Modern.az

İşğaldakı esklav kəndlərimizin taleyi NECƏ OLACAQ...

İşğaldakı esklav kəndlərimizin taleyi NECƏ OLACAQ...

Reportaj

20 Aprel 2024, 09:56

Xəbər verdiyimiz kimi, Ermənistan tərəfi Qazaxın işğal altındakı 4 kəndini Azərbaycana qaytarmağa razılaşıb. Bu razılıq aprelin 19-da Azərbaycan Respublikası və Ermənistan Respublikası Baş nazirlərinin müavinləri Şahin Mustafayev və Mqer Qriqoryan arasında sərhəddə keçirilmiş görüşdə əldə olunub.

Söhbət 1991-1992-ci illərdə işğal olunmuş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı yaşayış məntəqələrindən gedir.

Qərara alınıb ki, sərhəd xəttinin bu kəndlər yerləşən hissələrinin təsviri koordinatları yerdəki geodeziya ölçmələrinə əsaslanaraq dəqiqləşdirilməsi nəzərə alınmaqla tərtib edilsin. Bu, Tərəflər arasında 15 may 2024-cü il müddətinədək müvafiq Protokol-təsvirlə sənədləşdirilərək razılaşdırılmalı və imzalanmalıdır.

Tərəflər anklav və eksklav məsələləri üzrə delimitasiya prosesini də davam etdirmək barədə razılığa gəliblər.

Modern.az-ın məlumatına görə, Ermənistanın işğalı altında 4 esklav yaşayış məntəqəmiz də var.

Bunlar Qazaxın hər tərəfdən Ermənistan ərazisi ilə əhatə olunan Yuxarı Əskipara, Sofulu, Barxudarlı və Naxçıvanın Sədərək rayonunun Kərki kəndləridir.

Bu kəndlər Azərbaycan üçün esklav, Ermənistan üçün anklav kəndlərdir.

Yuxarı Əskipara 860 hektar, Sofulu 439 hektar, Barxudarlı 320 hektar əraziyə malikdir. Hər üç yaşayış məntəqəsi 1992-ci ildə işğal olunub.

İşğal zamanı Yuxarı əskiparada 485 nəfər, Sofuluda 181 nəfər, Barxudarlıda 346 nəfər əhali yaşayıb.

Kərki kəndi 1990-cı ilin yanvarında ermənilər tərəfindən işğal edilib. Kəndin ərazisi 19 kv.km-dir. Kəndin 1000 nəfərə yaxın azərbaycanlı sakini 34 ildir ki, didərginlik həyatı yaşayır.

Kərkinin ərazisindən Ermənistanın cənubu ilə şimalını birləşdirən strateji əhəmiyyətli M-2 magistral yolu keçir.

Qeyd edək ki, Ermənistanın Azərbaycana qaytarmağa razılaşdığı Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndləri hazırda boş olsa da, işğal altındakı esklav kəndlərimizdə ermənilərin qanunsuz məskunlaşması həyata keçirlib.

Məsələn, Naxçıvanın Kərki kəndində 150-dək erməninin məskunlaşdığına dair məlumatlar var.

Danışıqların növbəti mərhələsində Ermənistan tərəfinin də Gədəbəy rayonunda yerləşən Başkəndlə bağlı məsələ qaldıracağı istisna olunmur. Bu barədə erməni mənbələri də yazırlar. Ermənilərin Artsvaşen adlandırdıqları bu yaşayış məntəqəsi Sovetlər dövründə - 1920-ci ildə Ermənistana verilsə və onun xəritəsinə daxil edilsə də, bura tarixi Azərbaycan torpağıdır. 
Sahəsi 40 kv.km olan Başkənd 1992-ci ilin avqustunda erməni işğalçılarından təmizlənib.

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın növbəti görüşlərində esklav kəndlərin məsləsinə baxılacağı istisna deyil.


A.Qorxmaz

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ermənilər sərhəddə təxribat törətdi – İki zabit yaralandı