Modern.az

Brüsseldə üçtərəfli görüş yalnız Azərbaycana deyil, Türkiyəyə də QARŞIDIR

Brüsseldə üçtərəfli görüş yalnız Azərbaycana deyil, Türkiyəyə də QARŞIDIR

Ölkə

4 Aprel 2024, 10:05

Aprelin 5-də Brüsseldə ABŞ-Ermənistan-Avropa İttifaqı rəsmilərinin müştərək görüşü keçiriləcək. Avropa Komissiyasının sədri Ursula Fon der Leyen, ABŞ dövlət katibi Antoni Blinken və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında baş tutacaq görüşdə hərbi paktın müzakirə ediləcəyi və qəbulu gözlənilir.

 

Rəsmi Bakı görüşdən narahatdır. Blinkenin dünən İlham Əliyevə zəngində də əsas müzakirə mövzusu bu görüş olub. O, aprelin 5-də ABŞ, Avropa İttifaqı və Ermənistan arasında keçiriləcək üçtərəfli görüşün Azərbaycan tərəfdə narahatlıq doğurduğuna dair xəbərlər aldığını və bu xüsusda Prezident İlham Əliyevlə danışaraq məsələyə aydınlıq gətirilməsini vacib hesab etdiyini deyib.

 

Dövlət katibi sözügedən görüşün əsas mahiyyətini Ermənistanın iqtisadi inkişafı məsələlərinin təşkil edəcəyini diqqətə çatdırıb.

 

Prezident İlham Əliyev qeyd edib ki, onda olan məlumata görə üçtərəfli görüşə hazırlıq prosesində Ermənistana hərbi dəstək və birgə hərbi təlimlərin keçirilməsi, Azərbaycan ilə sərhədyanı ərazilərdə hərbi infrastrukturun yaradılması, Avropa İttifaqının Avropa sülh mexanizmi xətti ilə və ABŞ büdcəsi hesabına Ermənistanın silahlandırılması kimi məsələlər də müzakirə olunub.

 

Dövlətimizin başçısı anti-Azərbaycan mahiyyəti daşıyan bu kimi addımların, o cümlədən Fransa tərəfindən də Ermənistanın silahlandırılması siyasətinin regionda silah yarışına rəvac verdiyini və təxribatlara gətirib çıxaracağını vurğulayıb.

 

Telefon danışığı zamanı Antoni Blinken 5 aprel görüşünün Azərbaycana qarşı olmadığını vurğulayıb.

 

Modern.az görüşlə bağlı türkiyəli ekspertlərlə əlaqə saxlayıb. Saytımıza açıqlamasında Türkiyə ordusunun təqaüddə olan kontr-admiralı, ekspert Cihad Yaycı bildirib ki, Brüsseldəki görüşə Azərbaycanın çağırılmaması ABŞ və Fransanın Ermənistanı dəstəklədiyini göstərir:

 

"ABŞ və Avropa İttifaqının Azərbaycanı dəstəklədiyini heç görmədik. Aprelin 5-də keçiriləcək görüşə Azərbaycanın çağırılmaması ABŞ və Fransanın Ermənistanı dəstəklədiyini bir daha sübut edir. Bu, eyni zamanda Azərbaycana qarşı cəbhə açıldığını göstərir. Bundan sonra Avropa İttifaqı Ermənistandan bölgədə öz xeyri üçün istifadə etməyə davam edəcək. Bu həmişə belə olub. Odur ki, bu səbəbdən pis olmağa dəyməz. Ancaq dostu-düşməni görmək lazımdır".

O qeyd edib ki, bu dəfə aparılacaq danışıqlarda Ermənistanın müdafiəsinə dəstək verilməsi, Azərbaycana qarşı bir sıra sanksiyalar tətbiq edilməsi, Ermənistana isə imtiyaz verilməsi kimi önəmli məsələlər danışılacaq. Amma Azərbaycanın Türkiyəylə birlikdə buna meydan verməyəcəyini də hamı bilməlidir",- ekspert əlavə edib.

 

Türkiyəli təhlükəsizlik eksperti İmbat Muğlu görüşün pərdəarxasının məlum olduğunu söyləyib:

 

"Brüsseldə keçiriləcək  üçtərəfli toplantının xoşməramlı olmadığını bilirik. Pərdəarxası məqamlar bizə sirr deyil. Aİ və ABŞ daim Ermənistanın hamisidirlər. Ermənistana silah, hərbi təchizat yolladılar, eyni zamanda savaş strategiyası və ortaq  hərbi təlimlər həyata keçirdilər. Bu əməllərinə davam etməkdədirlər". 

İ.Muğlu vurğulayıb ki, ABŞ və Aİ Azərbaycan Ordusunun 44 günlük savaşdakı tarixi qələbəsindən bu yana aktiv şəkildə anti-Azərbaycan təbliğatı aparır:

 

"Azərbaycan torpaqları 30 il ərzində erməni əsarətində ikən ABŞ və Aİ qeydsiz-şərtsiz Ermənistana dəstək oldular.  Fransa və Yunanıstan illərdir ki,  Ermənistan ordusunu silah və hərbi texnika ilə təchiz edir. Brüsseldə keçiriləcək Aİ-ABŞ-Ermənistan görüşü regionda davam edən sülh prosesinə fayda yox, zərər gətirəcək.  Azərbaycanın dəvət olunmaması "üçlüyün" pis niyyətlərini ortaya qoyur. Lakin dünya bilsin ki, Türkiyə Azərbaycan, Azərbaycan Türkiyədir, biz-bizə kafiyik".

Whatsapp
Bizə yazın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok