Modern.az

Münhendən Zəngəzura: ABŞ Bakının təklifinə “YOX” demir

Münhendən Zəngəzura: ABŞ Bakının təklifinə “YOX” demir

Analitika

19 Fevral 2023, 19:47

“Münhen görüşü yaxın gələcəkdə böyük dəyişikliklərin olacağını göstərir”.

 

Bunu Modern.az-a Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov Azərbaycan, ABŞ və Ermənistan liderlərinin Münhendə keçirilən görüşünün nəticələrini şərh edərkən deyib.

 

Politoloq bildirib ki, üçtərəfli görüşdə Prezident İlham Əliyev Azərbaycanın qətiyyətli mövqeyini ortaya qoyub:

 

“Görüşdə Azərbaycanın maraqlarını kəsb edən məsələlər müzakirə edilib. Belə görüşlərin hamısına nəzər yetirsək, Azərbaycanın iştirakı ilə Avrasiyanın orta xəttində yeni geosiyasi, geoiqtisadi coğrafiyanın qurulmasından söhbət getdiyinin şahidi olarıq. Deməli, ABŞ-ın başçılığı altında Avropa İttifaqı, Türkiyə, İraq, Azərbaycanın vasitəsilə həm nəqliyyat, həm neft-qaz, həm də digər sahələr üzrə ciddi proseslər nəzərdə tutulub. Dövlət rəsmilərinin görüşləri onu göstərir ki, yaxın vaxtda Yaxın Şərqin də xəritəsində ciddi dəyişiklik olacaq. Əlbəttə, bizim üçün əhəmiyyətli olan Amerikanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan rəhbərlərinin görüşüdür. Azərbaycan bir daha üçtərəfli görüşlə Ermənistana öz tələblərini çatdırdı”.

 

 

Politoloq hesab edir ki, Münhen danışıqlarından sonra Zəngəzur dəhlizi məsələsində ortaq məxrəcə gəlinə bilər:

 

“Zəngəzur dəhlizinin girişində və çıxışında nəzarət məntəqəsi qurulmaqla açılması məsələsi irəliyə gedə bilər. Doğrudur, Paşinyan Blinkenin vasitəsilə keçirilən görüşdə demək olar ki, razı salınıb. Amma Ermənistana müxtəlif dövlətlərin təsiri çox güclüdür. İran və Rusiyanın bu məsələyə necə yanaşacağı maraq doğurur. Çünki hər bir tərəf dəhlizin onun vasitəsilə açılmasını istəyir. Əgər gələcəkdə Rusiyadakı görüşlərdə bununla bağlı “yaşıl işıq” yanarsa, Qərbin buna münasibəti necə olacaq, maraqlıdır.

 

Zəngəzur dəhlizi ilə bağlı onu qeyd etmək istəyirəm ki, giriş və çıxışda nəzarət məntəqələrinin qurulması ilə bağlı təklifi ilk dəfə Azərbaycan tərəfi gündəmə gətirib. Bundan əvvəl, Rusiyanın təşəbbüsü ilə üçtərəfli görüş keçiriləndə Rusiyanın, Avropa İttifaqının vasitəçiliyi ilə keçirilən görüşlərdə isə Ermənistanın özünün Zəngəzur dəhlizinə nəzarət etməsi məsələsi qabardılırdı. Ortaq məxrəcə gəlmək üçün Azərbaycan optimal variant irəli sürdü. Yəni nə Rusiyanın, nə də Avropa İttifaqının platformalarında irəli sürülən fikir təsdiq olunur. Ancaq şərt qoyulur ki, Laçın dəhlizində də Azərbaycan ilə Ermənistan arasında keçid məntəqəsi qalmalıdır”.

 

Politoloq onu da qeyd edib ki, Zəngəzur dəhlisinin açılmasına nail olmaq üçün Ermənistanın baş naziri Nikol Paşinyandan prinsipiallıq gözlənilir:

 

“Ermənistan daxilində Paşinyana təzyiqlər olacaq. Əsas odur ki, erməniləri Laçın dəhlizi maraqlandırmır. Paşinyan öz fikrində prinsipiallıq nümayiş etdirsə, buna nail ola bilərik. Burada bir neçə variantdan söhbət gedə bilər. Beynəlxalq nəzarət Azərbaycan ərazisində Azərbaycanın iştirakı ilə, yaxud Ermənistan ərazisində Ermənistanın nəzarəti ilə mümkün ola bilər. Bundan əlavə, Laçın dəhlizində Rusiya sülhməramlıları ilə Azərbaycanın birgə nəzarəti də mümkün variantdır. Yaxud BMT ilə Azərbaycanın birgə nəzarəti ola bilər. Qərbi Zəngəzur bölgəsində də eynən biz BMT və Rusiya mandatı ilə nəzarət həyata keçirə bilərik. Hər halda bunun fərqi yoxdur. Əgər Laçın dəhlizində nəzarət qoyularsa, bu Azərbaycanın maraqlarına cavab verəcək. Laçın dəhlizində mütləq Azərbaycanın gömrük-keçid məntəqəsi olmalıdır”.

 

Z.Məmmədov sülh müqaviləsinin imzalanması məsələsinə də toxunub:

 

“Sülh müqaviləsinin imzalanması məsələsi Münhendə müzakirə edilib. Sülh müqaviləsinə ən böyük maneə Ermənistanın Qarabağdan rəsmi şəkildə əl çəkməsidir. İndiki halda Zəngəzur dəhlizinin açılması bir çox maneəni aradan qaldıracaq. Sülh müqaviləsinin imzalanması, yaxud kommunikasiyanın birinci olmasının fərqi yoxdur. Əsas məsələ hansısa irəliləyiş əldə etməkdir. Azərbaycan sülh müqaviləsi ilə bağlı mövqeyini bir daha həm ABŞ, həm də Ermənistanın diqqətinə çatdırıb. Qarabağ məsələsi Azərbaycan-Ermənistan arasında müzakirə predmeti olmamalıdır. Qarabağ məsələsi Azərbaycanın daxili işidir. Daxildəki ermənilərlə bu məsələ həll ediləcək. Burada bir şərt var ki, Vardanyan bölgəni  tərk etməlidir. Beləliklə, Azərbaycan yerli ermənilərlə dialoqa başlayacaq. Vardanyan separatçıları təmsil edir. Azərbaycan onunla danışıqlar aparası deyil”.

 

Qeyd edək ki, fevralın 18-də Münhendə Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ Dövlət katibi Antoni Blinken və Ermənistanın baş naziri Nikol Paşinyan ilə birgə görüşü olub. Görüşdən sonra yerli telekanallara açıqlama verən Prezident İlham Əliyev danışıqların yaxşı keçdiyini, Ermənistanın mövqeyində tərəqqi olduğunu bildirib.

 

"Yaxşı keçdi, məncə, konstruktiv keçdi. Bir çox məsələlər müzakirə olundu, o cümlədən Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması, sazişin imzalanması üçün lazım olan şərtlərin mövcudluğu. Əlbəttə ki, mən öz mövqeyimi bir daha bildirdim. Əsas məsələ ondan ibarətdir ki, bu sülh müqaviləsi beynəlxalq norma və prinsiplər əsasında tərtib edilməlidir. Qarabağ haqqında hər hansısa müddəanın olması qəbuledilməzdir. Bu haqda da Azərbaycanın mövqeyi bildirildi. Biz üç gün bundan qabaq Ermənistandan bizim təkliflərimizə yeni cavab təklifləri aldıq. İndi onları incələyirik. İlk baxışda Ermənistanın mövqeyində tərəqqi var, ancaq kifayət qədər deyil", - dövlət başçısı üçtərəfli görüşü dəyərləndirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü