Modern.az

İlham Əliyevdən Rusiya və İrana vacib MESAJ

İlham Əliyevdən Rusiya və İrana vacib MESAJ

Ölkə

10 Noyabr 2022, 12:06

Prezident İlham Əliyev 8 noyabr Zəfər günü münasibətilə Şuşada hərbçilər qarşısında çıxış edərək önəmli mesajlar səsləndirib. Dövlət başçısı İranın Azərbaycanla sərhəddə hərbi təlimlər keçirməsi və Qarabağda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının mandatının artırılması məsələsinə də toxunaraq, ölkəmizin mövqeyini bəyan edib.

 

"Ordumuz qəhrəmanlıq, peşəkarlıq, fədakarlıq göstərib. Lazım olarsa, bir daha göstərərik, istədiyimizə nail olarıq, bunu hər kəs bilir və bizim sərhədimizdə Ermənistana dəstək olaraq hərbi təlim keçirənlər də bilsinlər. Bizi heç kim qorxuda bilməz. Ermənistan yaxşı qonşuluq siyasəti aparmaq istəyirsə, birincisi, 2020-ci ilin 10 noyabr Bəyanatının bütün müddəalarını yerinə yetirməlidir. Azərbaycanla sülh üzrə aparılan danışıqlarda səmimi olmalıdır. Süni şəkildə vaxt uzatmamalıdır, hansısa möcüzəni gözləməməlidir ki, kimsə gəlib bunların yerinə vuruşacaq. Heç kim gəlib onların yerinə vuruşmayacaq, gəlib vuruşsa da, qarşısında yenə də Azərbaycan Ordusunu görəcək”,- Prezident İlham Əliyev İranın keçirdiyi təlimlərlə bağlı deyib.

 

Rusiya sülhməramlılarının aqibətinə gəlincə, Ali Baş Komandan onların Qarabağda müvəqqəti yerləşdirildiyini diqqətə çatdırıb: “Rus sülhməramlılar orada müvəqqəti yerləşiblər. 2020-ci ilin 10 noyabr Bəyanatında onların müddəti göstərilir”.

 

Ölkə liderinin Rusiya və İrana üvanladığı mesajları Modern.az-a şərh edən politoloq Qabil Hüseynli Prezidentin toxunduğu məsələlərin önəmli olduğunu deyib:

 

"Sülhməramlılarla bağlı çıxışında ölkə başçısı vurğuladı ki, Ermənistanın kapitulyasiyası nəticəsində 2020-ci il noyabrın 10-da bağlanan 3 tərəfli bəyanata əsasən, Rusiya sülhməramlılarının ərazilərimizdə mövcudluğu 3 il çəkməlidir. Prezident bununla ölkənin suveren ərazilərində yerləşdirilmiş, BMT tərəfindən mandatı tanınmayan qüvvələrin sülh müqaviləsi imzalandıqdan, ərazi bütövlüyünün tanınması baş tutduqdan sonra ərazilərimizdən çıxarılacağına işarə etdi.


Sülh müqaviləsi bağlanacaqsa, delimitasiya və demarkasiya yekunlaşacaqsa, iki ölkə bir-birinin suverenliyinə hörmətlə yanaşacaqsa, Rusiya silahlılarının ərazilərimizdə qalmasına heç bir ehtiyac olmayacaq. Həmin anda Azərbaycan bunu tələb edə bilər". 


İranla bağlı məsələlərə gəldikdə isə Qabil Hüseynli söyləyib ki, Prezident çıxışında cənub qonşumuza da ciddi mesajlar ünvanlayıb:

 

"Ölkə başçısı xüsusi vurğuladı ki, özünü müsəlman dövləti adlandıran İranın məscidləri dağıdan, İslamın düşməni olan, təcavüzkar siyasət həyata keçirən dövlətlə dostluğuna nə ad verilə bilər. Ümumiyyətlə, həmin dövlətlərin bir-biri ilə sıx əlaqələri hansı anlama gəlməlidir.


İranın Xarici İşlər Nazirliyi bəyanat yayaraq bildirib ki, dövlətin hansısa ölkə ilə münasibətlər qurması tam sərbəstdir. Bəs, onda Azərbaycana yönəlmiş təhdidlərin məqsədi nədir? Azərbaycanın müstəqilliyini həzm edə bilmirlər. 30 ilə yaxın müharibə şəraitində, işğal dövründə sərhədlər boyunca hərbi təlimlər keçirilmirdi. Amma Azərbaycan Vətən müharibəsində qələbə qazanıb, torpaqlarını işğaldan azad edəndən sonra İran və Ermənistan sərhəddə təxribat mahiyyəti daşıyan hərbi təlimlərə başladı. Üstəlik, biz İranın Ermənistanla münasibətlər qurmasına qarşı deyilik. Amma əli qana bulanmış, bölgədə faşist ideologiyasını yayan dövlətlə İran əlaqə yaradırsa, özünü müsəlman adlandırmağa, müsəlmançılıq mövqeyindən çıxış etməyə haqqı yoxdur".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi