Modern.az

İran ən sərt şəkildə cavabını alacaq - AÇIQLAMA

İran ən sərt şəkildə cavabını alacaq - AÇIQLAMA

Dünya

14 Aprel 2024, 18:40

Gecə saatlarından başlayaraq İran İsrailə yüzlərlə pilotsuz uçuş aparatları (PUA) və ballistik raketlərlə hücum edib.

 

Hücum İsrailin İranın Suriyanın paytaxtı Dəməşq şəhərində yerləşən konsulluq binasına hücumuna cavab olaraq həyata keçirilib.

 

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrail ərazisindəki hərbi obyektləri hədəfə aldığını və hücumun uğurlu olduğunu iddia edib.

 

KİV-in məlumatına görə, İsrail ordusu PUA-ların çoxunu Suriya və İordaniya ərazilərində vurub.

 

Məlumata əsasən, İran 185 pilotsuz təyyarə və 36 qanadlı raket buraxıb. Hücumların əksəriyyəti İrandan, kiçik bir hissəsi isə İraq və Yəməndən həyata keçirilib.

 

Daha sonra isə İran geri addım ataraq, BMT Təhlükəsizlik Şurasına məktub ünvanlayıb. 

 

Məktubda qeyd edilib ki, İran İsrailin Dəməşqdəki diplomatik məkanlarına silahlı hücumu və 7 yüksək səviyyəli müşavirinin həlak olmasından sonra aprelin 13-də İsrailin hərbi obyektlərinə hücum əməliyyatı həyata keçirib.

 

Həmçinin bildirilib ki, İran BMT-nin məsuliyyətli üzvü olaraq beynəlxalq hüququn məqsəd və prinsiplərinə sadiqdir, bölgədə gərginliyi və qarşıdurmanı artırmağa çalışmır. 

 

İsrailli hüquqşünas, beynəlxalq hüquq və beynəlxalq siyasət üzrə mütəxəssis olan Mixail Finkel Modern.az-a bildirib ki, İranın hücumu tam dəf edilib:

 

“Bəşər tarixində ən böyük dron hücumu bu gün həyata keçirilib. İranın atdığı raket və dronlarının isə 99%-i vurulub. Buna görə də hərbiçilərimizə, ABŞ və İngiltərə ordularına xüsusi təşəkkür edirəm. İran gecə boyu dinc müqəddəs torpaqları hədəf almışdı. Evimin qarşısında səmada partlayışlar oldu. İsraildə bir nəfər də ölməyib. Heç bir evə ziyan dəyməyib, heç bir hərbi bazaya zərər dəyməyib. Bu, İsrailin İran qarışısında gücüdür. İsrail İranın bu hücumunun öhdəsindən gəldi. İran öz niyyətini yenə dünyaya göstərdi. Amma təbii ki, İsrail bu hücum qarşısında cavabsız qalmayacaq. İran ən sərt şəkildə cavabını almış olacaq. Gərginliyin səbəbkarı isə İsrail olmayacaq”.

 

Xatırladaq ki, İsrail aprelin ilk günü Suriyanın paytaxtı Dəməşq şəhərinə aviazərbələr endirib. Hücum nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) 7 hərbçisi ölüb. Bunlar generallar Məhəmməd Rza Zahedi və Məhəmməd Hadi Haca Rəhimi, eləcə də SEPAH-ın zabitləri - Seyid Mehdi Cəlalati, Möhsün Sədaqat, Əli Ağa Babai, Seyid Əli Salehi Rozbahani və Hüseyn Əmanullahidir.

 

Tehran zərbə endirilən obyektin konsulluq binası olduğunu açıqlayıb. İsrailin "Ynet" portalının iddiasına görə, İsrail İranın Suriyadakı konsulluğuna hücumu inkar edir, hücuma məruz qalan binanın İran səfirliyinə aid olmadığını iddia edir. Həmçinin qeyd olunub ki, vurulan bina SEPAH-ın Qüds xüsusi təyinatlı qüvvələrinin istifadə etdiyi hərbi strukturdur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək