi işçisinizsə və əgər sizin avtoritetiniz varsa, inandırın məni. Mən sizə inanmıram, sizin mülahizələriniz, necə deyərlər, boşdur və s.” Bu cür insanlarla istənilən Elmi Şura, harada olursa olsun, istər Moskvada, istər Bakıda, istərsə Leninqradda gücsüzdür. Bu cür insanları inandırmaq çox çətindir. Özbək yoldaşları Elmi Şura deyil, özbək həqiqətləri inandırdı. Elmi Şuranın əsas məsləhətçisi həqiqətdir, reallıqdır. Biz özümüzə avtoritet kimi baxmırıq, diktator kimi baxmırıq, məsləhətçi kimi baxırıq”. (bax: Yenə orada. s.105-106) Bununla da Bəkir Çobanzadə yeni əlifbanı qəbul etməyənləri – Qazaxıstanı, Qırğızıstanı açıqca hədəfə götürürdü. Azərbaycanın yeni əlifba yolunda əldə etdikləri uğurları təqdir edirdi. Həm də türk xalqlarını yeni əlifbanı bir reallıq kimi qəbul etməyə dəvət edirdi. Onu da qeyd edirdi ki, yeni əlifbanı qəbul etmək istəməyənlərə həqiqəti başa salmaq çətindir. Bəkir Çobanzadə yeni əlifba məsələsində bu işin tərəfdarlarının mövqeyini kiminsə avtoritet kimi, yaxud da diktator kimi qəbul etməsini də istəmirdi. Sadəcə olaraq yeni əlifba tərəfdarlarının mövqeyini məsləhət kimi qəbul etməyə üstünlük verirdi.

Bəkir Çobanzadə yeni əlifba məsələsindən orfoqrafiya və terminologiya məsələlərini bir-birindən ayırırdı. Ancaq əlifba, orfoqrafiya, terminologiya məsələlərinin vəhdətdə həllini də unutmurdu. O, bunların hamısını vəhdətdə götürür, ümumi elmi qənaətlərini diqqətə çatdırırdı. Bəkir Çobanzadə deyirdi: “Biz orfoqrafiya və terminologiyadan nə istəyirdik? Bəzi yoldaşlar Elmi Şuranın terminologiya məsələləri ilə dərindən məşğul olmadığını söylədilər. Digərləri isə deyirdilər ki, bundan o yana getmək olmaz, bizim işimiz ancaq əlifbadır, terminologiya avropa xalqlarındakı kimi yaranır və sairə. Bu formaca elmidir, məzmunca isə elmlə heç bir əlaqəsi yoxdur, xüsusən də materialistik linqvistika ilə. Məsələn, professor Yakovlevin çıxışına baxaq. Onun çıxışının materialist linqvistika ilə heç bir əlaqəsi yoxdur. Komitənin yaşlı üzvləri bilirlər ki, professor Yakovlev birinci dəfə deyil belə çıxış edir. Mənim əlimdə Akademiyanın Komitəsi və materialist linqvistikanın ürəyi – akademik Marrdan rəsmi arayış var və burada türklərin əlifbasının quruluşu və unifikasiyasına etiraz etmədiklərini bildirirlər. Yafəs dillərin yeni əlifbasının quruluşuna gəldikdə isə, burada onların fikrincə, çoxlu səhvlər var. Bu əlifba üzrə məsləhətçi kim idi? Professor Yakovlev. Bu məsələ üzərində iki il çalışdılar, sonunda isə əlifba qüsurlu sayıldı. Müraciət edildiyi və yardım istənildiyi zaman Elmi Şura xalqların tələblərinə doğru yönəlir. Professor Yakovlev tərəfindən işlənmiş lak əlifbası da Elmi Şura tərəfindən qüsurlu hesab olunub və qəbul edilməyib. Elmi ortamda, ümumiyyətlə, istənilən yerdə bu cür çıxış etmək yaxşı deyil”. (bax: Yenə orada. s.106) 

Göründüyü kimi, Bəkir Çobanzadə orfoqrafiya və terminologiya məsələlərinə birtərəfli yanaşanları, o cümlədən Yakovlevi tənqid edirdi. Hətta prof.Yakovlevin özü tərəfindən işlənmiş əlifbanın qüsurlu olduğunu söyləməklə onun da, digərlərinin də nəzərinə çatdırmaq istəyirdi ki, öz çıxışlarına diqqətlə yanaşsınlar, çaşdırıcı fikirlər söyləməsinlər.

Bəkir Çobanzadə yeni əlifba məsələsi, orfoqrafiyanın unifikasiyası, ayrı-ayrı dillərdə spesifik səslər və s. barədə kifayət qədər məlumatlı olmuşdur. O həm də bu məsələlərdə bir mütəxəssis kimi bütün dərinliklərə varmış, incə mətləbləri üzə çıxarmış və hər bir faktı təhlil etməyi bacarmışdır. Çoxlarının bilmədiyi elmi məlumatları, bilgiləri bilməklə yanaşı, onları təqdim etməyi, qarşı tərəfi inandırmağı da diqqət mərkəzində saxlamışdır. Bəkir Çobanzadə deyirdi: “İndi isə orfoqrafiyanın unifikasiyası (vahid modeli) haqqında. Biz iki prinsip irəli sürürük. Yoldaşlar deyirdilər ki, orfoqrafiya məsələlərində bizim iş metodları və qaynaqlarımız yoxdur. Bizim prinsiplərimiz var, onlar unifikasiya üzrə Komissiyanın I plenumunda qəbul olunub. Bunlar cəmi yeddidir. Onlar bütün maddələrdə göstərilib. Əgər bizə buryat-monqollar, oyrotlar və ya şorlar gəlirsə, biz demirik: – ümumi səslər üçün – ümumi işarələr, ancaq əgər spesifik işarələr varsa, ancaq o halda ki onlar əlifbada olmasın. Əgər varsa, onda onları qəbul etmək lazımdır. Bu barədə çox aydın və qərarlaşdırılmış direktiv var.    Prof.Yakovlev mənə və ya Elmi şuraya mürəbbiyə (tərbiyəçi qadın) deyil. Biz çoxlu minnətdarlıq almışıq, halbuki bu haqda danışmıram. Orfoqrafiya məsələsinə görə, bizdə türkoloji qurultay çağırılmışdı. Burada bütün respublikaların nümayəndələri iştirak edirdilər. Bu qurultayda fonetik-morfoloji prinsip qəbul edilmişdir, yəni ədəbiyyatın inkişafını inkar etmədən, orfoqrafiyanın canlı dilə yaxınlaşması. Fonetik prinsip heç bir əlifbada işləmir. Bunu bütün elmi işçilər bilir, Afanasyevdən başlamış dahi alimlərə qədər (yerdən səs – hansı dahi alimlər?). Bunu anlamamaq, orfoqrafiyanı anlamamaqdır, çünki bu bir qədər sünilik və dili anlamamağa imkan yaradır. Terminologiyanın inkarı bu məsələyə qeyri-elmi yanaşmadır”. (bax: Yenə orada. s.106-107)

Deməli, Bəkir Çobanzadə orfoqrafiyanın unifikasiyası məsələsində bir əsasın (mənbənin) olduğunu da müzakirə iştirakçılarının nəzərinə çatdırırdı. Hətta spesifik səsləri olan dillərdə (buryat-monqol, oyrot, şor) həmin spesifik səsləri bildirən hərflərin yeni əlifbada öz əksini tapmasını qəbul edirdi. Bundan başqa, Bəkir Çobanzadə orfoqrafiyanın prinsiplərini anlamaq üçün də müəyyən izahatlar verir fonetik və morfoloji prinsiplərə əməl edilməsini məqbul sayırdı. O, orfoqrafiyanın prinsiplərini anlamadan orfoqrafiya qaydalarının tənzim olunmasını məqbul hesab etmirdi. Doğurdan da, tarixi təcrübə göstərdi ki, orfoqrafiyanın prinsipləri var və onlara (həmin prinsiplərə) əməl etmək lazımdır. Beləliklə, Bəkir Çobanzadə Elmi Şuranın fəaliyyətinə tam razılıqla yanaşmamış, ancaq elmi şuranın fəaliyyətini də inkar etməmişdir.

Bəkir Çobanzadə Elmi Şuranın fəaliyyətinə də biganə qalmamış, mövqeyini açıq şəkildə söyləmişdir. O demişdir: “Elmi Şura tərəfindən görülmüş işlər barədə bir neçə söz. Biz demirik ki, Respublikalardan Elmi Şuraya seçilmiş yoldaşların iştirakı ilə nəhəng işlər görülüb. Mən günahı Rəyasət heyətinin üzərinə qoymaq istəmirəm, ancaq Rəyasət heyəti mənim arayışımla razılaşar: – Maxaç - Kaladaki konfrans zamanı biz Rəyasət heyətinin üzvlərinə Elmi Şuranın plenumunun çağırılmasının vacibliyi barədə müraciət etdik. İqtisadi şərait nəzərə alınaraq bundan imtina etdilər və Rəyasət heyətinin genişləndirilmiş iclası çağırıldı. Rəsmi fikir necə var idi, elə də qaldı, çünki başqa iclas olmadı.

Seyfi nə dedi? Biz başa düşürük ki tatarlar az və ya çox orijinal prinsipi öz orfoqrafiyalarına uyğunlaşdırdılar. Bu barədə mübahisə etmək olar, ancaq heç şübhəsiz  prinsip qorundu”. (bax: Yenə orada. s.107)

Bəkir Çobanzadə türk dillərində vahid orfoqrafiya prinsiplərinə əməl olunmasını da nəzərə alırdı. Bunu dillərin birləşməsi, vahidləşməsi kimi qəbul etmirdi. O deyirdi: “Bir neçə söz dillərin “unifikasiyası” haqqında. Baxmayaraq ki, ingilis və fransız dilləri təxminən eyni köklər üzərində qurulmuşdur, onları vahid şəklə salındığını iddia etmək çox gülünc olardı. Biz orfoqrafiya ilə məşğuluq və deyirik: “Morfoloji prinsipi qəbul edin”. Azərbaycan, Özbək və Krım təşkilatları bu prinsipi qəbul etdilər. Dillərin birləşməsimi oldu? Prinsiplərin birləşməsi vacibdir, çünki bununla biz müasir elmi cəhətdən isbatlanmış orfoqrafiya yaradırıq. Heç bir şeyi şişirtmədən deyə bilərəm ki, bizim əlifba bütün avropa əlifbalarından üstündür. Biz Elmi Şuranın işçiləri olaraq belə bir mövqedəyik ki, avropa xalqlarının əlifbalarına nəzərən daha yaxşı əlifba yaratmışıq və elə bu səviyyədə də orfoqrafiya yaratmalıyıq”. (bax: Yenə orada. s.107)

Görünür ki, bir çoxları vahid orfoqrafiya qaydalarının, prinsiplərinin yaradılmasının mahiyyətini başa düşməmişdir. Hətta bəziləri vahid orfoqrafiya qaydalarını, prinsiplərini dillərin birləşməsi kimi anlamışdır. Halbuki vahid əlifba, vahid orfoqrafiya qaydaları, prinsipləri dillərin birləşməsi deyildir. Məhz bu məqamı nəzərə alan Bəkir Çobanzadə məsələni düzgün şəkildə izah etmişdir. Həm də elmi cəhətdən müasir olan orfoqrafiyanın yaradılmasını məqbul saymışdır. Türk xalqları üçün yaradılmış əlifanın heç də avropa əlifbalarından geri qalmadığını tərəddüd etmədən söyləmişdir.

Bəkir Çobanzadə türk xalqlarının terminologiya məsələsində ən incə məqamları nəzərə almalarını diqqətə çatdırırdı. Qeyd edirdi ki, nəyə görə “Varşava”nı  “Barçoba” adlandıraq? Onun fikrincə, Qazax işçilər rusca daha yaxşı danışırlar, çünki onlar doğru yol seçmişlər. Nəyə görə o “Barçoba” deməlidir. O deyirdi: “Halbuki beş il sonra o “Varşava” deməli olacaq. Əgər bu məsələlərdə əvvəllər biz günaha batırdıqsa, indi biz bundan əl çəkmişik və “aeroplan”, “universitet”, “traktor”, “kollektivizasiya”, “kommunizm”, “sosializm” kimi sözlərin ətrafında birləşirik. Qazaxlar da bu yola keçməlidirlər.(bax: Yenə orada. s.107)

Bununla da, Bəkir Çobanzdə türk xalqlarının terminologiya məsələlərində vahid yolu seçmələrini, bir prinsipi əsas kimi götürmələrini təqdir edirdi.

Məsələlərə münasibətini bildirən Xabayev deyirdi: “Yoldaşlar, mən 1929-cu ilin ikinci yarısından xalqının əlifbasını latın əlifbasına keçirməyə başlayan Buryat-Monqol Respublikasını təmsil edirəm. Hesab edirik ki, biz gecikmişik. Buryat - Monqoliya bu inqilabi hərəkatın yeni üzvü olaraq, buryat-monqol əlifbasının latınlaşdırılmasının ümumi şəaritindən söz deməlidir. Mən bu yerləşmənin çətinliklərinin ümumi şərtlərini təsvir etmək istəyirəm. Deyim ki, Buryat-Monqol Respublikası gec – 1923-cü ilin ikinci yarısında qurulub. Onun tərkibinə iki rayon – keçmiş İrkutsk quberniyasının qərb hissəsi – təsərrüfat sahəsində öz xüsusiyyətləri olan Baykal gölünün bu tərəfi: mədəni inkişafına və yazısına yön verən buğda təsərrüfatı, hayvandarlıq, köçəri və yarımköçəri kimi digər xüsusiyyətləri ilə yön verən ikinci hissəsi – Baykal ətrafı quberniyalar və Zabaykal vilayəti. Bu şəraitin dilə məlum təsiri olmuşdur. (Yenə orada. s.108)

Xabayevin münasibətindən aydın olur ki, Buryat-Monqol Respublikasında yeni əlifbaya keçmək işi nisbətən gec başlamışdır. Ancaq onlar bu işə gec qoşulsalar da, latın əlifbasına keçməyin tərəfdarı olublar.

Xabayev Buryat-Monqolda latın qrafikalı əlifbanın ümumi vəziyyəti barədə məlumat verməklə maraqlı tarixi həqiqətləri üzə çıxarır. O deyirdi: “Bundan əlavə, geniş ruhani ordusu vardır ki, onlar da yeni əlifbanın tətbiqinə mane olur. Bunlar   və yerli 215 min əhaliyə nəzərən təxminən 10 min nəfər təşkil edirlər. Bax elə bu böyük lam ordusu və üstəgəl əhalinin qolçomaq hissəsi və milliyyətçi elementlər, bizim işimizə əngəl olan sinfi – düşmənçilik güclərini təşkil edir. Bütün onlar birlikdə buryat-monqol əlifbasını latınlaşmaya aparan yolda, xüsusən də ilk mərhələdə işləri çətinləşdirən maneələrdir”. (Yenə orada. s.108)

Görünür ki, türk xalqlarının yaşadığı respublikalarda olduğu kimi, Buryat-Monqol Respublikasında da əhalinin müəyyən qismi yeni əlifbanın əleyhinə olmuşdur. Bunlar da yeni əlifbaya keçmək işini çətinləşdirən amillərdən biri kimi Xabayev tərəfindən düzgün müəyyənləşdirilmişdir.

Xabayev buryat-monqolların əlifba tarixinə və müasir vəziyyətinə də xüsusi diqqət yetirərək deyirdi: “Yoldaşlar, bizim köhnə əlifba çoxdan – 12 - 13-cü əsrdə yaranmışdır və islahatlara məruz qalmamışdır. Təbiidir ki, o, mədəni inkişafın inqilabi tələblərini həyata keçirə bilməz. Bu xüsusiyyətlər bizim zəhmətkeşlərin mədəni yüksəlişinin qarşısını alır.

Biz yeni əlifbamızı 1929-cu ildə işləmişik və Yeni Əlifbanın Mərkəzi Komitəsinin Elmi Şurasına – ona baxılması üçün müraciət etmişik. Lahiyə latınlaşma ideyası ilə hələ 1908-1912-ci illərdə məşğul olan, lakin son günə kimi həyata keçirə bilməyən, bizim köhnə elmi işçimiz Baradin tərəfindən tərtib olunub. Və yalnız Oktyabr İnqilabı və Sovet hakimiyyəti bizə və başqa xalqlara bu ideyanı həyata keçirmək imkanı yaratdı”. (bax: Yenə orada. s.107-108)

Xabayevin fikri bir daha təsdiq edir ki, Buryat-Monqol Respublikasında yeni əlifbanı həyata keçirməyi mədəni inkişafın yüksəlişi kimi qəbul etmişlər.

Xabayev Buryat - Monqol Respublikasında yeni əlifba ilə bağlı işlərin vəziyyəti barədə məlumat vermişdir. O demişdir: “İşlərin hansı mərhələdə olduğunu qısaca izah edim. İndi bizdə təşkilatlanma dövrüdür, yeni əlifbanın kütlələrə tətbiqi dövrü. Biz Yeni Əlifba Cəmiyyətinin təşkilat bürosunu yaratmışıq: savadsızlığı ləğv edəcək ilkin qruplara kiçik kurslar keçmişik. Martın sonlarında keçirdiyimiz toplantıda orfoqrafiyanı işləmişik və yeni buryat-monqol ədəbi dilinin yollarını hazırlamışıq.

İndi artıq 7-10 gündən bir yerli qəzetlərdə yeni əlifba ilə dərslər verməyə başlamışıq. Yaxın zamanlarda işçilərin hazırlanması üçün Vilayət üzrə kurslar və yeni əlifbanın tərəfdarlarının Respublika konfransı keçiriləcək. Biz artıq yeni əlifba üzrə üç illik iş fəaliyyəti planını işləyib qəbul etmişik və yeni əlifbanın bitimini 1932-ci ilin oktyabrına təyin etmişik. Bu surət bizim üçün gərgin olacaq, lakin hesab edirik ki, Mərkəzi Komitə və Elmi Şuranın kömək etməsi halında, biz bu planı təyin edilmiş zamanadək həyata keçirəcəyik. Bizim rəhbər təşkilatlar və Buryat - Monqol Respublikasının hökumət orqanları yeni əlifbanın tətbiqinə çox yaxşı baxırlar. (bax: Yenə orada. s.108-109) Qeyd olunan bütün çətinliklərə baxmayaraq, Buryat-Monqol Respublikası yeni əlifbanın tətbiqini əhəmiyyətli hesab etmişdir. Hətta yeni əlifbanın tətbiqi işinin bitmə tarixini də müəyyənləşdirmişlər.

Xabayev fikrini belə davam etdirirdi: “Mən Yakutiya və Oyrotiyanı təmsil edən nümayəndələrin fikirlərinə qoşuluram. Yeni Türk Əlifbasının Mərkəzi Komitəsini xalqların gördüyü işlərin elmi-təşkilati məsələlərinə cavab verəcək İttifaq orqanının yaradılması yolunu tutmağa dəvət edirəm, əsas da Sibir, Buryat - Monqol, Oyrot, Yakutiya, şorlar və sairə”. (Yenə orada. s.109) Xabayev Yeni Türk Əlifbasının Mərkəzi Komitəsinin İttifaq orqanının yaradılmasının tərəfində dururdu. Belə bir İttifaq orqanını Sibir türkləri, buryat-monqollar, oyrotlar, yakutlar, şorlar üçün əhəmiyyətli hesab edirdi.

Xabayev yeni əlifbanın (türk əlifbasının) həyata keçirilməsində onların köməyə ehtiyacları olduğunu da deyirdi. O qeyd edirdi ki, “Latınlaşmaya keçmiş Yakutiyadan başqa, bu xalqlar ilkin fəaliyyət mərhələsindədirlər və ən çox orfoqrafiyanın elmi işlənilməsində, yeni ədəbiyyat dilinin yaradılmasında, ələxsüsus vahid modelin işlənilməsində yardıma ehtiyacları var. Bu cəhətdən biz çox çətin vəziyyətdəyik. Hesab edirəm ki, IV plenum öz qərarlarında geridə qalmış xalqlara xidmətdə, buraya həmçinin Sibir xalqları da aiddir – ağırlıq verməlidir”. (bax: Yenə orada. s.109)

Xabayevin fikrincə, “Yeni Türk Əlifbasının Mərkəzi Komitəsini və Elmi Şuranın daimi iqamətgahını isə Bakıda və ya başqa bir şəhərdə deyil, məhz Moskvada yerləşdirmək lazımdır. Burada məsələ Bakının bölgə və ya ucqar olmasında deyil, Moskva ümumittifaq mərkəzidir, burada Yeni Türk Əlifbasının Mərkəzi Komitəsi və Elmi Şura bütün milli respublikalarla həm elmi, həm dövlət, həm də ittifaq səviyyəli rəhbərlik orqanları ilə daha çox əlaqə yaratmaq imkanına malik olacaqdır”. (bax: Yenə orada. s.109)

Yeni əlifbaya keçmək işində Yakutiya Sibirdə yaşayan xalqlar içərisində daha irəlidə olmuşdur. Sibirdə yaşayan digər xaqların bu işdə təcrübələrinin azlığı onların köməyə, qayğıya ehtiyacları olduğunu üzə çıxarmışdır.

Xabayev belə düşünürdü ki, əgər Yeni Türk Əlifbasının Mərkəzi Komitəsi indiyə qədər Bakıda qərarlaşıbsa, bu düzgün addımdır. Həm də bu fikirlə razılaşırdı ki, Yeni Türk Əlifbasının Mərkəzi Komitəsi indiyə qədər köçəri həyat sürüb, latınlaşma nöqteyi-nəzərini təbliğ etməsi cəhətdən, bu da düzgündür. Onun fikrincə, “İndi isə Elmi Şura və Yeni Türk Əlifbasının Mərkəzi Komitəsinin üzərinə düşən tapşırıqlar dairəsi genişlənir, nəzərə alsaq ki, Yeni Türk Əlifbasının Mərkəzi Komitəsi Azərbaycan, Qazaxıstan, Orta Asiya və s. xalqlarına qarşı olan tapşırıqları yerinə yetirib və üçüncüsü, bu təsir dairəsinə Sibir, Uzaq Şərq xalqları daxildir – Yeni Türk Əlifbasının Mərkəzi Komitəsinin işinə yeni məzmun gətirmək və Sovet, Yaxın və Uzaq Şərq xalqlarını əhatə edərək rəhbərlik metodlarını inkişaf etdirmək lazımdır. Burada həmçinin xarici dövlətləri də nəzərə almaq lazımdır.

Əgər Bakıya yaxınlıqda Fars dövləti varsa, digərinin yaxınlığında isə Xarici Monqoliya, Tibet vardr və bizim bu dövlətlərlə yaxşı qohumluq münasibətlərimiz mövcuddur”. (Yenə orada. s.110) Deməli, yeni əlifbaya keçən regionlarda onları qonşuluqda olan xalqların təsirindən qorumaq məsələsi də diqqət mərkəzində saxlanılıbdır. Ona görə də Xabayev Sibirdə yaşayan türklərin monqollarla, tibetlərlə qonşuluqda olduqlarını söyləməklə onlara olacaq təsiri də yada salmışdır.

Xabayev yeni əlifbaya olan təsir, əlifbadakı müəyyən qrafik işarələrin rolu, bu məsələlərə mütəxəssis münasibəti və s. haqqında da fikir söyləmişdir. O demişdir: “Professor Yakovlevin alman və ingilis dillərinin əlifbamıza təsiri barədə çıxışına dair bir neçə söz deyəcəm. Akademik Samoyloviçin məruzəsinə əsasən bu mövzuya ətraflı qayıdacam, ancaq demək istəyirəm ki, bizim əlifbada üç işarə var: sh, ch, zh və burada h işarəsi müstəqil olaraq səsə malik deyil. Bu işarələr dilimizin orfoqrafiyasına görə götürülüb, hansı ki, indi haqqında danışmayacağım, özünəməxsus xüsusiyyətləri vardır.

Pedaqoji cəhətdən deyə bilərəm ki, bizim bu işarələr praktik mənada aşağılarındakı quyruqlar cəhətdən çatışmazlıqlar yaradan Ş,Ç,Ƶ  kimi türk işarələrindən daha üstündür. Bura həmçinin poliqrafik narahatçılıqlar da əlavə olunur”. (Yenə orada. s.110)

Xabayev yeni əlifbanı (latın qrafikalı əlifbanı) başqa xalqların təsiri kimi başa düşənlərə etiraz edirdi. Bəziləri belə başa düşürdü ki, latın qrafikalı yeni əlifba guya ingilislərin, almanların təsiridir. Odur ki, Xabayev deyirdi: “Düşünürəm ki, nə SSRİ xaricindən, nə də daxildən ingilis və alman təsiri nə olub, nə var, nə də olacaq. Hesab edirəm ki, bizim orfoqrafik toplantı, hansında ki – Elmi Şura və Yeni Türk Əlifbasının Mərkəzi Komitəsinin nümayəndələri prof.Poppe, prof.İrqosuna, Sibikov, bizim yerli elmi işçilər, Xarici Maarif Nazirliyinin nümayəndələri, hansı ki, professor Yakovlevdən heç də zəif monqol dili mütəxəssisləri deyillər – fəal iştirak etmişlər, heç vaxt alman və ya ingilis alimin təsiri altına düşməmiş və düşməyəcəkdir. Bizim orfoqrafik toplantımız ideoloji cəhətdən, burada çıxış edən professor Yakovlevdən qat-qat güclüdür. (bax: Yenə orada. s.110)

 

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok