Modern.az

Rəhim Qazıyev: “Hakimiyyətyönlü adamlardan seçkilərdə iştirak təklifi almışam”

Rəhim Qazıyev: “Hakimiyyətyönlü adamlardan seçkilərdə iştirak təklifi almışam”

Ölkə

27 Sentyabr 2010, 17:32

Eks müdafiə naziri “iqtidar tərəfindən təklif olunan  gücüm çatan vəzifəyə getməyə hazıram” deyir

Azərbaycanın keçmiş müdafiə naziri Rəhim Qazıyev Modern.az saytına açıqlamasında Milli Məclisə keçirilən seçkilərdə iştirakla bağlı təkliflər aldığını bildirib. Onun sözlərinə görə bir neçə ay əvvəl hakimiyyətə yaxın adamlar ona seçkilərə qatılması ilə bağlı müraciət ediblər.

“Hakimiyyətyönlü adamlar tərəfdən mənə seçkilərdə namizədliyimi vermək barədə təkliflər gəlib. Amma mən bu təklifdən imtina etmişəm”-deyən R. Qazıyev parlament seçkilərində namizədliyini irəli sürmək niyyətində olmadığını bildirib. Eks-nazir qeyd edib ki, qanun ona seçki marafonuna qatılmağa imkan verir. Belə ki üzərində olan məhkumluğun müddəti çoxdan ötüb. Seçkilərlə bağlı vəziyyətdən narazılğını bildirən R. Qazıyev deyib: “Təyinatlı deputat yeri almaq üçün ora-bura qaçmaq fikrim yoxdur”.

Qarşıdakı seçkilərin müxalifət üçün ağır olacağını deyən keçmiş nazirin sözlərinə görə, iqtidar müxalifətə son zərbələrini vurmağa hazırlaşır. “Dairələr üzrə müxalifət namizədlərinin rəqiblərinə baxın. Bu seçkilərdə iqtidar müxalifəti elə hala salacaq ki, bir-birilərinə salam verəcək adam qalmayacaq”-deyən R.Qazıyev eyni zamanda bir-iki müxalifət liderinin Milli Məclisə buraxılacağını istisna etməyib. 

Rəhim Qazıyev qeyd edib ki, ona tanınmış iki namizəd tərəfindən seçki kampaniyasına qatılmaqla bağlı təklif də gəlib. “Hələ ki bununla bağlı qəti qərarımı verməmişən”-deyə o, bildirib. Eks-nazir namizədlərin adını çəkməyib. Bununla belə R.Qazıyev seçkilərdə dəstək verəcəyi namizədin olacağını da istisna etməyib.  

İqtidarla münasibtlərinə toxunan eks-nazir bildirib ki, iqtidar tərəfdən vəzifə təklifi alarsa, bu barədə fikirləşməyə hazırdır. “Gücüm çatarsa, bacardığım vəzifə olarsa, razılaşaram. Amma təyinatlı deputatlığa getmərəm”.

Bir müddət əvvəl qalmaqalla müşayiət olunmuş biznes fəaliyyəti ilə bağlı məsələyə toxunan Rəhim Qazıyev daha Azərbaycanda sahibkarlıqla məşğul olmadığını vurğulayıb: “İki traktor almışdım, aləm bir-birinə qarışdı. Ölkədə sahibkarlıq fəaliyyəti ilə məğul olmuram. Hazırda sahibkarlıq fəaliyyətim ölkədən kənarda davam edir. Kiçik bir işim var. Şükür Allaha, ac qalmıram”-deyə sonda R.Qazıyev bildirib.   

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyanın sözləri erməniləri ağlatdı- Sərhəd kəndin ortasından keçəcək