Modern.az

Prezident məşhur bəstəkarın rektor qızına fəxri ad verdi - SƏRƏNCAM

Prezident məşhur bəstəkarın rektor qızına fəxri ad verdi - SƏRƏNCAM

Mədəni̇yyət

13 Dekabr 2023, 13:37

Prezident İlham Əliyev Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb.

Modern.az xəbər verir ki, sözügedən sərəncamla təltif olunanlar arasında Mədəniyyət və İncəsənət Universitetinin rektoru Ceyran Mahmudova da var.

Dövlət başçısı rektora Azərbaycanda təhsilin inkişafında xüsusi xidmətlərinə və yüksək peşəkarlığına görə “Əməkdar incəsənət xadimi” fəxri adı verib.

Qeyd edək ki, Ceyran Mahmudova məşhur bəstəkar Emin Sabitoğlunun qızıdır.
 

Ceyran Emin qızı Mahmudova 19 iyul 1964-cü il tarixində Bakı şəhərində anadan olub. 1971-1982-ci illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində təhsil alıb. 1982-ci ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının tarixi-nəzəriyyə fakültəsinə daxil olub, 1987-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirib. 1987-90-cı ilərdə Azərbaycan Milli Elmlər Akademiyası Memarlıq və İncəsənət İnstitutunun əyani aspirantı olub. 1990-96-cı illərdə həmin institutda kiçik elmi işçi, elmi işçi, baş elmi içşi vəzifələrində çalışıb. 1991-ci ildən 2017-ci ilədək Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında müəllim vəzifəsindən profesor vəzifəsinə qədər yüksəlib.

1994-cü ildə “Azərbaycan təsniflərinin problemləri” mövzusunda namizədlik, 2012-ci ildə “Azərbaycan bəstəkarlarının mahnılarında poeziya ilə musiqinin qarşılıqlı əlaqələri” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.

2003-cü ildə “dosent”, 2017-ci ildə “professor” elmi adına layıq görülüb.

2010-cu ildən Ali Attestasiya Komissiyasının sənətşünaslıq və memarlıq üzrə ekspert şurasının üzvüdür. Azərbaycan Bəstəkarlar İttifaqının İdarə heyətinin üzvüdür. C.Mahmudova 3 monoqrafiya, 3 dərs vəsaiti, 50-dən çox elmi, 40-dan artıq elmi-publisistik məqalənin, fənn proqramlarının və metodik göstərişlərin müəllifidir. Respublika və beynəlxalq miqyaslı bir sıra elmi konfrans və simpoziumlarda iştirak edib.
2010-2014-cü illərdə Azərbaycan Televiziyası və “Mədəniyyət” kanalında “Musiqi xəzinəsi” verilişinin ssenari müəllifi və aparıcısı olub.

2017-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Musiqi sənəti” fakültəsinin dekanı vəzifəsində işləyib.

30 iyul 2018-ci il tarixində Azərbaycan Prezidenti nin sərəncamı ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru təyin edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan şokda: Ermənistanda hərbi çevriliş başlayır