Modern.az

Partiyalar nə qədər qazanır - ARAŞDIRMA

Partiyalar nə qədər qazanır - ARAŞDIRMA

4 Aprel 2023, 10:42

Mərkəzi Seçki Komissiyası (MSK) 2022-ci il üzrə maliyyə hesabatını təqdim edən siyasi partiyaların ilkin siyahısını dərc edib. Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınmış 59 partiyadan 37-si illik maliyyə hesabatını təqdim edib.

 

Modern.az partiyaların MSK-ya təqdim etdiyi hesabatları araşdırıb.

 

Hesabatlardan məlum olur ki, ötən il ən çox gəlir əldə edən partiya Yeni Azərbaycan Partiyasıdır (YAP). Hakim partiya 2022-ci ildə 26.8 milyon manat gəlir əldə edib. Bu vəsaitin 23 milyon manata yaxın hissəsi üzvlük haqlarından, qalanı əmlakdan, ianələrdən, çap materiallarından və dövlət büdcəsindən daxil olub.

 

Milli Məclisdə təmsil olunan digər partiyaların gəlirləri əsasən dövlət büdcəsindən gələn vəsait hesabına formalaşıb. 

 

Məlumat üçün bildirək ki, qanunvericiliyə əsasən, Milli Məclisdə deputatı olan partiyalara dövlət büdcəsindən vəsait ayrılır. 

 

Belə ki, Sabiq Rüstəmxanlının rəhbərlik etdiyi Vətəndaş Həmrəyliyi Partiyası (VHP) ötən il 366 min manat gəlir əldə edib. Bu vəsaitin hamısı dövlət büdcəsindən verilib.

 

Qeyd edək ki, VHP parlamentdə 3 deputatla təmsil olunur. Milli Məclisin vitse-spikeri Fəzail İbrahimli və 58 saylı Hacıqabul-Kürdəmir seçki dairəsindən seçilən Rafael Hüseynov da VHP-nin üzvüdür.

 

Milli Məclisin deputatı Asim Molazadənin sədri olduğu Demokratik İslahatlar Partiyasına (DİP) isə ötən il dövlət büdcəsindən 304 min manat vəsait ayrılıb. Əvvəlki dövr ilə müqayisədə DİP-in gəlirləri 100 min manatdan çox artıb.

 

110 saylı Zaqatala seçki dairəsindən Milli Məclisə deputat seçilən Elşən Musayevin rəhbərlik etdiyi Azərbaycan Demokratik Maarifçilik Partiyası (ADMP) da DİP ilə eyni, təxminən 304 min manat gəlir əldə edib. Maraqlıdır ki, ADMP ötən il gəlirlərində 100 manat üzvlük haqqı əldə etdiyini göstərib.

 

Bu yaxınlarda sui-qəsdə məruz qalan deputat Fazil Mustafanın sədri olduğu Böyük Quruluş Partiyası (BQP) 304 min manatdan çox gəlir əldə edib, onun 125 manatı üzvlük haqlarından, 304 min manata yaxını dövlət büdcəsindən əldə edilib.

 

İlqar Məmmədovun rəhbərlik etdiyi, parlamentdə Erkin Qədirlinin təmsil etdiyi Respublikaçı Alternativ (REAL) partiyasının büdcəsi 2022-ci ildə 360 min manata yaxın olub. Gəlirlərin yalnız 1500 manatlıq hissəsi üzvlük haqlarından əldə edilib, qalanı dövlət büdcəsindən ayrılan vəsaitlə formalaşıb.

 

Parlamentdə təmsil olunan digər partiyalar - Fəzail Ağamalının Ana Vətən Partiyası (AVP), Razi Nurullayevin Milli Cəbhə Partiyası (MCP), Qüdrət Həsənquliyevin Bütov Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP), Tahir Kərimlinin Vəhdət Partiyası dövlət büdcəsindən 304 min manatdan çox gəlir əldə edib, partiyaların heç bir üzvlük haqqı almayıb.

 

Parlamentdə təmsil olunmayan partiyaların gəlirləri əsasən üzvlük haqlarından və ianələrdən əldə edilib. Tural Abbaslının Ağ Partiyası ötən il 1840 manat ianə alıb, 90-cı illərdə daha aktiv fəaliyyət göstərən Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) üzvlük haqlarından 2886 manat əldə edildiyini bildirib.

 

Müxalifətdə olan Müsavat Partiyası 2022-ci ildə 9500 manata yaxın gəlir əldə edib, vəsaitin 8710 manatı üzvlük haqlarından, qalanı ianələr şəklində qəbul edilib.

 

Sabiq ədliyyə naziri İlyas İsmayılovun Ədalət Partiyası keçən il 2300 manata yaxın, sabiq baş nazir Pənah Hüseynin rəhbərlik etdiyi Azərbaycan Xalq Partiyası (AXP) 1500 manat, hazırda həbsdə olan Əli Əliyevin rəhbrəlik etdiyi Vətəndaş və İnkişaf Partiyası (VİP) isə 200 manat ianə qəbul edib.

 

Hesabatlara görə, aşağıdakı siyasi partiyalar heç bir gəlir əldə etmədiyini bəyan edib:

 

Müstəqil Xalq Partiyası
Azərbaycan Təkamül Partiyası
“Milli Vəhdət” Partiyası
Cümhuriyyət Xalq Partiyası
Klassik Xalq Cəbhəsi Partiyası
Azərbaycan Liberal Demokrat Partiyası
“Qorqud” Partiyası
"Yeni Yol" Partiyası
Milli Dirçəliş Hərəkatı Partiyası
Yeni Zaman Partiyası
Müasir Musavat Partiyası
Milli Həmrəylik Partiyası
“Birlik” Partiyası
Azərbaycan Demokrat Partiyası
Azərbaycan Ümid Partiyası
Azad Vətən Partiyası
Böyük Azərbaycan Partiyası
Azərbaycan Sosial Demokrat Partiyası
Azərbaycan Sosial Rifah Partiyası
Azərbaycan Xalq Cəbhəsi Partiyası
Vətəndaş Birliyi Partiyası

 

Qeyd edək ki, bu il Azərbaycan Liberal Demokrat Partiyası (ALDP), Milli Vəhdət Partiyası (MVP), Azərbaycan Sosial Rifah Partiyası (ASRP), Azərbaycan Naminə Alyans Partiyası (ANAP), Azərbaycan Təkamül Partiyası, Birlik partiyası və Azərbaycan Azad Respublikaçılar Partiyası öz hüquqi fəaliyyətlərinə xitam vermək barədə qərar qəbul ediblər. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok