Modern.az

Moskvanın İrəvana təzyiqləri artır: "Ermənistan ikinci Ukraynaya çevrilə bilər"

Moskvanın İrəvana təzyiqləri artır:

Dünya

8 Aprel 2024, 14:46

Ermənistan-Rusiya münasibətlərində yaranan gərginlik artıq kulminasiya nöqtəsinə çatıb. Rəsmi Moskva dəfərlərlə İrəvana xəbərdarlıq edib və Ermənistan hakimiyyətini xarici siyasət xəttini qurarkən qonşu dövlətlərin narahatlığını nəzərə almağa çağırıb.

 

Qeyd olunub ki, Cənubi Qafqazda həm regional, həm də ikitərəfli xarakter daşıyan problemli məsələlər 2023-cü il oktyabrın 23-də Tehranda keçirilən Ermənistanın da iştirakçısı olduğu “3+3” formatının (Azərbaycan, Ermənistan, Gürcüstan, İran, Rusiya, Türkiyə) ikinci iclasında razılaşdırılan “regional məsuliyyət” prinsipinə uyğun olaraq həllini tapmalıdır.

 

Aprelin 5-də Brüsseldə keçirilən Avropa İttifaqı-ABŞ-Ermənistan sammitindən sonra Rusiya hakimiyyəti yenidən Ermənistana sərt xəbərdarlıq edib.

                                                                                     

Ümumiyyətlə, Rusiyanın bu xəbərdarlığı necə qiymətləndirilməlidir? Son baş verənlər nəyə gətirib çıxara bilər?

 

Məsələ ilə bağlı Modern.az-a danışan politoloq Elxan Şahinoğlu bildirib ki, yaddaqalan xəbərdarlıqdan biri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov tərəfindən edilib:

 

"Peskovun iki xəbərdarlığı diqqət çəkir. Birincisi o dedi ki, Rusiyada yaşayan ermənilərin sayı Ermənistanda yaşayanlardan çoxdur. Bu, o deməkdir ki, həmin ermənilər istənilən vaxt təzyiqlə üzləşə və geri qaytarıla bilərlər. Belə olan halda isə Ermənistanın sosial problemləri artacaq. Peskovun sözlərindən o da anlaşıldı ki, Rusiyada yaşayan ermənilər Paşinyanın siyasətindən razı deyillər, gərək o, bunu nəzərə alsın. Digər yandan Rusiyada yaşayan və işləyən ermənilərin hər ay Ermənistana yolladığı pul həcmi milyardlarla dollardır. Bu məbləğ Ermənistan büdcəsi qədərdir. Bu da əslində, Paşinyana mesajdır ki, Moskva valyuta köçürmələrinin qarşısını alsa, Ermənistanın iqtisadi vəziyyəti ağırlaşacaq. Ermənistan hakimiyyəti ABŞ və Avropa İttifaqı ilə yaxınlaşmağa  və onlardan təminatlar almağa çalışır. Rusiya isə buna görə xatırlatmağa çalışır ki, Ermənistan iqtisadi cəhətdən Rusiyadan asılıdır. Həqiqətən də, bu, belədir. Ermənistanın əsas ticarət, idxal-ixrac əməliyyatları Rusiya ilə olur. Ermənistan kənd təsərrüfatı məhsullarını Avropada, ABŞ-da sata bilmir. Çünki Avropa və ABŞ-nin öz standartları var".

Politoloq söyləyib ki, Ermənistan “3+2” əməkdaşlıq platformasına razılaşır, lakin buna uyğun addım atmır: "Bir sözlə, Paşinyanın müxtəlif sahələrdə ABŞ və Avropadan təlimatlar alması fonunda Rusiyanın təzyiqi artacaq".

 

Poltoloq Turab Rzayev qeyd edib ki, Rusiya Ermənistanın Qərblə yaxınlaşmasının qarşısını almağa çalışır:

 

"Ermənistan yaranan problemləri regional formatda həll etməlidir. Rusiya buna görə Ermənistana açıq şəkildə xəbərdarlıq edir. Bununla da Rusiya Ermənistanın ABŞ və Avropa İttifaqı ilə əməkdaşlığının qarşısını almaq istəyir. “3+3” formatını dəstəkləmək o deməkdir ki, məsələlərin həllində ancaq region dövlətləri iştirak etməlidir. Son zamanlar Ermənistanın davamlı olaraq Qərbə inteqrasiya  etməsi, Rusiya ilə münasibətləri soyutması, 5 apreldə ABŞ və Avropa Birliyi ilə birgə sammit Rusiyanın hiddətinə səbəb olur.  Düşünürəm ki, Rusiya öz mövqeyinə dəyişiklik etməyib".

Ekspert bildirir ki, Ermənistan hakimiyyəti bu xəbərdarlığı qəbul etməzsə, yəqin ki, Rusiya Paşinyan hakimiyyətinə problem yaratmağa çalışacaq:

 

"Ən azından müxalifəti gücləndirəcəklər. İstənilən halda Paşinyan hakimiyyəti Qərblə bağlı siyasətini dəyişməsə, onun ikinci Ukraynaya çevrilmə ehtimalı var".

Twitter
Sizə yeni tvit var
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok