Modern.az

Səmərqənd sammiti göstərdi ki… - Deputatların şərhi

Səmərqənd sammiti göstərdi ki… - Deputatların şərhi

Parlament

15 Noyabr 2022, 16:20

Noyabrın 11-də Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşü önəmli məqamlarla yadda qaldı. Prezident İlham Əliyevin də iştirak etdiyi tədbirdə türk dünyası və ümumdünya siyasi prosesləri ilə əlaqədar önəmli mesajlar, bölgə üçün əhəmiyyətli qərarlar diqqət çəkirdi.

 

Zirvə toplantısının nəticələri barədə Modern.az-a danışan Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev söyləyib ki, Türk respublikaları arasında əməkdaşlığın və qarşılıqlı münasibətlərin möhkəmlənməsi nəinki həmin dövlətlərin, eləcə də digər xalqların və dövlətlərin inkişafı baxımından çox əhəmiyyətlidir. Çünki bu birlik, əməkdaşlıq başqa dövlətlərə qarşı hansısa blok yaratmaq, təsir və təcavüz etmək məqsədi daşımır. İqtisadi, mədəni, ticarət sahələrinin inkişafına, sülhün əmin-amanlığın təmin olunmasına xidmət edir:

 

 

"Türk Dövlətləri Təşkilatının yaradılması ali məqsədlərə yönəldilib və bu məram təşkilatın bu günlərdə Səmərqənddə keçirilən IX Zirvə toplantısında bir daha qeyd edilib. Məlumdur ki, Təşkilatın təkmil, mütəşəkkil,  işlək orqana çevrilməsində Azərbaycan olduqca maraqlıdır və bu təşkilatın təməlinin qoyulmasında, ona bir illik sədrlik edilməsi dövründə, eləcə də digər proseslərdə özünü aydın şəkildə göstərib.

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin zirvə görüşündəki çıxışı bilavasitə türk dövlətlərinin birliyinin möhkəmləndirilməsinə və dünyanın hər bir guşəsində yaşayan türkdilli xalqların hüquqlarının qorunmasına istiqamətlənmişdir. Çünki bu xalqların sayı 200 milyondan çoxdur. Onları eyni köklər, mədəniyyətlər və tarix birləşdirir. Onların birliyi, eyni mövqedən çıxış etmələri təhlükəsizliklərinin təmin edilməsi üçün vacibdir. Səmərqənddəki çıxışı zamanı Prezidentimiz bir daha xatırladıb ki, türk dünyası təkcə müstəqil türk dövlətlərindən ibarət deyil, onun coğrafi sərhədləri daha genişdir. "Hesab edirəm ki, Türk Dövlətləri Təşkilatının üzvləri olan ölkələrdən kənarda yaşayan soydaşlarımızın hüquqlarının təhlükəsizliyinin, milli kimliyinin qorunması, onların assimilyasiyaya uğramaması kimi məsələləri artıq təşkilat çərçivəsində daimi əsasda diqqətdə saxlamağın vaxtı gəlib çatıb".

 

Dövlət rəhbəri bu fikirləri söyləyərkən bilavasitə Azərbaycanın hüdudlarından kənarda yaşayan 40 milyondan çox azərbaycanlının əksəriyyətinin hüquqlarının pozulmasını nəzərə çatdırır və bu insanların gələcək taleyi haqqında düşünməyin vacibliyini bildirir. Harada yaşamalarından asılı olmayaraq Azərbaycanı sevən, azərbaycançılıq uğrunda mübarizə aparan soydaşlarımızın hüquqlarının qorunması, birliyinin təmin edilməsi və dünya ölkələrində məskunlaşan türkdilli  xalqların birgə platformasının yaradılması bu günümüzün reallığı, zamanın tələbidir. Başda Türkiyə və Azərbaycan olmaqla Türk Dövlətləri Təşkilatının timsalında artıq bu tələb həyata keçirilməkdədir".

 

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə isə xatırladıb ki, Türk dövlətləri zaman-zaman daha çox inteqrasiya etməyə, birgə layihələr həyata keçirməyə, dünya birliyində birgə çıxış etməyə səy göstərirlər. Deputatın fikrincə, bu, alqışlanmalı məqamdır:

 

"Regiondakı qonşu dövlətlərin, dünyanın hansısa hissəsində bir qrup dövlətin əməkdaşlıq etməsi bütün siyasi proseslərə təsir göstərir. Bu, türk dövlətlərinin birliyi olsa da, başqa dövlətlər də buna maraq göstərir. Məsələn, Macarıstan hər dəfə müşahidəçi qismində çıxış edir və türk dövlətlərinin özü üçün nə qədər önəmli olduğunu vurğulayır. Bu sammit bir daha göstərdi ki, türk dövlətləri daim bir-birinə dəstək verməyə, bir-birinİ anlamağa, əməkdaşlığa və köməkliyə hazırdırlar. Bu, olduqca önəmli məsələdir. Çünki hər bir dövlət zaman-zaman problemlərlə qarşılaşır. Həmçinin, türk dövlətlərinin iqtisadiyyatı daha çox inkişaf edir. Başqa dövlətlər bununla kooperasiya edə, məhsulunun dünya bazarına çıxarılması üçün iqtisadi səmərə əldə edə bilərlər".

 

 

Aydın Mirzəzadə bir daha vurğulayıb ki, Zirvə görüşü türk dövlətlərinin dünyada sülhün, əməkdaşlığın güclənməsində maraqlı olduğunu göstərib:

 

"Özləri də buna nümunə göstərirlər. Hansısa dövlət təşkilatın ancaq etnik zəmində qurulmasından narahat olmamalıdır. Dünyada bildiyimiz kimi rusdilli, ingilisdilli, hətta niderlanddilli ölkələrin təşkilatları var. Dünya bundan heç də narahat olmur. Sammit türk dövlətlərinin əməkdaşlığına, inteqrasiyasına müsbət təsir göstərdi. Hətta Özbəkistan prezidenti Şavkat Mirziyoyev sammitin hər il keçirilməsini təklif etdi. Bu nəzərdən keçirilə bilər. Sammit dünya mətbuatının diqqətində oldu. Xarici mətbuatda görüşlə, xüsusilə Prezident İlham Əliyevin çıxışı ilə əlaqədar xeyli material dərc edildi. Ölkə başçısının həm Azərbaycanın, həm dünyanın problemləri ilə əlaqədar parlaq çıxışı önəmli əhəmiyyət daşıyırdı. Bundan sonra da Türk dövlətlərinin sammiti dünyada diqqəti cəlb edən əhəmiyyətli hadisələrdən biri kimi yadda qalacaq".

 

 

Deputat Asim Mollazadənin sözlərinə görə, Azərbaycan üçün Türk dövlətlərinin birliyi həmişə mühüm əhəmiyyət kəsb edib. Azərbaycan çalışıb ki, türk dövlətlərinin əməkdaşlığına nail olunsun:

 

"Xatırlatmaq istəyirəm ki, məhz Naxçıvan bəyanatından sonra bu təşkilat formalaşmağa başlayıb. Səmərqənddə keçirilən Zirvə toplantısını yüksək qiymətləndirirəm. İlk növbədə ona görə ki, artıq Türk Dövlətləri Təşkilatının hərbi, müdafiə sahəsində əməkdaşlıq istiqaməti daha da genişləndi. Bundan öncə daha çox mədəniyyət, iqtisadiyyat sahələrini əhatə edən təşkilat artıq təhlükəsizlik, hərbi sənaye və s. sahələrdə əməkdaşlığı da prioritet sahə kimi qəbul etməyə başladı. Bu isə artıq təşkilatın gücünün təzahürüdür.


Bununla yanaşı, qeyd edim ki, Azərbaycan Prezidentinin verdiyi mesajların sonunda türk dövlətlərinin xaricində yaşayan türklərin hüquqları, onların öz dillərini, mədəniyyətlərini qorumaq imkanları bu təşkilat tərəfindən xüsusi vurğulandı. Bu istiqamətdə əməkdaşlıq önəm daşıyır. Milyonlarla Azərbaycan türkü öz dilində təhsil almaqdan, mədəniyyətini inkişaf etdirməkdən məhrum olub. Mənə elə gəlir ki, Türk Dövlətləri Təşkilatı bunun üçün də müəyyən addımlar ata biləcək.


Önəmli məqamlardan biri də ortaq İnvestisiya Fondunun yaradılmasıdır. Artıq Türk dövlətləri özlərində keçirilən müxtəlif layihələrin maliyyələşməsini bu fond sayəsində təmin edə biləcəklər. Bu da bizim əməkdaşlığımızı daha da sıxlaşdıracaq. Zəngəzur dəhlizinin açılması isə bütün bunların fonunda əhəmiyyətlidir".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi