Modern.az

APA-nın plenar sessiyasının ilk gününə yekun vuruldu

APA-nın plenar sessiyasının ilk gününə yekun vuruldu

22 Fevral 2024, 20:14

Fevralın 22-də Bakıda Asiya Parlament Assambleyasının (APA) 14-cü plenar sessiyası öz işinə başlayıb.

 

Modern.az xəbər verir ki, “Asiyada dayanıqlı inkişaf naminə regional əməkdaşlığın gücləndirilməsi” mövzusuna həsr olunan sessiyada 40-dək ölkənin parlament nümayəndə heyəti, o cümlədən 10-a yaxın ölkənin spikeri, habelə bir sıra beynəlxalq parlament təşkilatlarının rəhbərləri və təmsilçiləri iştirak edirlər.

 

Sessiyanın açılışında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

 

Sonra tədbirdə Asiya Parlament Assambleyasının Baş katibi Mohammad Reza Majidi çıxış edib. Baş katib sessiyanın yüksək səviyyədə təşkilinə və qonaqpərvərliyə görə Azərbaycan Milli Məclisinə təşəkkürünü ifadə edib. O, Asiya Parlament Assambleyasına sədrliyin növbəti iki il üçün Türkiyədən Azərbaycana keçdiyini söyləyib. Baş katib Azərbaycanın sədrliyi ilə Asiya Parlament Assambleyasının gələcək fəaliyyətində uğur qazanacağına inamını ifadə edib.

 

Tədbirdə çıxış edən Türkiyə Böyük Millət Məclisinin və Asiya Parlament Assambleyanın fəaliyyətdə olan sədri Numan Kurtulmuş APA-nın 14-cü sessiyasının uğurla keçəcəyinə, Asiya dövlətləri arasında həmrəyliyin daha da inkişafına töhfə verəcəyinə ümidvar olduğunu bildirib. O, bu gün dünyada mürəkkəb proseslərin baş verdiyini söyləyib və belə bir zamanda Asiya Parlament Assambleyasında müzakirəyə çıxarılan məsələlərin sülh və sabitlik şəraitində inkişafa xidmət edəcəyini deyib. N.Kurtulmuş Asiyada tərəqqiyə, yüksəlişə nail olmaq üçün APA çərçivəsində birgə səylərin vacibliyini qeyd edib.

 

TBMM-in sədri çıxışının sonunda Asiya Parlament Assambleyasına sədrliyi Türkiyədən Azərbaycana təhvil verildiyini vurğulayıb.

 

Milli Məclisinin sədri Sahibə Qafarova növbəti iki il üçün Asiya Parlament Assambleyasına sədrliyi qəbul edib.

 

Tədbirdə çıxış edən S.Qafarova Türkiyə Böyük Millət Məclisinin təşkilata uğurlu sədrliyini vurğulayıb. Deyib ki, son illərdə görülən işlər parlamentlərarası əməkdaşlığın inkişafı üçün əhəmiyyətli olub.

 

O bildirib ki, bu gün humanitar böhranlar, münaqişələr, yoxsulluq, iqlim dəyişikliyi ilə yanaşı, ayrı-seçkilik, irqçilik, ksenofobiya və islamofobiyanın artması kimi aktual problemlər Asiya regionuna da mənfi təsir göstərir. Bütün bu çağırışlar ayrı-ayrılıqda deyil, yalnız kollektiv, birgə səylərlə həll edilə bilər. Bu, bölgəmizdə sülh, təhlükəsizlik, sabitlik və davamlı inkişaf üçün də keçərlidir.

 

Parlamentin sədri daha sonra qeyd edib ki, Asiyanın əməkdaşlıq, dialoq və həmrəylik baxımından təklif edəcəyi çox şey var. Bu mənada, Asiya Parlament Assambleyası bu məqsədlər üçün mühüm çoxtərəfli platformanı təmsil edir.

 

Diqqətə çatdırılıb ki, Azərbaycan parlamenti APA-nı mühüm qurum kimi qiymətləndirir. APA-nın fəaliyyəti parlamentlərarası dialoqu dərinləşdirməyə hazır olduğumuzu əks etdirir. APA ilə digər parlament təşkilatları arasında əməkdaşlığın inkişafından danışan S.Qafarova qeyd edib ki, bu, Assambleyanın qlobal parlament diplomatiyasında səmərəli iştirakına kömək edəcək.

 

Bildirilib ki, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi APA-da müşahidəçi statusu alıb. Bu iki qurum arasında əməkdaşlıq parlament diplomatiyasının inkişafına xidmət edəcək.

 

Milli Məclisin sədri, həmçinin diqqətə çatdırıb ki, Azərbaycan Asiya ölkələri ilə həm ikitərəfli, həm də çoxtərəfli əsasda əməkdaşlığın inkişafına böyük əhəmiyyət verir. O, həmçinin bəşəriyyəti narahat edən iqlim dəyişikliyi probleminə də toxunub, Azərbaycanın bu il COP29-e ev sahibliyi edəcəyini vurğulayıb. Deyib ki, bu, Azərbaycanın iqlim dəyişikliyi sahəsində beynəlxalq səyləri dəstəkləməyə sadiqliyinin təzahürüdür.

 

Tədbir iştirakçılarına Cənubi Qafqazda bütün regionda sülhə və sabitliyə təsir edən mövcud vəziyyət barədə də məlumat verilib.

 

S. Qafarova Asiya Parlament Assambleyasının əməkdaşlığın inkişafı və ümumi məqsədlərin reallaşması üçün platforma rolunu davam etdirəcəyini inamını bildirib.

 

Sonra sessiyada quruma üzv ölkələrin nümayəndə heyətlərinin rəhbərləri, o cümlədən Bəhreyn Nümayəndələr Şurasının sədri Əhməd Əlmusalam, İraq Nümayəndələr Şurasının sədri Mohsin Ali Akbar Al-Mandalavi, Maldiv Xalq Məclisinin sədri Mohamed Aslam, Şri Lanka Parlamentinin sədri Mahinda Yapa Abeyvardana, Tacikistan Ali Məclisin Nümayəndələr Palatasının sədri Mahmadtoir Zokirzoda, Tailand Milli Assambleyanın və Nümayəndələr Palatasının sədri Vanmuhamadnor Mafa, Oman Şura Məclisinin sədri Xalid Hilal Nasir Al Maavali, Ərəb Parlamentinin sədri Adel Bin Abdul Rahman Əl-Asumi və digər parlamentlərin təmsilçiləri çıxış edib, mövzu ilə bağlı fikirlərini açıqlayıblar.

 

Çıxışlarda region ölkələri arasında hərtərəfli əməkdaşlığın inkişafı, tərəflər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsinin vacibliyi bildirilib. Regionda və dünyada sülhün bərqərar edilməsi, beynəlxalq terrorizm, separatçılıq, ekstremizmə qarşı mübarizədə birgə səylərin göstərilməsinin əhəmiyyəti qeyd olunub.

 

Tədbir iştirakçıları regional və ikitərəfli əməkdaşlığın gücləndirilməsi, iqtisadi, sosial və mədəni inkişafa səy göstərilməsi, elm, texnologiyalar, təhsil və mədəniyyət sahələrində qarşılıqlı əlaqələrin genişləndirilməsi, informasiya mübadiləsinin əhəmiyyəti barədə fikirlərini bölüşüblər.

 

Fasilədən sonra sessiya öz işini davam etdirib.

 

Tədbir çərçivəsində qurumun İqtisadiyyat və davamlı inkişaf, Büdcə və Planlaşdırma, Sosial və mədəni məsələlər, Siyasi məsələlər üzrə daimi komitələrinin iclasları keçiriləcək.

 

Komitə iclaslarında ətraf mühit, iqtisadi artım üçün səylərin təmin edilməsi, yoxsulluğun aradan qaldırılması, dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsinin dəstəklənməsində APA parlamentlərinin rolu, iqlim məsələləri, Asiyada mədəni müxtəlifliyin təşviqi və mədəni irsin qorunması, Asiyada davamlı cəmiyyət üçün uşaq və gənclərin inkişafının təşviqi və bir sıra digər məsələlərlə bağlı qətnamə layihələri müzakirə olunacaq.

 

Sessiyanın sonunda Bakı Bəyannaməsinin və APA-nın 14-cü plenar iclasının yekun hesabatının qəbulu nəzərdə tutulub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü