Modern.az

Dönərlərlə bağlı XƏBƏRDARLIQ - Əks halda daha çox adam zəhərlənəcək!

Dönərlərlə bağlı XƏBƏRDARLIQ - Əks halda daha çox adam zəhərlənəcək!

Ölkə

8 May 2024, 13:09

Ötən gün Zaqatalada onlarla şəxs dönərdən zəhərlənib. Onların arasında uşaqlar da var. Zəhərlənən şəxslərin hamısının şəhərin müxtəlif dönərxanalarında hazırlanmış dönər yedikləri bildirilib. Məlumata görə, şəhər ərazisində bir çox dönərxanaların fəaliyyəti dayandırılıb.

 

Baş Prokurorluq bildirib ki, ilkin ehtimallara əsasən, rayon sakinləri quş əti tərkibli qidadan zəhərlənib. Zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə iaşə obyektindən qida nümunələri götürülərək müvafiq ekspertizalar təyin edilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

 

Kütləvi zəhərlənmə ölkədə qida təhlükəsizliyi ilə bağlı yenidən müzakirələr başladıb. 

 

Mövzu ilə bağlı Modern.az-a danışan Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov bildirib ki, Zaqatalada baş verən hadisədə zəhərlənmənin mənbəyi xammaldan gəlir:

 

“Güman ki, zəhərlənməyə quş əti, orada ciddi çirklənmənin olması səbəb olub. AQTA araşdırma aparmalıdır, ancaq günahı istehlakçıda görməyə çalışacaq. Qida zəhərlənməsinin statistikası, qeydiyyatı düzgün aparılmır. Mükəmməl istehlakçı siyasəti formalaşmalıdır. İnsanların qəfil zəhərlənməsinə son qoyulmalıdır. Azərbaycanda qida zəhərlənmələri illərdir gizlədilir. Bu hələ AQTA yaranmazdan öncə başlayıb. AQTA-nın zamanın da isə davam edir. AQTA-nın saytına baxsaq görərik ki, qida zəhərlənməsinə görə Azərbaycan dünyanın ən xoşbəxt xalqıdır, ən az zəhərlənmə olan ölkədir".

O qeyd edib ki, insanlarımız heç də təhlükəsiz deyil:

 

"AQTA yarananda  çox sevinirdik. Düşünürdük ki, bu məsələlər həll olunacaq. Ancaq biz yenə də zəhərlənmələrə görə apteklərdə növbəyə duran istehlakçılar görürük. Dönərxanalarda problemlər var. Mən iki il AQTA-da İctimai Şuranın üzvü oldum. Məsələ qaldırdım ki, dönərxanlarda vəziyyəti düzəltmək  lazımdır. Mənim ictimai çıxışlarım AQTA-nın ironiyasına səbəb olur”.

 

Ekspert qeyd edir ki, dönərdən zəhərlənməyə təkcə ət səbəb olmur:

 

“Zəhərlənmə saxlanılma şəraitindın, mayonezdən, ora qarışdırılan digər məhsullardan qaynaqlanır. Mayonezlərin açıldıqdan sonra saxlanılma müddəti 4 saatdan artıq deyil. Biz görürük ki, mayonezlər ora açıq şəkildə gətirilir. Harada, necə hazırlandığı bilinmir. Bir gündən çox qalan dönərlərin saxlanılma şəraiti də məlum deyil. Dönərə elə bir nəzarət sistemi qurulmalıdır ki, bu gündən sabaha saxlanılmasın, və ya ondan düzgün istifadə olunsun. Təəssüf ki, Qida Təhlükəsizlik Agentliyinin çatışmayan cəhətlərindən biri budur ki, malların hansısa bir sənədi yoxdur ki, biz istehlakçılar arxayıq olaq. Bu bütün qida məhsullarına aidir. Ciddi çatışmayan məsələlərdən biri qanunlardakı boşluqdur. Qida Təhlükəsizlik Agentliyinin səlahiyyəti yoxdur ki, istənilən yerə cəld müdaxilə edə bilsin. Mütləq AQTA əsasnaməsinə dəyişiklik olmalıdır. Belə halda əlbəttə zəhərlənmələr çox olacaq. Bu davam da edəcək”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi