Modern.az

“Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı” ilinin rəsmi bağlanış mərasimi - YENİLƏNİB

“Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı” ilinin rəsmi bağlanış mərasimi - YENİLƏNİB

10 Dekabr 2023, 14:35

“Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı – 2023” ilinin rəsmi bağlanış mərasimi keçirilib.

 

Modern.az xəbər verir ki, mərasimdə "Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı” ili çərçivəsində keçirilən tədbirlər haqqında videoçarx nümayiş etdirilib.

 

Daha sonra tədbir iştirakçıları Türkmənistanın Anev şəhəri ilə bağlı videoçarxı izləyiblər.

 

Mərasimdə Azərbaycan, Türkmənistan və Özbəkistandan olan incəsənət ustalarının və gənc istedadların iştirakı ilə konsert proqramı təqdim edilib.

 

Sonda xatirə fotosu çəkdirilib.

 

Qeyd edək ki, TÜRKSOY-un “Türk dünyasının mədəniyyət paytaxtı” layihəsinin əsası 2010-cu ildə türkdilli ölkə başçılarının İstanbulda keçirilən sammitində qoyulub. Qərara əsasən, Türk dünyasından hər il bir şəhər “mədəniyyət paytaxtı” elan edilir. Ötən illərdə Astana (2012, Qazaxıstan), Əskişəhər (2013, Türkiyə), Kazan (2014, Tatarıstan – RF), Mərv (2015, Türkmənistan), Şəki (2016, Azərbaycan), Türküstan (2017, Qazaxıstan), Kastamonu (2018, Türkiyə), Oş (2019, Qırğızıstan), Xivə (2020, Özbəkistan; pandemiya ilə bağlı bu şəhərdə tədbirlər 2021-ci ildə keçirilib) və Bursa (2022, Türkiyə) şəhərləri “Türk dünyasının mədəniyyət paytaxtı” olub. Şuşa Türk dünyasından bu missiyanı qəbul edən 11-ci şəhər idi.

 

Bildirək ki, Şuşa şəhəri 2024-cü ildə “İslam dünyasının mədəniyyət paytaxtı” missiyasını yerinə yetirəcək.

 

***

14:01

 

Mədəniyyət Nazirliyi və TÜRKSOY-un birgə təşkilatçılığı ilə “Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı – 2023” ilinin rəsmi bağlanış mərasimi keçirilir.

 

Modern.az xəbər verir ki, tədbir Prezident İlham Əliyevin Şuşa şəhərinin “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında sərəncamına uyğun olaraq gerçəkləşir.

 

Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov, mədəniyyət naziri Adil Kərimli, Türkmənistanın mədəniyyət naziri Atageldi Şamıradov, Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov, Azərbaycanın TÜRKSOY-dakı nümayəndəsi Elçin Qafarlı və türk dövlətlərinin mədəni-ictimai xadimləri, həmçinin media mənsubları iştirak edir.

 

Xatırladaq ki, 2022-ci il martın 31-də Türkiyənin Bursa şəhərində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına (TÜRKSOY) üzv ölkələrin Mədəniyyət Nazirləri Daimi Şurasının iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilmişdi. "Paytaxt ili" çərçivəsində Şuşada müxtəlif səpkili tədbirlər keçirilib, qədim şəhərin tarixi-mədəni zənginlikləri təbliğ olunub.

 

Qeyd: Xəbərdə istifadə olunan bəzi fotolar APA-ya məxsusdur.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Təmas xətti olmuş ərazidə mina partladı: Hərbçimiz yaralandı