Modern.az

Levonun tikdiyi ev...

Levonun tikdiyi ev...

11 Mart 2014, 16:52

Orxan Əli

Real hadisələr əsasında yazılmış qısa hekayələr

Kəndə girəndə artıq dan yeri ağarırdı. İsax kişi ətrafa nəzər saldı. Adətən kənd səhərində hər tərəfi bu vaxt heyvanların, quşların səsi bürüyürdü. Kənd camaatı sahələrə tələsir, traktorların uğultusu ətrafa yayılırdı.

Amma bu dəfə bütün bunların yerini ətrafa yayılan qorxunc səssizlik tuturdu. Sanki illərdir ayaq dəyməyən xarabalığı xatırladırdı bu kənd səhəri. İsax kişi evlərinə tərəf yol aldı. Həyətə daxil olanda gördüyü mənzərə onu yerində dondurdu. Toyuqlar, qoyunlar, it hətta onun hər zaman köməyinə çatan boz ulağı bir-birinə qısılıb bir küncdə yatmışdılar. İsax kişinin həyətə girdiyi görən heyvanlar əzizlərini itirib, sonradan tapanlar kimi onun üstünə qaçdılar, sanki ondan yardım istəyirdilər. İsax kişi tayadan ot düşürüb qoyunları, ulağı yemlədi, toyuqlara dən atdı. Maraqlıdır ki, bayaqdan səsləri belə, çıxmayan heyvanlar sanki dilə gəlmişdilər. Qoyunlar ağız-ağıza verib mələşməyə, toyuq-cücə qaqqıldamağa başladı. Hətta yaşlı “Kaplan” da bir-iki ağız hürdü.
Həyətdəki iri tut ağacının altında oturdu İsax kişi. Xəyalları onu bir həftə öncəyə apardı...

İsti avqustun ikinci yarısı artıq başlamışdı. Kəndə səs yayıldı ki, ermənilər ətraf kəndləri tutub, əsgərlərimiz mühasirədədir. İsax kişi evdə qalan həyat yoldaşı, gəlini, qızı və nəvələrini dəmir təkərli ot arabasına mindirdi. Məqsədi onları bir-iki günlük o taya (İrana) keçirmək idi. Onsuz da Arazın qırağında yerləşən kəndlərindən qonşu İran görünürdü. Arazın sakit axan yerindən ailəsini İrana keçirdi. O tayda yaşayan əmisi oğlanlarının evinə getdilər. İki gündən sonra İsax kişi kəndə qayıdanda bu mənzərə ilə qarşılaşmışdı...

Ayağının altında yalmanan iti görəndə İsax kişi özünün də susadığını hiss etdi. Amma həyətdəki krantdan su gəlmirdi. Uzun illər kəndi su ilə təmin edən kəhrizdə işləmişdi İsax kişi.
“Yəqin kəhrizin gözü tutulub” deyə düşünərək beli götürdü və kəhrizə tərəf getməyə başladı. Kəhrizə çatanda gözlərinə inana bilmədi. Uzun illər ərzində bir dəfə də olsun gözü tutulmayan kəhriz indi tamamilə yararsız hala düşmüşdü. İsax kişi tez beli götürüb kəhrizin gözlərini açmağa başladı.

Uzaqdan maşın səsi eşidildi. İsax kişi duruxdu. “UAZ” markalı maşın kəhrizə doğru irəliləyirdiyini görəndə bir az sevindi də. Çünki bu səssizlik artıq onu darıxdırmışdı. Əlindəki belə söykənib dayandı. Maşından düşən 4 nəfər ona doğru yaxınlaşırdı. Əllərində silah var idi. İsax kişi fikirləşdi ki, yəqin Milli Ordunun əsgərləridir. Amma yaxınlaşanların səsləri eşidəndə yanıldığını anladı. Bunlar Milli Ordunun əsgərləri deyildi, ermənilər idi. Onlar İsax kişinin 5 addımlığında dayandılar. Uca boylu, üzü saqqalı bir erməni əlindəki avtomatı ona tərəf tuşladı. İsax kişi artıq hər şeyin sona çatdığını düşündü. 75 yaşını haqlamış bu ağsaqqal qorxmurdu. Doğulub böyüdüyü, ömrünü keçirtiyi kəndinə bir dəfə də nəzər salıb dərindən ah çəkdi. Son dəfə kəndinin havasını ciyərlərinə çəkdi.

Gələnlərdən biri silahı İsaq kişiyə silahı tuşlayana nəsə dedi və o, silahı endirdi. Elə bu vaxt İsax kişi doğma dilində bu kəlimələri eşitdi.

- İsax dayı, məni tanımadın deyəsən? Amma mən səni tanıyıram. Levonun oğluyam Artur.

İsax kişi duruxdu. “Levon kimdi? Onun oğlu Artur kimdi?”- deyə öz-özünə sual verdi. Onun bu tərəddüdünü görən cavan erməni dilləndi.

- İsax dayı mənəm də Artur. Yadına düşmür, sizin evinizi atam tikirdi, mən də yanında idim. Qapınızda o qədər çörək yemişəm. Yadına düşmür?

İsax kişi xatırladı. Doğurdan da onların evini Levon adlı erməni ustası tikmişdi. Hər gün gələndə yanında balaca oğlunu da gətirirdi. İsax kişi dilləndi:

- Tanıdım bala, tanıdım. Nə istəyirsiz bizdən. Niyə çörək yediyiniz qapıya silah tuşlayırsız? ...

Artur yanındakılara vəziyyəti izah etdi. Onlar İsax kişini maşına mindirib Araz qırağına aparacaqlarını və ordan da İrana keçmək üçün şərait yaradacaqdılar. İsax kişi sonuncu dəfə öz evlərini görmək istədiyini dedi. Ermənilər razılaşmasa da Artur onları yola gətirdi. İsax kişi sonuncu dəfə öz həyətlərinə gəldi. Hər daşında əlinin qabarı olan evini, həyətini sanki yad bir adammış kimi süzdü. Qapıdan çıxanda evin eyvanında dayanmış Arturu görüb bir hadisəni xatırladı və acı-acı güldü. Levon onların evini tikəndə tez-tez həyat yoldaşı deyirdi ki, “Ay Levon, sən Allah etibarlı tik”. Levon da hər dəfə  cavabında “bacı narahat olma, elə bil özümə tikirəm...” deyərdi...

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü