Modern.az

Makronun erməni sevgisi Fransanı uçuruma aparır

Makronun erməni sevgisi Fransanı uçuruma aparır

Parlament

17 Noyabr 2022, 10:10

“Fransa Senatında Azərbaycana qarşı qəbul olunmuş qətnamə tamamilə qərəzli və qeyri-obyektivdir. Bu sənədin qəbul olunması Fransa rəhbərliyinin, o cümlədən parlament üzvlərinin maraqlarından irəli gəlir”.

 

Bu fikirləri Modern.az-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

 

Deputat bildirib ki, Fransada erməni diasporu və lobbisi çox fəaldır, onlar artıq siyasiləşib. Buna görə də, Fransa parlamentariləri bu ölkədə yaşayan ermənilərin səsini qazanmaq üçün belə bir qətnamə qəbul edib. Yəni bu, daxili auditoriyaya hesablanmış qərardır.

 

Onun fikrincə, Fransa siyasi elitasında şəxsi maraqlarını güdən insanlar unudurlar ki, Fransanın milli və qlobal  maraqları da var və bu maraqlara xidmət etmək lazımdır. Lakin Senatda qəbul olunmuş qətnamə Azərbaycan-Fransa münasibətlərinə xələl gətirir. 

 

Sevinc Fətəliyeva qeyd edib ki, Fransa rəhbərliyinin son vaxtlar artan ritorikası dövlət maraqlarına zərbə vurur: 

 

“Özünü “demokratiyanın beşiyi” kimi təqdim edən, ATƏT-in Minsk qrupunun həmsədri olmuş bu ölkənin təcavüzkar Ermənistanı dost və müttəfiq hesab etməsi, Ermənistana dəstək göstərməsi ilk növbədə Fransanın özünə zərbədir. Biz bilirik ki, həmsədr ölkə kimi Fransa heç vaxt ədalətli mövqe tutmayıb. Bütün dünya şahiddir ki, Ermənistan 30 il işğal altında saxladığı Azərbaycan torpaqlarında hansı vandalizm törədib. Amma Fransa bir dəfə də olsun Ermənistanı işğalçı siyasətə son qoymağa çağırmadı, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin yerinə yetirilməsini tələb etmədi. Əksinə, Azərbaycan 44 günlük Vətən müharibəsində torpaqlarını işğaldan azad etməklə Təhlükəsizlik Şurasının qətnamələrini icra edərkən Fransa açıq-aşkar şəkildə Ermənistana dəstək verdi. Demək olar ki, bu dövrdə Fransa gerçək simasını nümayiş etdirdi. İndiki şəraitdə də Fransanın bu mövqeyi, Senatın qəbul etdiyi qətnamə Azərbaycanla Ermənistan arasında normallaşma prosesinə ziyan vurur. Eyni zamanda, beynəlxalq hüquqa hörmətsizliyin nümayişi olan bu sənədi qəbul etməklə Fransa normallaşma prosesində vasitəçi ola bilməz”.  


Deputat onu da vurğulayıb ki, Fransa prezidenti Emanuel Makron özünü sülh tərəfdarı kimi göstərməyə çalışır:

 

“Məsələn, Ukrayna və Rusiya arasında vasitəçilik etməyə çalışır. Amma Azərbaycanla Ermənistanın münasibətlərinin normallaşması prosesinə əngəl yaradan mövqe ortaya qoyur. Yəqin ki, onun şəxsi ambisiyaları çoxdur. Ona görə də, belə populist addımlara, oyunlara əl atır”.

 

Qeyd edək ki, noyabrın 15-də Fransa Senatı Azərbaycana qarşı sanksiyaların tətbiqi ilə bağlı qətnamə qəbul edib. Qətnamədə Azərbaycandan qaz və neft tədarükünə embarqonun tətbiqi imkanlarına baxılması təklifi yer alıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi