Modern.az

Niyə əsəbləşirsiniz?  

Niyə əsəbləşirsiniz?  

Ölkə

2 Fevral 2020, 10:40

Əsəb, gərginlik, stress, hövsələsizlik az qala gündəlik yaşam tərzinə çevrilib. Bəzən niyə əsəbləşdiyini də bilmirsən... Yəqin, çoxunuzda bu hal baş verib.

 

Bəs bunun yaranma səbəbini bilrisinizmi?

 

Məsələ ilə bağlı Modern.az-a danışan tanınmış psixoloq Elnur Rüstəmov stresə davamsız olan insanların sayının getdikcə çoxaldığını bildirib.

 

“Təbii ki, bunların həm obyektiv, həm də subyektiv səbəbləri var. Subyektiv səbəb birbaşa  insanın psixoloji durumu ilə bağlıdır. İstər iş yerində, istərsə də evdə olsun hövsələsizlik  həmin insanların hərəkət və davranışlarına da sirayət edir. Biz bu insanları gündəlik olaraq ətrafımızda görə bilirik. İnsan durduğu yerdə gərgin vəziyyətə düşə bilməz ki? Deməli, onun nəsə bir gərginliyi var ki, tez özündən çıxır, insanlara qarşı aqressiv davranır. Əsasən, gənc nəsildə bu gərginlik daha çox hiss olunur.

 

Psixoloq hövsələsizliyin obyektiv səbəbini texnologiya  əsrində yaşamaqda görür:

 

“İnsanların qaçaraq bir həyatda yaşaması da onların psixoloji vəziyyətlərinə təsir edən amillərdən hesab olunur. Müşahidələrimdən bu qənaətə gəlmişəm ki, texnologiyanın gətirdiyi informasiya insanlarda narahatlıq yaradır. Bu gün insanların böyük bir qismi mobil telefondan, internetdən asılıdırlar. Əslində özü də bilir ki, onun orada bir işi yoxdur , ancaq bütün günü internetdən nəsə axtarır. Bu axtarış da insanın beynini yorur və nəticədə, hövsələsizliyin yaranmasına şərait yaradır. Məhz bu səbəbdən insanlar özlərini maksimum kənar informasiyalardan qorumalıdırlar. Daha yaxşı olar ki, bir az da özlərinin psixoloji vəziyyətləri ilə maraqlansınlar”.

 

Elnur Rüstəmov səbirsizliklə bağlı bir neçə faktı da misal çəkib: “Məsələn, ictimai nəqliyyatda avtobus sürücülərini götürsək, görərik ki, əksəriyyəti əsəbidir, sərnişinlərin adi sözləri belə onların hiddətinə səbəb olur. Nədənsə hamı da onları qınayır. Axı bu, düzgün bir yanaşma deyil, o gün ərzində minlərlə insanla rastlaşır. Hərənin də bir cür xarakteri var. Biz bilmirik axı, bundan qabaq onu əsəbləşdirən olub, ya yox, yaxud maddi asılılığı varmı?

 

Ümumiyyətlə, bu sürücünün avtobusu idarə etməyə icazəsi varmı? Hadisəyə hərə öz baxış müstəvisindən qiymət verir. Elə adi mətbuatı misal çəkim, siz informasiyanı verirsiniz, oxucu başlığa görə fikir bildirir. Bəlkə də heç içərisini açıb oxumur, amma elə danışır. Çox qəribə bir yanaşma formalışıb. Biri aqressiv olanda çalışır ki, ətrafı da aqressiv olsun”.

 

Müsahibimiz deyir ki, son zamanlar  gənclərdə intihara təşəbbüs hallarının artdığını da müşahidə edir: “Bütün bunların artmasının səbəbi də birbaşa səbirsizliklə əlaqədardır. Bu gün yeniyetmələr arasında  səbirsizlik hökm sürür. Səbirsizliyin arxasında mütaliənin az olması dayanır. İnsan nə qədər çox mütaliə edərsə, başına gələcək hər hansı bir problemi bir o qədər asanlıqla dəf edə bilər. Baxırsan ki, gənc cütlüklər dalaşır, tərəflərdən biri dözmür, ya gedir özünü atır qatarın altına, ya da asır. Bu, nə dərəcədə düzgün bir yanaşmadır? Canından oldun, çıxdın getdin. Arxanda nə qədər insanları gözüyaşlı qoydun. İnsan var ki, beş ildir sevir, evlənir. Ancaq dolana bilmirlər, beş ay çəkir, boşanırlar. Ona görə ki, bir-biriləri ilə tolerant davrana bilmirlər. Təklif edirəm ki, bu cür yanaşmaların qarşısını almaq üçün sosial çarxlar çəkilsin. İnsanların psixoloji maariflənməyə daha çox ehiyyacı var. Çünki stersə tab gətirməyən insanların sayı getdikcə çoxalır. Əlbəttə ki, bunlar da kütləvi gərginliyə,narahatlığa gətirib çıxarır”.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi