Modern.az

AXC-nin kəşfiyyat və əks-kəşfiyyat bölməsi necə yaradıldı... - TARİX

AXC-nin kəşfiyyat və əks-kəşfiyyat bölməsi necə yaradıldı... - TARİX

Ölkə

28 Mart 2024, 14:28

Bu gün Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi qeyd olunur. Azərbaycan təhlükəsizlik orqanlarının tarixini üç dövrə bölmək olar: Azərbaycan Xalq Cümhuriyyəti dövrü, Sovet dövrü və müstəqil Azərbaycan Respublikası dövrü.

 

Modern.az xəbər verir ki, Cəlal Qasımovun "Cümhuriyyətin təhlükəsizlik orqanları" kitabında AXC dövründə kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətindən bəhs edilir. Kitabdan bir hissəni diqqətinizə çatdırırıq:

 

Azərbaycan Xalq Cümhuriyyəti (AXC) öz müstəqilliyini elan etdikdən sonra dövlətin və dövlətçiliyin təhlükəsizliyini təmin etmək, yəni onu daxili və xarici təhdidlərdən qorumaq, baş verə biləcək terror-təxribat aksiyalarının qarşısını almaq, pozucu qüvvələri zərərsizləşdirmək üçün müstəqil xüsusi xidmət orqanının yaradılmasına böyük ehtiyac var idi. Daha doğrusu, Azərbaycanın müstəqilliyinə qarşı yönəlmiş qüvvələrin (denikinçilərin, ingilislərin, bolşeviklərin, ermənilərin və s.) təxribatpozuculuq fəaliyyətləri təhlükəsizlik orqanlarının yaradılmasının zəruriliyinin qaçılmaz olduğunu göstərirdi.

 

Lakin öz müstəqilliyini yenicə elan etmiş AXC-nin maddi imkanları, kadr potensialı, hələlik müvəqqəti paytaxt seçdikləri Gəncədə oturmaları və Bakıya daxil ola bilməmələri, mükəmməl təhlükəsizlik orqanı yaratmaq üçün ənənənin olmaması belə bir həyati əhəmiyyətə malik olan addımın reallaşmasına çətinlik törədirdi.

 

Bütün çətinliklərə baxmayaraq, Azərbaycan hökuməti Müdafiə Nazirliyinin nəzdində xüsusi xidmət orqanlarının funksiyalarını həyata keçirən bir bölmə yaratdı. “Kəşfiyyat və əks-kəşfiyyat” adlanan həmin qurumun nə zaman yaradılması barədə konkret məlumat olmasa da, mövcud arxiv materialları həmin bölmənin 1918-ci ildə yaradılması barədə mülahizə yürütməyə əsas verir. Həmin bölmə Müdafiə Nazirliyi təsis edildiyi dövrdən, daha dəqiq desək, S.Mehmandarov nazirlikdə rəhbər vəzifəyə təyin edildikdən bir qədər sonra yaradılmışdı. Hərbi nazir S.Mehmandarov 1919-cu il 29 mart tarixli 156 saylı əmrində göstərirdi ki, 19 aprel 1917-ci ildə baş parutçik rütbəsi almış Ağalarova Nazirlər Şurasının sədri Fətəli xan Xoyskinin 7 saylı sərancamı ilə 28 avqust 1918-ci ildə Əks-kəşfiyyat bölməsinin rəisi vəzifəsini müvəqqəti icra etmək tapşırılmışdır.

 

Maraqlıdır ki, 1918-ci il noyabrın 15-də təsis edilən Ümumi Qərargahın tərkibinə daxil olan 8 şöbədən biri General-kvartirmeyster şöbəsi adlanırdı. 1919-cu ilin mart ayının birinci yarısına kimi Ümumi Qərargahın tərkibinə daxil olan General-kvartirmeyster şöbəsinin rəisi vəzifəsini müvəqqəti olaraq Vasili Nikolayeviç Sokolov icra etmişdi. Kəşfiyyat və əks-kəşfiyyat bölməsi General-kvartirmeyster şöbəsinin strukturu daxilində fəaliyyət göstərirdi.

 

Göründüyü kimi, ilk xüsusi xidmət orqanı hələ 1918-ci ildən mövcud olmuşdur. Lakin AXC-nin xüsusi xidmət orqanlarının təşəkkül dövrü 1919-cu ilə təsadüf edir. Bu, ölkədə nisbi sabitliyin yaradılması, dövlət idarəçilik aparatlarının düzgün təşkili və ordu quruculuğu sahəsində həyata keçirilən islahatlarla bağlı idi.

 

Dövlət təhlükəsizlik sistemi tədricən genişləndirilir və mümkün vasitələrlə inkişaf etdirilirdi. Düşmənin Azərbaycandakı maraqlarını, çirkin siyasətini, eləcə də ölkədəki gərginliyi nəzərə alan AXC-nin parlamenti 1919-cu il fevralın 25-də “Hərbi Nazirliyin ştatları haqqında” qanun qəbul etdi. General-kvartirmeyster idarəsi yanında Əks-kəşfiyyat bölməsinin yaradılması da həmin ştatda öz təsdiqini tapdı. Ordunun təlim-tərbiyəsini, döyüş hazırlığını, təsərrüfat və təminat qayğılarını daha da gücləndirmək məqsədi ilə 26 mart 1919-cu ildə Ərkani-hərb (Baş qərargah) təsis edildi.

 

S.Mehmandarovun dəvəti ilə Krımdan gəlmiş, milliyyətcə tatar olan general-leytenant Məmməd bəy Aleksandroviç Sulkeviç (əsl adı Maçeybəy idi – C.Q.) martın 26-dan etibarən 147 saylı əmrlə Ərkani-hərbin rəisi kimi fəaliyyətə başlamış hesab edildi. Artıq 1919-cu ilin martında Hərbi Nazirliyin strukturu yeni formada dəyişdirilməyə başlandı. 

 

Daxili və xarici təxribatçılarla mübarizəni gücləndirmək məqsədi ilə 1919-cu il mart ayının 28-də Səməd bəy Mehmandarovun və Məmməd bəy Sulkeviçin birgə imzaladıqları 157 saylı əmrdə göstərilirdi ki, mart ayının 26-da Hərbi Nazirlikdə Baş Qərargahın Baş İdarəsi yaradılıb (əvvəllər Gəncə şəhərində olan bu idarə 1919-cu ilin iyul ayının 1-də Bakı şəhərində – Krasnovodsk və Merkuri küçələrinin kəsişdiyi yerdəki binada (indiki S.Vurğun küçəsi və Azərbaycan prospekti) yerləşdirildi). Həmin idarənin strukturuna daxil olan şöbələrdən biri General-kvartirmeyster adlanırdı. Bu şöbə aşağıdakı bölmələrdən təşkil olundu:

 

1. Əməliyyat-səfərbərlik,

2. Nizami-hesabat,

3. Kəşfiyyat və əks-kəşfiyyat,

4. Rabitə xidməti.

 

Hərbi nazir S.Mehmandarov aprel ayının 2-də AXC Nazirlər Şurasının sədrinə məruzəsində qeyd edirdi ki, kəşfiyyat və əkskəşfiyyatın əsas vəzifəsi “düşmən haqqında mümkün olan məlumatları toplamaq, xaricdə hərbi agenturalar yaratmaq, ölkənin daxilində isə casusluğa qarşı mübarizə aparmaqdan ibarətdir”.

 

“Kəşfiyyat və əks-kəşfiyyat”ın Hərbi Nazirlikdə yalnız bir bölmə olaraq fəaliyyət göstərməsi, eləcə də bu sahə üzrə peşəkar mütəxəssislərin, savadlı kadrların olduqca azlıq təşkil etməsi ictimaisiyasi həyatın bir çox sahələrində olduğu kimi əks-kəşfiyyat işini də genişləndirməyə və inkişaf etdirməyə nəinki imkan vermirdi, hətta mane olurdu. Çətinlik törədən amillərdən biri də bu bölmənin əməkdaşlarının sayca az olması idi. Belə ki, bu bölmənin ştatına uyğun olaraq onlar sayca 28 nəfər – bunlardan 1 nəfər rəis, 2 nəfər rəis köməkçisi, 2 nəfər kargüzar, 23 nəfər isə agent (əməkdaş) olmalı idi. Lakin bölmə kadrlarla tam komplektləşdirilmədiyindən bəzi vakant yerlər də qalmışdı. 

 

Azərbaycanı işğal etmək və ya özünə tabe etdirmək istəyən qüvvələrin, xüsusilə denikinçilərin 1919-cu ilin aprel ayında Dağıstana və Gürcüstana hücumu Zaqafqaziya, eyni zamanda Azərbaycan üçün də təhlükəli idi. Vəziyyətin ciddiliyini görən Azərbaycanın Xarici İşlər Nazirliyi denikinçilərin Dağıstana qarşı yürütdükləri irtica hərəkətlərini pisləyərək ingilis komandanlığından həmin işğalçı ordunun Dağıstanın hüdudlarından kənara çıxarılması üçün qəti və təcili tədbirlər görməsini tələb etdi. Denikin ordusunun Petrovsk (indiki Mahaçqala) və Dərbəndi işğal etməsinin AXC üçün ciddi təhlükə olduğunu nəzərə alan Azərbaycan parlamenti 1919-cu il mayın 26-da və iyunun 5-də fövqəladə iclas çağırdı. Həmin iclaslarda Azərbaycanın sərhədlərində yaranmış real təhlükə geniş müzakirə olundu. Azərbaycan hökumətinin atdığı cəsarətli addımlar Osmanlı dövləti ilə bağlanan Mudros müqaviləsinə əsasən Bakıya gəlmiş müttəfiq qoşunlarının komandanlığını da qətiyyətli olmağa vadar etdi. Bütün bunlara baxmayaraq, Denikin 1828-ci ildə Rusiya və İran dövlətləri arasında bağlanmış məlum Türkmənçay müqaviləsinin 8-ci bəndini əsas tutaraq bildirirdi ki, müqaviləyə əsasən yalnız Rusiyanın Xəzər dənizində hərbi donanma saxlamaq hüququ vardır. Ona görə də Azərbaycan donanmasının üçrəngli milli dövlət bayrağı altında Xəzər dənizində üzməsi yolverilməzdir.

 

Azərbaycan hökumətinin notalarına məhəl qoymayan denikinçi zabitlər Çar Rusiyasının mundirində Bakının küçələrini dolaşır, Denikinin xeyrinə təbliğatlar aparır (xüsusilə də ruslar arasında), ağqvardiyaçıları müdafiə edən könüllü ordunun sıralarını genişləndirir, təxribat törətmək və hərbi sirləri öyrənmək məqsədi ilə yenicə yaranmaqda olan Azərbaycan ordusunun tərkibinə daxil olurdular.

 

Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdi ki, həmin zabitlərin böyük əksəriyyəti Azərbaycan ordusunun hərbi sirlərini Denikinə verir. Belə ki, 1919-cu ilin aprelində Bakıda Denikin kəşfiyyatının rəisi, Baş Qərargahın zabiti Çernışov Azərbaycanın xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən həbs edilərkən (sonra o, ingilislərin təzyiqi ilə azadlığa buraxıldı – C.Q.) onun Azərbaycanın milli ordusunda Denikinin casusu kimi fəaliyyət göstərdiyi sübuta yetirilmişdi. Eyni zamanda əməliyyat tədbirləri nəticəsində Denikinin casus şəbəkəsində təmsil olunanların bir qisminin ingilis kəşfiyyatına da işləməsi müəyyən edilmişdi. Çernışovun yaşadığı mənzildə Azərbaycanın xüsusi xidmət orqanları tərəfindən aparılan axtarış zamanı Denikin kəşfiyyatının sxemi, onun tapşırıqları, məqsədi və proqramı, eyni zamanda gizli bolşevik təşkilatının işi, Azərbaycan ordusunun vəziyyəti barədə Denikinə ünvanlanmış çoxlu sayda məlumatlar tapılmışdı.

 

Bütövlükdə denikinçiləri Azərbaycanla bağlı aşağıdakı məsələlər maraqlandırırdı: silahlı qüvvələr, onların tərkibi, yerləşdiyi ərazi, silahla təchizatı, geyimi, nizamintizamı, sosial təminatı, döyüş və material ehtiyatları, hərbi xarakterli tədbirlər, ictimai rəy, xalqın “Vahid və bölünməz Rusiya” məsələsinə münasibəti, müxalifətin və hökumətin fəaliyyətinə, denikinçilərə qarşı mübarizə məsələlərinə münasibət və s. Bu cinayətkar qrupun fəaliyyəti ifşa edildikdən sonra Azərbaycan parlamenti 1919-cu il fevralın 26-da denikinçilərin dövlət işində və hərbi sahədə xidmət göstərmələrini qadağan etdi. Hərbi nazirin əmri ilə bir neçə hərbçi denikinçilərlə əlaqə saxladıqlarına və məlumatları onlara ötürdüklərinə görə ordu sıralarından xaric edildi. Azərbaycan hökumətinin ciddi cəhdlərindən sonra 1919-cu il martın 1-də könüllü ordunun qoşun hissələri də Azərbaycandan çıxarıldı. Lakin Denikin təhlükəsi hələ də mövcud idi.

 

Yaranmış təhlükə ilə əlaqədar Azərbaycan və Gürcüstan arasında iyunun 16- da Tiflisdə hərbi-müdafiə sahəsində müqavilə imzalandı və həmin ayın 27-də hər iki ölkənin parlamentində təsdiq edildi. Bu pakta görə, Denikin təcavüzünə məruz qalan tərəf müttəfiqindən silah-sursat və hərbi yardım ala bilərdi. Bu paktdan bir qədər sonra Gürcüstan Azərbaycana silahsursatla yardım etməyə və onun müəyyən hissəsini satmağa başladı.

 

Həmin hərbi-müdafiə müqaviləsinin 10-cu bəndinə əsasən, Ermənistan da iki həftə ərzində onlara qoşula bilərdi. Lakin ermənilər Denikinlə gizli ittifaqa girdi və təcavüzkar siyasətlərini həyata keçirmək üçün ağqvardiyaçılardan xeyli silah-sursat ələ keçirdilər. Azərbaycan Gürcüstan paktı ilə iki ölkə arasında münasibətlərin normal məcraya düşməsi və əlaqələrin inkişafı üçün münasib şərait yarandı. Denikinçilər bundan sonra da Azərbaycanın dövlətçiliyinə və ərazi bütövlüyünə qarşı qəsdlər törətməyə can atsalar da, buna nail ola bilmədilər.

 

Əks-kəşfiyyat xidmətinin fəaliyyətində hakimiyyətə can atan bolşevizmlə mübarizə də əsas yerlərdən birini tuturdu. Rusiyada bolşevik hökumətinin getdikcə güclənməsi onların Bakıda, Gəncədə, eləcə də Azərbaycanın digər bölgələrində dövlət əleyhinə fəallığını artırmışdı. Əks-kəşfiyyat bölməsinin əməkdaşları Azərbaycan silahlı qüvvələrinin sıralarına soxulmağa çalışan bolşeviklərə qarşı mübarizəni gücləndirsələr də, bu işin öhdəsindən layiqincə gələ bilmirdilər.

 

General-leytenant Məmməd bəy Sulkeviçin Baş Qərargaha gəlişindən sonra Baş Qərargahın Baş İdarəsinin yaradılması ona həvalə edildi. Üç bölmədən ibarət, mövcud General-kvartirmeyster şöbəsinin həmin idarəyə daxil edilməsi mümkündür…”.54 S.Mehmandarovu Azərbaycan xüsusi xidmət orqanlarının inkişaf etdirilməsi çox düşündürürdü. O, “respublikada müxtəlif hakimiyyət institutlarını, o cümlədən XİN, DİN və Hərbi Nazirliyi işə cəlb etməklə kəşfiyyat sisteminin”55 formalaşdırılmasına çalışırdı. Bu məqsədlə o, müvafiq plan da təklif etmişdi. Bu plana əsasən, təhlükəsizlik orqanlarının fəaliyyəti iki yerə ayrılırdı:

 

a) kəşfiyyat,

b) əks-kəşfiyyat.

 

S.Mehmandarov kəşfiyyat işini bir qədər geniş planda nəzərdə tutmuşdu. Belə ki, onun fikrincə, Hərbiyyə Nazirliyinin, Xarici İşlər Nazirliyinin və Sərhəd Xidmətinin strukturunda kəşfiyyat işi ilə məşğul olan müvafiq bölmələr (hərbi attaşe, səfirliklər, həmsərhəd ərazilər) yaradılmalı, əks-kəşfiyyat işi ilə isə Daxili İşlər Nazirliyi məşğul olmalı idi. Kəşfiyyat və əks- kəşfiyyat qurumları Dövlət Müdafiə Komitəsinə tabe edilməli idi. Səməd bəy Meymandarov təhlükəsizlik işi ilə məşğul olan ayrıca bir qurumun yaradılması fikrindən uzaq idi. O, bu işlə mövcud olan üç orqanın məşğul olmasının tərəfdarı kimi çıxış edirdi. Təhlükəsizlik məsələləri ilə bağlı S.Mehmandarovun planları həyata keçməsə də, bu həyati əhəmiyyətə malik məsələ dövlət rəhbərlərinin daim diqqət mərkəzində idi.

 

Azərbaycanda genişlənən bolşevizm təbliğatı Baş Qərargah rəisi M.Sulkeviçi də narahat etdiyindən mümkün müdaxilənin qarşısını almaq məqsədilə 1919-cu il 6 aprel tarixdə qarnizon rəislərinə belə bir göstəriş vermişdi: “Agentlərin verdiyi məlumatlara görə, bolşevik təşkilatları öz nümayəndələrinin Zaqafqaziya dəmir yolunun Qısanka stansiyasında keçirdiyi qurultayından sonra aşağıdakı qərara gəlmişlər:

 

1. “Könüllülərin Şimali Qafqaza hücumu ilə əlaqədar olaraq hərbi hissə və əhali arasında kommunizm təbliğatını gücləndirmək, onların ədəbiyyatla təminatı məsələsini Bakı təşkilatına həvalə etmək.

 

2. Azərbaycan hökumətini əksinqilabi (bəy, mülkədar hökuməti) kimi təqdim edən qüvvələr tərəfindən gənc əsgərlərin aqrar sahəyə cəlb edilməsi ilə əlaqədar təbliğatına qarşı əhali arasında əks təbliğat aparmaq.

 

3. Qoşunlar arasında təbliğat aparmaq məqsədi ilə xüsusi təşkilat yaratmaq.

 

Bu barədə qoşunlarda aparılan bolşevik təbliğatının müşahidəsi üçün bütün tədbirlərin görülməsini, vəzifəsi yalnız casusluqla deyil, eyni zamanda bolşevik təbliğatı ilə mübarizə olan Baş Qərargahın əks-kəşfiyyat bölməsinin işinin yüngülləşdirilməsi məqsədilə bütün baş verənlərlə əlaqədar mənə məlumat çatdırılmasını xahiş edirəm”.

 

Hərbi Nazirliyin rəhbərliyi Kəşfiyyat və əks-kəşfiyyat bölməsinin əldə etdiyi məlumatlara böyük diqqətlə yanaşırdı. Bu bölmə ölkədəki hərbi vəziyyəti nəzarətdə saxlamaq, mümkün təxribat-pozuculuq hallarının qarşısını almaq məqsədilə rəhbərliyi məlumatlandırmaq üçün yerlərdəki hərbi qurumlarla da lazımi ünsiyyət yaratmağa çalışır və onların vasitəsi ilə müəyyən informasiyalar əldə edirdilər. Bu da bölmədəki kadrların azlığı probleminin aradan qaldırılmasına, kəşfiyyat və əks-kəşfiyyat işinin düzgün qurulmasına kömək edirdi. AXC-nin həmsərhəd ölkələrdə olan diplomatik nümayəndələri də əldə etdikləri əməliyyat xarakterli məlumatları bəzən birbaşa, çox vaxt isə Xarici İşlər Nazirliyi vasitəsilə Hərbi Nazirliyə göndərirdi.

 

Hərbi Nazirliyin, eləcə də onun Kəşfiyyat və əks-kəşfiyyat bölməsinin həyata keçirdiyi tədbirlərə baxmayaraq, Azərbaycanda ictimai-siyasi vəziyyət yenə də gərgin olaraq qalmaqda idi. Bu vəziyyət Azərbaycan hökumətindən ciddi tədbirlərin həyata keçirilməsini tələb edirdi. Azərbaycan hökuməti, eləcə də Hərbi Nazirliyin rəhbərləri mövcud vəziyyətdən çıxış yolunu daha çox Hərbi Nazirliyin struktur bölmələrində dəyişikliklər aparmaqda, ordu quruculuğunu gücləndirməkdə görürdülər. Belə struktur dəyişiklikləri Baş Qərargah İdarəsində də aparılırdı.

 

Belə ki, S.Mehmandarovun 1920- ci il 17 fevral tarixli 105 saylı əmri ilə M.Sulkeviç tutduğu vəzifədən (bütövlükdə isə ordu sıralarından) uzaqlaşdırıldı və onun vəzifəsi general-mayor Həbib bəy Səlimova həvalə edildi. H.Səlimov milli ordunun struktur bölmələrinə yenidən baxdı və ciddi dəyişikliklərlə yeni bir layihə hazırlayıb Nazirlər Şurasına təqdim etdi. 1920-ci il mart ayının 1-dən etibarən həmin layihənin həyata keçirilməsinə Nazirlər Şurası razılıq verdi. Hərbi nazirin martın 2-də imzaladığı əmrlə təsdiq edilmiş strukturun icrasına başlanıldı. Həmin əmrə əsasən, Ümumi Qərargahla Ərkani-hərb bir qərargah adı altında birləşərək “Azərbaycan ordusunun qərargahı ümumisi” adlandırıldı və bu quruma rəhbərlik general-mayor Həbib bəy Səlimova həvalə olundu. “Azərbaycan ordusunun qərargahı ümumisi”nə bir neçə idarə daxil idi. Bunlardan biri də General-kvartirmeyster idarəsi adlanırdı. Bu idarəyə polkovnik Karqaleteli rəhbərlik edirdi. Karqaletelinin rəhbərlik etdiyi idarədə aşağıdakı bölmələr fəaliyyət göstərirdi:

 

1. Əməliyyat-kəşfiyyat bölməsi (rəisi polkovnik Hacıbəylinski).

2. Səfərbərlik bölməsi və məhəlli qoşunlar şöbəsi (rəisi polkovnik Seyfulin).

3. Nizami və ümumi bölmə (rəisi polkovnik-leytenant Maqrubov).

4. Hərbi əlaqələr(daşınmalar) bölməsi(rəisi rotmistr Xudaverdov).

5. Rabitə komandası.

 

Hərbi Nazirlikdə struktur dəyişikliklərinin və işdə müəyyən önəmli nəticələrin əldə edilməsinə baxmayaraq, bolşevik çevrilişi bu nazirliyin, o cümlədən Kəşfiyyat və əks-kəşfiyyat bölməsinin də fəaliyyətinə son qoydu.

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir