Modern.az

Rəsulzadənin Bakıda ev muzeyi yaradılacaqmı...

Rəsulzadənin Bakıda ev muzeyi yaradılacaqmı...

18 Dekabr 2023, 22:48

“Azərbaycan milli hərəkatının ideoloqu və Cümhuriyyətin banisi Məhəmməd Əmin Rəsulzadənin ev muzeyinin yaradılması ilə bağlı 4 il əvvəl bir təşəbbüsdə bulunmuşduq. O vaxt həmin təşəbbüsü irəli sürən 5 nəfərlik qrup cəmiyyətə çağırış ünvanlamışdı. Biz hazırda Rəsulzadənin 140 illik yubileyinə hazırlaşırıq”.  

Modern.az-ın məlumatına görə, bunu Bakı Dövlət Universitetinin professoru, Əməkdar jurnalist Qulu Məhərrəmli bildirib.

Qeyd edək ki, M.Ə.Rəsulzadənin nəvəsi, Əməkdar rəssam Rəis Rəsulzadənin; tarixçi alim -professor, Əməkdar elm xadimi Solmaz Rüstəmova-Tohidinin; Əməkdar jurnalist Qulu Məhərrəmlinin; yazıçı-publisist, Rəsulzadələr ailəsinin tədqiqatçısı Nəcibə Bağırzadənin; Milli Hüquq Evinin mərhum rəhbəri, hüquqşünas Nicat Gözəlovun daxil olduğu Təşəbbüs Qrupunın 4 il əvvəlki çağırışı “Borcumuzu qaytaraq!” adlanırdı.

Həmin çağırışda qeyd edilirdi ki, Məhəmməd Əmin Rəsulzadənin vaxtilə Bakıda yaşadığı İslam Səfərli-15 (keçmiş Vorontsovskaya-15) ünvanındakı mənzilində ev muzeyi yaradılarsa, bu, yalnız onun deyil, Azərbaycan dövlətçiliyi yolunda qurban verdiyi doğmalarının – xanımının və dörd övladının da ruhunu şad edə bilər.

“Sürgünə göndərilmiş və Vətəndən çox-çox uzaqlarda sonsuz əzab və məşəqqətlər içində dünyalarını dəyişmiş Ümbülbanu xanımın, Lətifənin, Xalidənin, Azərin, 24 yaşında güllələnmiş Rəsulun xatirəsi də Məhəmməd Əmin bəylə birlikdə öz evlərinə qaytarılmalıdır.

Bu işə qədirbilən Xalq, minnətdar Millət, şüurlu vətəndaş cəmiyyəti olduğumuzu sübut etməklə biz başlamalıyıq və onu başa çatdırmalıyıq. Bu işin mənəvi və maddi məsuliyyəti da bizim öhdəmizdə olmalıdır!”, - deyə çağırışda bildirilmişdi.

Amma hələ ki Bakıda Məhəmməd Əmin Rəsulzadənin ev muzeyini yaratmaq mümkün olmayıb.


Tarixçi alim Solmaz Rüstəmova-Tohidi bildirib ki, keçən 4 il ərzində Təşəbbüs Qrupunun müəyyən uğurları olub.

“Hesabat vermişik. İndi Məhəmməd Əmin bəyin 140 illik yubileyinə hazırlaşırlq. Yaxın günlərdə hazırlıq işlərimiz haqda layihəmizin təqdimatına başlayacağıq.

Amma bu gün, qrup üzvlərimiz arasında itirdiyimiz dostları, o sıradan hüquqşünas Nicat Gözəlovu yada salırıq. İlk yığıncaqlarımızı onun ofisində keçirmişik. "Rəsulzadə ev muzeyi" saytının admini idi. Amansız COVİD virusu Nicat bəyi, daha sonra ən fədakar həmkarımız, Təşkilat Komitəsinin üzvü, tarix elmləri doktoru, professor Kamil İbrahimovu aramızdan apardı. 2022-ci ildə qrupumuzun fəxri rəhbəri, böyüyümuz, unudulmaz Ramiz Abutalıbovla vidalaşdıq. Bu günlərdə isə əziz məsləkdaşımız, dostumuz, böyük sənətkarımız Ramiz Məlikovu itirdik...

Qarşıdakı bütün uğurlarımızda onların da payı olacaq”, - Solmaz Rüstəmova-Tohidi deyib.

A.Qorxmaz

Whatsapp
Bizə yazın!
Keçid et
Təmas xətti olmuş ərazidə mina partladı: Hərbçimiz yaralandı