Modern.az

Bələdiyyələrin azaldılması zamanın tələbidir - Vətəndaşları qane etmir

Bələdiyyələrin azaldılması zamanın tələbidir - Vətəndaşları qane etmir

Ölkə

28 Fevral 2024, 09:04

Bir müddət əvvəl Milli Məclisin plenar iclasında bələdiyyələrlə bağlı məsələ də müzakirə olunub. Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bələdiyyələrin birləşdirilməsi və sayının azaldılması ilə bağlı məsələni dilə gətirib. Komitə sədri bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin təqdimatı ilə daxil olan təkliflər iki qanun layihəsini əhatə edir. Layihələrdən biri “Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında”, digəri “Bələdiyyələrin statusu haqqında” qanunlarla bağlıdır

 

Layihədə bələdiyyələrin birləşdirilməsi və sayının azaldılması ilə bağlı məsələr öz əksini tapıb. Məlumata görə, əhali sayı 3 mindən və ya evlərin sayı 1000-dən az olan kəndlərin bələdiyyəsi birləşdiriləcək və böyük bələdiyyələr yaradılacaq. Deputat əlavə edib ki, bu dəyişiklik bələdiyyələrin sosial-iqtisadi vəziyyətini yaxşılaşdıracaq.

 

“Bələdiyyələrin statusu haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən, təşkili və ya yenidən təşkili nəticəsində əhalisinin sayı 3 min nəfərdən və ya ev təsərrüfatlarının sayı 1000 vahiddən az olan bələdiyyələrin yaradılmasına onlarda yaranan sosial-iqtisadi vəziyyət, tarixi və digər yerli xüsusiyyətləri nəzərə alınmaqla yol veriləcək.

 

Nəzərdə tutulan ev təsərrüfatlarının uçotu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada aparılacaq. Ad birləşən bələdiyyələr arasında əhalisinin sayı ən çox olan bələdiyyənin adına uyğun müəyyən ediləcək.

 

Bəs bələdiyyələrin birləşdirilməsinin əsas səbəbi nədir? Daha bələdiyyə bizə nə vəd edir? Bundan sonra bələdiyyə sahəsində hansı yeniliklər gözlənilir?

"Bələdiyyələrin sayının azaldılması bələdiyyə seçkilərinin daha demokratik keçirilməsinə imkan verəcək"

 

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev bildirib ki, iki dəfə bələdiyyələrin birləşdirilməsi prosesi həyata keçirilib və bunun müsbət nəticələri olub:

 

“Bu qərar Milli Məclisə daxil olub. Hörmətli Siyavuş müəllim (Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov-red) bu barədə məlumat verdi. Ancaq məsələ hələ müzakirə olunmayıb. Buna baxmayaraq, hesab edirəm ki, göndərilən sənəd reallığı əks etdirir. Çünki kiçik bələdiyyələr, maliyyə bazası olmayan yerli idarəetmə orqanları özlərini doğrultmur. Onların fəaliyyəti vətəndaşları qane etmir. Bələdiyyələr haqqında  mənfi fikirlər formalaşır. Bəzilər deyirlər ki, bu qurumlar əhəmiyyətsizdir, heç kimə yaramır və ləğv olunmalıdır. Əslində, bələdiyyələr bu günümüz üçün vacibdir və demokratik təsisatdır.  Amma onların fəaliyyəti yüksəldilməlidir. Bələdiyyələrə daha səriştəli və bilikli, bu sahədə bacarığı, təcrübələri olan insanlar gəlməlidir. Bələdiyyələrin birləşməsi, ləğv olunması prosesi son illərdə bir-iki dəfə baş verib. Bu yaxşı nəticələrini göstərib. Haradasa 1200 bələdiyyə birləşdirildi, ləğv olundu".

 

Deputatın fikrincə, bələdiyyələrin sayının azaldılması yaxınlaşan bələdiyyə seçkilərinin daha da demokratik keçirilməsinə imkan verəcək:

 

"Bu gün bələdiyyələrin sayı çoxdur. Çünki əhalisi Azərbaycanla eyni olan ölkələrdə cəmi 250-300 bələdiyyələr fəaliyyət göstərir. Əgər hazırda hansısa kənddə fəaliyyət göstərən bələdiyyə heç bir maliyyə bazasına malik deyilsə, yerli əhəmiyyətli sosial-iqtisadi məsələləri həll etməyə qadir deyilsə, insanlarla münasibət qura bilmirsə, onun fəaliyyəti kimə lazımdır ki? Ona görə də bələdiyyələrin sayı mütləq azaldılmalıdır. Biz bələdiyyə seçkilərinə gedirik. Əlbəttə ki, bu prosesin baş verməsi seçkilərin daha şəffaf,demokratik keçirilməsinə imkan verəcək. Bu, təbii prosesdir. Sözügedən prosesin həyata keçirilməsi bələdiyyələrin daha da formalaşdırılmasına, fəaliyyətlərinin yüksəldilməsinə təkan verəcək. Bizə də işgüzar bələdiyyələr lazımdır. Bəzi təsisatlar tərəfindən bu birmənalı qarşılanmır. Bunu bələdiyyələrə etibarsızlığın nəticəsi kimi dəyərləndirirlər. Xarici ölkələrdəki bələdiyyə institutları ilə yaxından tanış olmuşuq. O ölkələrdə də əvvəl kiçik bələdiyyələr olub. Lakin sonradan birləşərək bələdiyyə assosasiyaları, ya böyük bələdiyyələr, ya da regional bələdiyyələr şəklində formalaşdırılıblar. Sonradan bu, yaxşı effekt verir. Hesab edirəm ki, bizdə də bu proses baş verir. Sözsüz əlaqələrin birləşdirilməsi öz nəticələrini göstərəcək".

"Bələdiyyələrin sayının azaldılması zamanın tələbidir"

Bu xəbər ilə bağlı
Bələdiyyələrin sayı niyə azaldılır - Referendum gözləntisi...
Xəbəri oxu

 

Milli Məclisin Regional məsələlər komitəsinin digər bir üzvü Kamran Bayramov vurğulayıb ki, sözügedən məsələ, əslində, islahat kimi qəbul oluna bilər:

 

"Ümumiyyətlə, bizdə bələdiyyələrin sayı olduqca çoxdur. 1999-cu ildə bələdiyyələr yarananda onların sayı 2750-dən çox idi. Bu günə qədər onların birləşdirilməsi və sayının azaldılması istiqamətində müəyyən tədbirlər görülmüşdü. 2009 və 2014-cü ildə bələdiyyələrin birləşmə prosesi baş tutmuşdu. Onun sayəsində bələdiyyələrin sayı 1606-ya endi. Bu gün də bələdiyyələrin sayının azaldılması və birləşdirilməsi ümumiyyətlə dövrün, zamanın tələbidir. 1606 bələdiyyənin təxminən 87 faizi xırda bələdiyyələrdir. Bu xırda kənd bələdiyyələri özlərini təmin edə bilmirlər, maliyyə imkanları çox məhduddur. Bu da bələdiyyələrin birləşməsini zəruri edir ki, daha böyük , maliyyə imkanlarına, torpaqlara sahib bələdiyyələr yaransın. Çox müsbət təcrübədir. Regional məsələlər komitəsinin üzvləri də bu məsələni Milli Məclisdə dəfələrlə qaldırıb. Çox yaxşı haldır ki, cənab prezidentin qanunvericilik təşəbbüsü qaydasında bu cür layihə reallaşır və Milli Məclisə müzakirə üçün daxil olur. Bu il işğaldan azad olunmuş əraziləri də əhatə edəcək bələdiyyə seçkiləri olacaq. Bu baxımdan daha təkmil, özünü tam təmin edə bilən bələdiyyələrin yaradılması olduqca vacibdir".

 

K.Bayramov bələdiyyələrin sayının azaldılması və birləşdirilməsini islahatların başlanğıcı kimi səciyyələndirib:

 

"Maliyyə baxımından bələdiyyələrinizin güclənməsinə ehtiyac var. Yerli idarəetmə orqanlarında müəyyən problemlər var. Düşünürəm ki, bu problemlərin həlli istiqamətində zəruri islahatlar gedəcək. Bu, zamanın  tələbidir. Çünki yerli idarəetmə orqanı, bələdiyyə demokratiyanın əsas atributlarından biridir. Bələdiyyələr də digər dövlət qurumları ilə yanaşı zamanın tələbinə uyğunlaşmalı, ölkənin inkişafı ilə ayaqlaşmalıdır. Onlar əhaliyə ən yaxın qurumlardır. Onların gücləndirilməsi insanlarımızın rifahının artırılmasında, onların yerli həyatda iştirakının artırılmasına, gücləndirilməsinə xidmət edəcək. Burada həm dövlət, həm də vətəndaşlarımız udacaq".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok