Modern.az

Azərbaycan AŞPA-ya üzvlük haqqının ödənişini dayandırmalıdır!

Azərbaycan AŞPA-ya üzvlük haqqının ödənişini dayandırmalıdır!

Ölkə

4 Mart 2024, 12:54

Avropa Şurası Parlament Assambleyasında Azərbaycana qarşı qərəzli və çirkin kampaniya davam edir. Yanvarın 24-də AŞPA-da Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təsdiqləməməsi üçün səsvermə keçirilib. Səsvermədə qərarın lehinə 75 deputat, əleyhinə 10 nəfər səs verib. Beləliklə, Azərbaycan nümayəndə heyətinin etimadnaməsi təsdiqlənməyib. Azərbaycan səsvermədən əvvəl təşkilatda fəaliyyətini müvəqqəti dayandırıb.

 

Prezident İlham Əliyev bir neçə gün əvvəl bildirib ki, əgər bir il ərzində nümayəndə heyətimizin hüquqları bərpa olunmazsa, biz Avropa Şurasından tamamilə çıxmağımız barədə məsələyə ciddi şəkildə baxa bilərik.

 

Qeyd edək ki, bundan əvvəl Azərbaycanda Avropa Şurasından çıxmaq üçün müzakirələr başlamışdı.

 

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib ki, Azərbaycan Avropa təəsisatlarında həmişə özünü nümunəvi aparıb:

 

“Uzun illərdir ki, Azərbaycan AŞPA-da təmsil olunur. Demək olar ki, bütün Avropa təsisatlarında  ölkəmiz nümunəvi mövqe sərgiləyib.Hər dəfə  Azərbaycan əraziləri ilə bağlı bu təsisatların ikili standartlardan əl çəkərək işğalçı dövlətə təzyiqlər göstərməsini xahiş etmişik. Amma təəssüflər olsun ki, 2020-ci ilə qədər bunun şahidi olmadıq. Əksər hallarda Avropa təsisatları ermənipərəst mövqe ortaya qoydu. Xüsusilə də, Avropa Şurası Parlament Assemblyasiyasında Azərbaycanın uğurlu siyasəti bəzilərini qıcıqlandırdı və əleyhimizə qərəzli,həqiqəti əks etdirməyən məruzələr hazırlandı. Hər vəchlə Azərbaycana təzyiqlərə cəhd olundu. Bəzən müəyyən gərginliklərin yaranmasına nail oldular. Ermənipərəst siyasət yürüdən şəxslər açıq şəkildə Ermənistanı müdafiə etdilər”.

Deputat vurğulayıb ki,  Avropa təsisatlarında olanların bir çoxu Azərbaycanın yaratdığı yeni reallıqları həzm edə bilmir:

“Xocalı faciəsini törədən, xocalılıların və digər azərbaycanlıların qanına əli bulaşmış Ermənistanın keçmiş prezidentləri AŞPA-da alqışla qarşılandı.  Onlara qəhrəman libası geyindirildi. Azərbaycan BMT-nin 4 qətnaməsi əsasında öz ərazilərini işğaldan azad etdikdən sonra bunu Avropa təssiatları, AŞPA-da təmsil olunan ermənipərəst siyasətçilər qəbul etmədilər. Erməni diasporunun böyük maliyyə vəsaitləri hesabına özünə böyük imkan və şərait yaradan siyasətçilər Azərbaycanın üzərinə gəldilər. Görünən odur ki, onlar Azərbaycanın yaratdığı yeni reallıqları qəbul etmək istəmirlər. 1988-89-cu illərdə 250 mindən çox azərbaycanlının deportasiya olunmasına  bir dəfə də toxunmayan bu “siyasətçi”lər, könüllü şəkildə Xankəndini tərk edən ermənilərin müdafiəsinə qalxıblar. Özlərindən uydurma bəyanatlar verirlər ki, Azərbaycan Ermənistana qarşı müharibəyə hazırlaşır.Hərçənd ki, cənab Prezident dəfələrlə vurğulayıb ki, bizim elə bir planımız yoxdur”.

 

N.Həmzəyev söyləyib ki, AŞPA xəbərdarlığa məhəl qoymadığı halda, üzvlük haqqının ödənilməsi dayandırılmalıdır:

 

“Cənab Prezident AŞPA-ya xəbərdarlıq edərək, ən qısa zamanda Azərbaycan nümayəndə heyətinin hüquqlarının bərpa olunmasını tələb etdi. Xəbərdarlığa məhəl qoyulmayacağı təqdirdə, məncə AŞPA-ya ödənilən üzvlük haqqı dayandırılmalıdır. Eyni zamanda Avropa təsisatları var ki, onlarla əməkdaşlıq edib, üzvlük haqqı ödəmişik. Bir sıra məsələlərin həllində onlara kömək etmişik. Əgər AŞPA və digər Avropa təsisatlarındakı siyasətçilər Azərbaycana qarşı qərəzli siyasəti dəyişməsələr, bu əməkdaşlığa da son qoymaq lazım gələcək. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rol, onun beynəəlxalq ictimaiyyət tərəfindən rəğbətlə qarşılanan əməlləri qarşısında  Avropa nəhayət anlayacaq ki, beynəlxalq ictimaiyyət adından danışmağa haqları çatmır. Əgər onlar demokratiya və insan haqlarından danışırlarsa, Azərbaycanın da söz demək haqlarını əllərindən almamalıdırlar. Dialoqa şərait yaratmalıdırlar”.

 

Politoloq Elxan Şahinoğlu isə vurğulayıb ki, Azərbaycan Avropa Şurasının strukturlarını tərk etsə, bunun heç kimə faydası olmayacaq:

 

“Prezident İlham Əliyev fevralın 28-də Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsı qəbul edərkən bir çox mövzu ilə yanaşı Avropa Şurası Parlament Assambleyası mövzusuna da toxundu. İlham Əliyev bir daha xatırlatdı ki, əgər bir il ərzində Azərbaycan nümayəndə heyətinin hüquqları AŞPA-da bərpa olunmazsa, ölkəmiz Avropa Şurasından tamamilə çıxmağımız barədə məsələyə ciddi şəkildə baxacaq. Bu İlham Əliyevin AŞPA rəhbərliyinə növbəti mesajı idi. İlham Əliyevin AŞPA-da Azərbaycan əleyhinə qərarın Almaniya parlamentinin üzvünün təşəbbüsü ilə qəbul olunduğunu və həmin şəxsin kansler Olaf Şoltsun rəhbərlik etdiyi partiyanın üzvü olmasını xatırlatması da yerindəydi. İlham Əliyev bunu ikili standart kimi qiymətləndirdi. Çünki, Almaniya kansleri qərəzsizlik nümayiş etdirir və onun bəyanatları və fəaliyyəti bunu əks etdirir. Onun rəhbərlik etdiyi partiyanın üzvü isə AŞPA-da 2 qeyri-xristian ölkəsindən biri olan Azərbaycanı uzaqlaşdırmaq istəyir.

 

Azərbaycana dost olan bir neçə ölkənin parlament qrupu Azərbaycanın səsvermə hüququnun bərpası məqsədilə AŞPA rəhbərliyinə müraciət edib. AŞPA böyük səhvə yol verib. Azərbaycan Avropa Şurasının strukturlarını tərk etsə, bunun heç kimə faydası olmayacaq. Fikrimcə, AŞPA-nın rəhbər strukturlarında bu haqda düşünənlər var. Nə qədər ki, Azərbaycan Avropa Şurasının bütün strukturlarını tərk etməyib AŞPA rəhbərliyi ölkəmizin səsvermə hüququnun bərpası barədə qərar verməlidir”.

Politoloqun fikrincə, bu məsələdə Azərbaycan tərəfi fəallığı artırmalı, ədalətsiz qərarın ləğvinə çalışmalıdır:

 

“Elə etməliyik ki, bu dəfə Azərbaycana dost və tərəfdaş olan ölkələrin AŞPA-dakı deputat qrupları səsvermədə iştirak etsinlər. Ötən dəfə AŞPA-da azlığın Azərbaycan əleyhinə sənəd qəbul etməsinə müvəffəq olmasında nümayəndə heyətimizin də günahı var. Nümayəndə heyətimiz elə etməliydi ki, Azərbaycanın məsələsi müzakirə olunanda zalda dost və tərəfdaş ölkələrin deputatları iştirak etsinlər. Onlar zalda yox idilər. Bu dəfə məsələ yenə səsverməyə çıxarılarsa, eyni səhvi təkrarlamaq olmaz. Onu da unutmamalıyıq ki, Azərbaycanın olmadığı məkanlarda Ermənistan və erməni lobbisi əleyhimizə fəaliyyətimizi gücləndirəcək. Buna yol vermək olmaz. Ona görə AŞPA-ya qaydışı məsələsində diplomatiyamız və parlamentimiz də aktiv olmalıdır”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok