Modern.az

Qərbdən gələn silahlar: Ermənistan revanşa hazırlaşır?

Qərbdən gələn silahlar: Ermənistan revanşa hazırlaşır?

15 Noyabr 2023, 17:08

Son aylarda Ermənistanın sürətlə silahlandığı müşahidə edilir. Həm Hindistandan, həm də Fransandan Ermənistana silahlar daşınır. İrəvan Yeni Dehlidən raket və artilleriya sistemləri, Parisdən isə hava hücumundan müdafiə sistemləri və zirehli texnikalar əldə edəcək.

 

Mətbuatda artıq Fransanın Ermənistana zirehli texnikalar göndərməsi barədə görüntülər yayılıb. Gürcüstan tərəfi texnikaların Ermənistana ötürülməsi barədə məlumatı təsdiq edib. İrəvana Poti limanı vasitəsilə "Bastion" zirehli döyüş maşınları göndərilib.

 

Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borell isə bildirib ki, təşkilat Avropa Sülh Fondu çərçivəsində Ermənistana hərbi yardımın göstərilməsi imkanlarını nəzərdən keçirir.

 

Ermənistanın sürətlə silahlanması nədən xəbər verir? İrəvan revanşa hazırlaşır?


Mövzu ilə bağlı Modern.az-a danışan Türkiyə ordusunun keçmiş polkovniki Ünal Atabay söyləyib ki, Qərb dövlətləri və Hindistan kimi ölkələr Ermənistandan bölgədə alət kimi istifadə edirlər.


"Ermənistan və onun havadarları bu məqamda Azərbaycanın gücünü hələ də dərk edə bilmirlər. Ermənistan nə qədər silahlansa da, Azərbaycanla döyüşə bilməz. Qərb dünyası, Hindistan kimi ölkələr Ermənistandan bölgədə alət kimi istifadə edirlər. Çünki onların məqsədi bölgədə xaos və qeyri-sabitlik yaradaraq sülhü pozmaq, Zəngəzur dəhlizinin açılmasına mane olmaqla Türk dünyasının kommunikasiyasına mane olmaq, eyni zamanda Çinin də ehtiyac duyduğu Orta Dəhlizin açılmasına əngəl yaratmaqdır",- deyə keçmiş polkovnik söyləyib. 

 

Ü.Atabay vurğulayıb ki, Qafqazda əks olunan digər mübarizə Hindistan-Çin rəqabətidir:

 

"Xüsusilə bu rəqabətdə enerji yollarına nəzarət var. Son G-20 sammitində gündəmə gətirilən Hindistan-Orta Şərq-Aralıq dənizi-Avropa ticarət enerji yolunun Çinə alternativ olmaq istəyi özünü büruzə verir. Bu,Hindistan-Ermənistan əməkdaşlığında özünü göstərir. Bu kontekstdə Hindistan Ermənistanı silahlandırmaq istəyir. Qərb dünyası Qafqazda Rusiya-İran əlaqəsinin qarşısını almaq, eyni zamanda Azərbaycanla Ermənistan arasında gərginlik yaratmaqla bu vəziyyəti dəstəkləyir, xüsusən Fransa, bununla həm Rusiya-İran birliyinə, həm də İranın özünə töhfə verir. Həmçinin Azərbaycan-Türkiyə birliyində pozucu geosiyasi təsir yaratmaq istəyirlər".

 

Türkiyəli politoloq Esma Özdaşlı isə söyləyib ki, Ermənistan 2020-ci ildə aldığı məğlubiyyətdən sonra silah idxalını artırıb.


"İkinci Qarabağ Qələbəsi Cənubi Qafqazda yeni geosiyasi reallıq yaratdı. Cənubi Qafqazın ən böyük ölkəsi olan Azərbaycan Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 1993-cü il tarixli qətnamələrini yerinə yetirərək 30 illik işğala qısa müddətdə - 44 günə son qoyaraq tarixi ədalətə qovuşmuş və dünya müharibəsi tarixinə öz adını yazdırmışdır. 2-ci Qarabağ müharibəsi Ermənistanda siyasi və iqtisadi problemləri daha da artırdı. 30 ildir ki, işğalı davam etdirmək üçün bütün imkanlarını silah almağa yönəldən Ermənistan 2020-ci ildən etibarən xeyli miqdarda silah idxal edir. Ermənistan 2020-ci ilə qədər qrant və idxalla, xüsusən də Rusiyadan silah alırdısa, 2020-ci ildən sonra müxtəlif ölkələrə üz tutduğunu görürük. Bu ölkələr arasında Hindistan çox diqqət çəkir".

Politoloqun fikrincə, Hindistanın Ermənistanla yaxınlaşmasının hərəkətverici qüvvələrindən biri də Türkiyə-Azərbaycan-Pakistan arasındakı sıx əlaqələrdir:


"Sahəsi, iqtisadi gücü, əhalisi və geosiyasi mövqeyi baxımından dünyanın ən əhəmiyyətli ölkələrindən biri olan Hindistan, xüsusilə Modinin 2014-cü ildə hakimiyyətə gəlişindən sonra yeni xarici siyasət konsepsiyası hazırlayıb və daha sıx əlaqələr qurmaq üçün təşəbbüslər göstərməyə başlayıb. Əvvəllər o qədər də aktiv olmadığı regionlarla əlaqələri gücləndirib. Bu mənada Cənubi Qafqaz xüsusilə seçilir. Bu proses zamanı Ermənistan da silah tədarük edə biləcəyi yeni ölkələr axtarırdı. 2020-ci ildə Hindistan və Ermənistan arasında 40 milyon dollarlıq silah müqaviləsi imzalanıb. 2022-ci ilin sentyabrında "Pinaka" raket sistemləri və tank əleyhinə raketlər kimi strateji silahlar da daxil olmaqla 245 milyon dollarlıq müqavilə imzalanıb. Hindistanın Ermənistanla yaxınlaşmasının hərəkətverici qüvvələrindən biri də Türkiyə-Azərbaycan-Pakistan arasındakı sıx əlaqələrdir. Hindistandan silahların İran üzərindən gəldiyi məlumdur. Bu həftə Ermənistanın Gürcüstan üzərindən Fransadan silah alması ilə bağlı görüntülər ortaya çıxıb. Fransa Ermənistanı daim siyasi, iqtisadi və hərbi cəhətdən dəstəkləyir. İkinci Qarabağ müharibəsində İrəvana ən açıq dəstək verən bəlkə də yeganə Avropa ölkəsi idi".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir