Modern.az

Bu gün qalib xalq kimi tarixi anlar yaşayırıq!

Bu gün qalib xalq kimi tarixi anlar yaşayırıq!

Parlament

19 Mart 2024, 14:42

Cənab Prezident dünən Xankəndidə Novruz tonqalı alovlandırdı və oradan Azərbaycan xalqını təbrik etdi. Suverenliyi bərpa olunmuş Azərbaycanın hər yerində ilk dəfə olaraq bayram tonqalı qalandı. Ümumilikdə isə azad olunan torpaqlarımızda artıq 4-cü dəfədir ki, biz bayram tonqalının sevincini yaşayırıq. 2021-ci ildə Şuşada, 2022-ci ildə Suqovuşanda, keçən il Talış kəndində, bu dəfə isə Xankəndi şəhərində bayram tonqalı yandı.

Biz hamımız İkinci Qarabağ müharibəsindən sonra özümüzü qürurlu hiss edirik. Fəxr edirik ki, ədaləti özümüz bərpa etdik, torpaqlarımızı işğalçılardan təmizlədik. Azərbaycan xalqı İkinci Qarabağ müharibəsi zamanı və antiterror əməliyyatı nəticəsində böyük qəhrəmanlıq göstərərək, ölkəmizin ərazi bütövlüyünü tamamilə təmin edib.

Cənab Prezident Xankəndidə xalqı təbrik etməklə yanaşı, bir sıra məqamlara da toxundu. Onun da qeyd etdiyi kimi, 2020-ci ildə baş verənlərdən Ermənistan nəticə çıxarmadı. İkinci Qarabağ müharibəsinin nəticələri Ermənistana dərs olmadı. Əgər dərs olsaydı, antiterror əməliyyatının keçirilməsinə ehtiyac olmazdı. Azərbaycan başqa bir addım atmaya bilməzdi. Biz hansı yolla olur olsun, torpaqlarımızı azad etməli idik. 2023-cü ildə Azərbaycan işğala son qoydu.
Biz bu 3 ildən artıq bir dövrdə çox sürətli proseslərin getdiyinə şahidlik etdik. Ermənistanla şərti sərhəddə, o cümlədən Laçında Azərbaycan Dövlət Sərhəd Xidmətinin qoşunları yerləşdirildi.

Ötən il heç birimizin ağlına gəlməzdi ki, ümumiyyətlə Xankəndi bizim olacaq, Azərbaycan Prezidenti Xankəndidə səs verəcək, orada tonqal yandıracaq.

Bu gün isə işğaldan azad olunmuş bütün ərazilərdə Azərbaycan bayrağı dalğalanır. İndi biz azad edilmiş Qarabağda başımızı dik tutaraq yaşayırıq.

Xankəndi şəhərinin əsas meydanı “Zəfər meydanı” adlandırılır. Şuşada separatçıların qondarma parlament binasının yerində indi beşulduzlu “Şuşa” oteli yerləşir.  

Ermənistan bu hadisələrdən ciddi nəticə çıxarmalıdır. Cənab Prezidentin qeyd etdiyi kimi, biz heç zaman olmadığı qədər sülhə yaxınıq. Bu o deməkdir ki, bizim sülh müqaviləsi imzalamaq imkanımız var. Ermənistan əgər nəticə çıxarmasa, problemləri yaşamaqda davam edəcək.
 

Ceyhun Məmmədov,
Milli Məclisin deputatı

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü