Modern.az

Rusiyada muzdluların üsyanı: Putin hələ susur – SON VƏZİYYƏT

Rusiyada muzdluların üsyanı: Putin hələ susur – SON VƏZİYYƏT

Analitika

24 İyun 2023, 09:32

"Vaqner" muzdlu qruplaşmasının rəhbəri Yevgeni Priqojinlə Rusiya ordusunun rəhbərliyi arasında gərginlik pik həddə çatıb. O, iyunun 23-ü axşam saatlarında Rusiya Müdafiə Nazirliyi rəhbərliyinin əmri ilə helikopterlərdən muzdluların düşərgələrinə raket zərbələrinin endirildiyini və çoxlu sayda muzdlunun öldüyünü iddia edib. Rusiya Müdafiə Nazirliyi onun iddialarını təkzib edib. 

 

Priqojinin sözlərinə görə, "Vaqner" silahlıları Rusiyanın cənubundakı Rostov şəhərinə daxil olublar. Rostovda Rusiya ordusu ilə muzdlular üz-üzə dayanıb. Hələlik ciddi insident qeydə alınmayıb. Yerli teleqram kanalları bəzi bölgələrdə qruplaşmalar arasında toqquşma yaşandığını bildirir. 

 

Priqojinin kanalında yayılan videoda onun Rusiya ordusunun Cənub Hərbi Dairəsinin qərargahında olduğu bildirilib. O, Rusiya Federasiyası müdafiə nazirinin müavini Yunus-Bek Yevkurovla söhbəti zamanı müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi Gerasimovun şəhərə gəlməsini tələb edib. "Vaqnerçi"lər şəhəri mühasirəyə alacaqlarını və Moskvaya doğru hərəkət edəcəklərini bəyan ediblər. Priqojin qruplaşmanın qarşısına çıxan hər kəsi məhv edəcəyini söyləyib.

 

"Vaqner" rəhbəri Cənub Hərbi Dairəsinin qərargahında keçirilən görüşdə bildirib ki, onun döyüşçüləri üç helikopteri vurub: "Üstümüzə yeni helikopterlər yollasanız, onları da vurub məhv edəcəyik".

 

Muzdluların lideri vurğulayıb ki, Rostovdakı bütün hərbi obyektlər, o cümlədən aerodrom "Vaqner"in nəzarəti altındadır. O, həmçinin deyib ki, şəhərdə heç bir hərbçiyə maneçilik törədilmir, hər kəs öz işinin başındadır: 

 

"Müharibədə ölənlərin sayı Müdafiə Nazirliyinin "yuxarılara" verdiyi hesabatdakı rəqəmlərdən 3-4 dəfə çoxdur. Gündəlik itkimiz və yaralımız təxminən 1000 nəfərdir. Böyük ərazilər itirmişik. Qərargah rəisi (Gerasimov - red.) bizim gəldiyimizi öyrənən kimi buradan qaçıb".

 

Rostov şəhərində həftəsonu planlaşdırılan kütləvi tədbirlər ləğv edilib. Vilayətin qubernatoru Vasili Qolubev vətəndaşları şəhərin mərkəzinə getməkdən çəkinməyə və evlərini tərk etməməyə çağırıb. Küçələrə zirehli texnikalar yerləşdirilib. Şəhərin əsas prospektləri hər iki tərəfdən bağlanıb. Ölkənin güc strukturları tam döyüşə hazır vəziyyətə gətirilib. Məlumata görə, güc strukturları "Vaqner"in Sankt-Peterburqda yerləşən ofisinə daxil olub, axtarış aparılır.

 

Muzdluların lideri hərəkətlərinin hərbi çevriliş olmadığını diqqətə çatdırıb. Milli Antiterror Komitəsi məlumat yayıb ki, Yevgeni Priqojinin bəyanatları ilə əlaqədar silahlı üsyana çağırış faktı üzrə cinayət işi açılıb. O da əlavə edilib ki, "Vaqner" rəhbərinin “adından yayılan” iddiaların heç bir əsası yoxdur.

 

TASS-ın verdiyi xəbərə görə, Moskvadakı hökumət binalarında, nəqliyyat obyektlərində və digər mühüm yerlərdə təhlükəsizlik tədbirləri gücləndirilib. Moskva meri Sergey Sobyanin şəhərdə antiterror tədbirlərinin görüldüyünü açıqlayıb. Bildirilib ki, antiterror tədbirləri təhlükəsizliyin gücləndirilməsinə yönəlib.

 

“Daxil olan məlumatlarla əlaqədar Moskvada təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə yönəlmiş antiterror tədbirləri həyata keçirilir. Yollarda əlavə nəzarət tətbiq edilib. Kütləvi tədbirlərin keçirilməsini məhdudlaşdırmaq mümkündür. Görülən tədbirlərə anlayışla yanaşın” - mer deyib.

 

Agentlik bildirir ki, hadisələrlə bağlı Rusiya prezidenti Vladimir Putinə gecə-gündüz məlumat verilir. Ağ Ev isə vəziyyəti izlədiyini və müttəfiqlərlə məsləhətləşəcəyini bəyan edib.

 

Xatırladaq ki, dünən Priqojin Rusiya Müdafiə Nazirliyinin rəhbərliyini sərt tənqid edib: “Müharibə lazım idi... Şoyqunun marşal ola bilməsi üçün... ikinci “Rusiya Qəhrəmanı” medalını ala bilməsi üçün. Müharibə Ukraynanı demilitarizasiya və ya denazifikasiya etmək üçün lazım deyildi”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ordumuz təhvil verilmiş kəndlərə daxil olub?