Modern.az

Əsərlərini mətbəxdə çəkən miniatürçü: “Məni danlayırdılar ki, işlərini niyə corab qiymətinə satırsan?” - MÜSAHİBƏ

Əsərlərini mətbəxdə çəkən miniatürçü: “Məni danlayırdılar ki, işlərini niyə corab qiymətinə satırsan?” - MÜSAHİBƏ

Mədəni̇yyət

23 Aprel 2014, 13:47

Modern.az saytı fərqli yaradıcı adamlarından sənət və həyat haqqında silsilə müsahibələrini davam etdirir. Budəfəki müsahibimiz Şərq rəssamlıq məktəbinin ən çox yayılmış qolu olan miniatür sənətinin tək-tük təmsilçilərindən Pəri Miniatürdür. 

– Nədən miniatürü seçdiniz, axı rəssamlığın o qədər istiqamətləri var ki...

- Ağlım kəsəndən rəssamlıqla məşğul oluram. Əvvəl heç bu sahə üzrə oxumaq istəmirdim. Amma sonra həm hazırladığım işlərə görə, həm də qohumların yaxınların məsləhəti ilə Bakıya gəlib rəssamlıq ixtisası üzrə oxumağa başladım. Daha sonra bir miniatür ustası var Faiq Əkbərov, deyərdim ki, çəkinmədən onu dahi adlandırmaq olar. Miniatürü incəliklərinə qədər sevir. Amma uzun zamanıdır ki, nə səbəbdənsə üzə çıxmağı xoşlamır. Mən miniatürü sevməyi  ondan öyrəndim. Miniatürün fundamentini, elmi sxemini bizə o öyrətdi. Çox xırda işləri orada görürdük. Biz kiçik kvadratın, riyaziyyat damasının  içinə biz bir neçə element yerləşdirə bilirdik. Amma Faiq Əkbərov onları bəyənmirdi. Heç indi də bəyənmir.

- Hansı çatışmazlıqlar yaradıcılığınıza müsbət təsir etdi?

– Üç il ərzində işlədiyim o sistemi mənimsəyəndən dərhal sonra rayona getməli oldum. Oranın mühiti məni rəssamlıqdan uzaqlaşdırdı. Onda fikirləşirdim ki, mən nə etmişəm? Nəyə görə durmadan işləmişəm, riyaziyyat damasının içinə dörd sxem yerləşdirmişəm?! Əgər bunları bacarmışamsa  indi də nə isə etmək lazım idi. Onda anladım ki, Faiq Əkbərov bizə məhz, sənəti sevməyi və bu sevginin yolunda səbirli olmağı öyrədib. Hər şeyin başlanğıcı sevgidir. Sevgi olanda səbir də edə bilirsən. Mənə rəssamlar deyir ki, sən özünü çox çətinə salırsan. Nə bilim, bir budaqda 70 yarpaq çəkirsən, nəyə lazımdır. Mən bu sahəni sevirəm, sevdiyim üçün edirəm. Kiminsə çox “sağ ol”u üçün yox.

– Rənglə fəlsəfə çəkmək olar?

- Sevdiyim ən çox istifadə etdiyim rənglərin içində bənövşeyi rəng var. Amma   hər  hansı bir rəngi yerində işlədəndə o daha gözəl olur. Məsələn,  boz rəngi çox adam bəyənmir. Nəsə bozluğun, xaosun əlaməti sayır. Amma yerində işlədənsə görürsən ki, o da çox gözəldir. Əsərdə elə etmək olar ki, o boz rəng o biri rənglərdən daha gözəl olar. Dünyanı bir anlıq rəngsiz təsəvvür edin. Onun nəyi qalar ki ?- heç nəyi. Mən bir dəfə qurumuş ərik ağacına baxırdım. Qurumuş qara budaqların üstündə sarı yarpaqlar, onların da arxa fonunda  mavi səma əks olunurdu.  Əvvəlcə fikirləşdim ki, Allah görə necə gözəllik yaradıb. Bunlar bir-birinə gör necə uyuşurlar. Sonra fikirləşdim bəlkə biz elə bunları həmişə bu  cür gördüyümüz üçün belə gözəl qəbul edirik. Bəlkə də yarpaq qırmızı olsaydı, biz elə onu qırmızılığına görə gözəl görəcəydik?! Hər  kəsin həyata bir baxışı olduğu kimi rənglərə də bir baxışı var.

- Miniatür ustası, əsərlərində Şərq mühitini təsvir edən  bir rəssam Şərq  ədəbiyyatından nə oxuyub?

– Bəli, mütaliə edirəm. Mənim üçün daha çox Füzuli, Firdovsi və Ömər Xəyyam maraqlıdır. O vaxt elə Təbriz miniatür məktəbinin  yetirmələri ancaq Şərq fəlsəfəsinə, ədəbiyyatına istinad edirdilər. Dahi Füzulinin , Firdovsinin, Nizaminin əsərlərinə miniatürlər həsr edirdilər. Amma onunla yanaşı bunların hamısı  saray rəssamları idilər və elə bu səbəbdən də miniatürlərə saray aristokrat həyatını əlavə edirdilər. Məsələn, şah, onun əyalı, divan-məclisi,  orada yetərli qədər əks olunurdu. Amma bütün bunlara baxmayaraq miniatür ustaları öz mesajlarını da həmin işlərdə çatdıra bilirdilər.

- Ağır sosial şərait yaradıcı insana necə təsir edə bilir? Özünüz bu durumla üzləşmisiz?

- Vaxt olub ki, əsərlərimi çox ucuz qiymətə satmışam. Kasıb dolanışıq tərzim olduğundan bunu etməyə məcbur idim. Görürdün ki, iki gün üzərində işlədiyim  əsəri satıb evə ərzaq alırdım. Mənə gülürdülər ki, bu nədir, corab satmırsan ki?! Amma mən məcbur idim. Hər şeydə bir səbəb var. İndi düşünürəm ki, nə yaxşı mən o  vaxtı kasıb olmuşam və məhsuldar işləmişəm. əlim fırçaya alışıb. əlimi tərbiyələndirirdim. Şəraitim,  dolanışığım yaxşı olsaydı bir iki rəsm çəkib qoyardım qırağa. Yaradıcılıqda o qədər də məşğul olmazdım. Amma ağır sosial şərait mənə məhsuldar olmağı öyrətdi. 



– İşlərinizi mətbəxdə hazırlayırsınız. Bu işin keyfiyyətinə mane olmur ki?

– Mətbəxdə işləmək  təbii ki, çətindir. Emalatxana mühiti tamam  ayrı şeydir. Emalatxananın aurası təbii ki, ayrı bir aləmdir. Emalatxanaya girəndə rənglərin qoxusu,  aurası adamı işləməyə sövq edir. Naxçıvanda mənə çox yaxşı təsir etmiş bir rəssam var idi. Onun emalatxanasına girib rəngləri görəndə deyirdim ki,  mən bu rəngləri yemək istəyirəm. O da deyirdi ki, səndən mütləq rəssam olacaq..

- Miniatürlər həm də sakral informasiya daşıyıcılarıdırlar. Bəs sizin əsərlərinzidə hansı gizli mənalar var?

– Bilmirəm. Məncə hələ o məqama çatmamışam. Mən sadəcə işləmək istəyirəm. O barədə qətiyyən düşünmürəm. Amma bəzi işlərimdə orijinallığa can atmışam. Bir rəsmim  var: O həm dua edən qadındır,  həm də məscid minarəsidir. Sahibi-əsri Zaman və Şah İsmayıl Xətaiyə həsr etdiyim rəsmlərdə mənə  aid elementlər var. Bir əsərim də var idi ki, orada buludları səcdə edən adam formasında çəkmişəm. Ayın üzərində ana bətnində olan uşağın təsvirini  vermişəm. Burada bir element iki rol oynayır. Burada həm ay var, həm də dünyanın, insanın yaradılışını özündə əks etdirən uşaq var. Buludlar da baş əyməklə yeni yaradılışa səcdə edir. Burada bir Şərq hikmətinin təsviri var.

- Bir miniatürçü rəssam üçün Şərq nə deməkdir?

– Şərq mənim üçün həmişə doğmadır. Günü bu gün də mən Şərq məkanlarına gedirəm. Avropa modernizmi məni cəlb etmir. Şərq hər şeyin başlanğıcıdır.

Bir təsvirin ideyasını nə zaman və necə ala bilirsiniz?

– Adam susanda çox suala cavab tapır. Mən uzun müddət susdum. Şəxsi problemlərim səbəbindən heç kimlə ünsiyyətdə olmadım. Susanda tapdığım cavablar adama öyrətdi ki, həyat əslində çox da çətin deyil.

– Miniatürlərdə ilahi uçuş barəsində danışaq

– Bir miniatürüm var. Deməli bomboz bir şəhərdir. O şəhərdə bir qız var, əlləri iplərlə dolanıb və o iplər onu səmaya dartır. Yəni uçuş budur. İnsan həmişə bozluqdan qaçmaq istəyir. Bu gün yer kürəsində nə qədər qan,  terror var. İnsanlar bir birindən soyuyub.

– Bəs bir miniatürçü kimi cənnətlə cəhənnəmi necə təsvir edirsiniz?

– Mənim üçün dünyada ən gözəl şey miniatürdür. Orada ancaq cənnəti təsvir edə bilərəm. Cəhənnəm əlimdən gəlməz.

– Yaxşı, sizə görə cənnət necədir?

– Bilmirəm. Amma hər miniatürüm mənim üçün cənnətin təsviridir. İnsanın sevdiyi işi onun elə cənnətidir. Mənim cənnətim elə mənim miniatürümdür.









Elmin Nuri

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rəisinin düşdüyü qəza barədə sensasion faktlar-Olaydan əvvəl...